AZ EN RU

Zeynəddin kəndində Novruz böyük təmtəraqla keçirilir

Novruz ürəklərdə saf duyğuların oyanması, yaxınların yad olunması, kin-küdurətin aradan qaldırılması, arzuların qanadlandığı, qəlbləri ilhamlandıran  bayramdır.

Bu bayram günü muxtar respublikanın  hər yerində olduğu kimi Babək rayonunun Zeynəddin kəndində də böyük sevinc və fərəhlə qeyd olunur. Biz də bayramı kənd sakinləri ilə bir qarşılamaq üçün  hava qaralana yaxın yol aldıq Zeynəddinə.  Burada bayram günü kənd  ağsaqqalları, ağbirçəkləri, bir sözlə, kiçikdən-böyüyə hər kəs toplaşıb bayramı bir yerdə keçirir. Kənd mərkəzində qalanan tonqalın alovu isə ətrafa  şölə saçırdı. Uşaqlar sağa-sola qaçıb bayram sevincini yaşayır, kəndin qız-gəlinləri pay tutaraq al-əlvan xonçalar bəzəyib tonqal  başına yığışır,  uşaqdan-böyüyə hər kəs  şən mahnılar səsləndirirdilər.  Bayramın ən sevimli adətlərindən biri yumurta toqquşdurulması bu yaşayış məntəqəsində də unudulmayıb.  Ənənəyə uyğun olaraq kənd meydanında qalanmış tonqalın üstündən üç dəfə hoppanaraq  “Ağırlığım, uğurluğum odlara, yazda mənlə hoppanmayan yadlara” deyərək köhnə ağırlıqlarını öz üstlərindən atırlar. Bayram günü süfrələrə növbənöv  şirniyyatlar  düzülür. Gün dönənə yaxın isə  uşaqlar bir araya gəlib, qapı-qapı gəzirlər, papaq atırlar. Gənclər isə niyyət edib qulaq falına çıxırlar.  Bir sözlə, Zeynəddində də bayram böyük coşquyla adət-ənənəyə uyğun keçirilir. 

Biz də  Zeynəddinlilərin timsalında bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, daim birlik və bərabərlik ideyaları altında yaşamağı diləyirik. Qoy bu bayram günü ölkəmizə sülh, əmin-amanlıq, evlərimizə xoşbəxtlik gətirsin, ocağımız yanar, süfrəmiz isə bol-bərəkətli olsun!   

Bülbül QULİYEVA

Nəşr edilib : 15.03.2024 16:24