AZ EN RU

“Ziyalı görüşü” layihəsinə start verilib

    Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Ziyalı görüşü” layihəsinə start verilib. Layihə çərçivəsində ilk olaraq gənclərin akademik Tariyel Talıbovla görüşü təşkil olunub. Görüş Zəngəzur Milli Parkının Batabat ərazisində keçirilib. 
    Tədbirdə əvvəlcə fondun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadə çıxış edərək bu cür layihələrin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, belə layihələr yolu ilə gənclər ziyalılarla bir araya gəlməklə öz biliklərini, dünyagörüşlərini artırmış olur, eyni zamanda onları maraqlandıran suallara ətraflı cavab tapa bilirlər. 
    Sonra layihənin qonağı, Əməkdar elm xadimi, akademik Tariyel Talıbov çıxış edərək diyarımızın biomüxtəlifliyinə daxil olan flora və faunanın nadir növləri, onların müasir vəziyyəti ilə bağlı gənclərə ətraflı məlumat verib. 
    Akademik Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olduğunu deyərək ekologiyamızın qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, biomüxtəlifliyin mühafizəsi və bərpa edilməsində, təbii mühit unikallığının, nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu olduqca böyükdür.
    Bildirilib ki, muxtar respublikanın təbiəti, heyvanlar aləmi, həmçinin ərazidəki onurğalı və onurğasız heyvan növləri öyrənilir, regionda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növləri qorunur, onların mühafizə yolları araşdırılır. Bundan əlavə, flora və faunaya dair kitab və monoqrafiyalar, habelə Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabları hazırlanıb nəşr olunur.
    Tədbirdə gəncləri maraqlandıran suallara da aydınlıq gətirilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 01.09.2023 19:20