AZ EN RU

Zərrə-zərrə əldə edilən nailiyyətlər gələcəyimizin təminatıdır

    Bu gün bütün sahələrdə texnologiyanın sürətli inkişafı günün tələbidir. Ya bu texnoloji yeniliklərlə ayaqlaşmalı, ya da satirik şairimiz Mirzə Ələkbər Sabirin dedikləri ilə razılaşmalıyıq: “Dindirir əsr bizi – dinməyiriz”. 
    Günümüzdə texnologiya sahəsində elə sürətli tendensiya ilə inqilabi yeniliklər baş verir ki, bu bir çoxlarımızı təəccübləndirməyə bilməz. Buna görə də əksər hallarda fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, modern texnologiyaya bələdliyimiz əsas şərtlərdən birinə çevrilir. Elə bu günün tələbəsi, gələcəyin həkimi olan Naxçıvan Dövlət Universitetinin III kurs Tibb ixtisasının tələbəsi Əli Ələkbərli kimi. 
    Bizim Əli ilə münasibətimiz 2021-ci ildən başlayıb. Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında çalışdığım dönəmlərdə mütəmadi kitabxanadan istifadə edən savadlı və olduqca potensiallı gənclər müşahidə olunurdu. Əli bu gənclərdən bir az başqa istedadları ilə fərqlənirdi. 
    Əli 2004-cü il iyunun 6-da Şahbuz rayonunda sadə bir ailədə dünyaya göz açıb. İbtidai sinfə Badamlı kənd tam orta məktəbində başlasa da, VII-IX sinfləri Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə başa vurub. Daha sonra Badamlı kənd tam orta məktəbində təhsilini davam etdirən Əli 2021-ci ildə 550 balla Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibb ixtisasına qəbul olub. V sinifdən kompüterlə işləməyə böyük həvəsi yaranan Əli zaman keçdikcə bu sahədə araşdırmalara marağı daha da artıb. 
    Hələ 2020-ci ildə, orta məktəbin XI sinfində oxuyarkən Naxçıvan Muxtar Respublikası üzrə keçirilən fənn olimpiadalarında kimya fənnindən II yerin qalibi olub Əli.
    2022-ci ildə Azərbaycanda ilk dəfə baş tutan tullantıların azaldılması və təkrar emalı üzrə “Recylacton” hakatonunda Naxçıvan Muxtar Respublikasından yarımfinal mərhələsinə vəsiqə qazanan komandada ideya, layihə konseptinin qurulması və software proqramçısı olaraq iştirak edib, 197 komanda arasından seçilərək Azərbaycan üzrə II yerə layiq görülüb. O eyni zamanda robotex Türkiyə, regional final yarışmasında səhiyyə texnologiyaları üzrə Azərbaycanı təmsil edən yeganə komandada developer və layihələrin qurulmasında vacib rol oynayıb və nəticədə, layihə I yerin qalibi olub. 
    Azərbaycanda keçirilən Enactus proqramının, beynəlxalq 1R40 yarışı üzrə ideya və prototipləşdirmə layihəsi “ZeroPolliten” Azərbaycandan yeganə olaraq bir sonrakı mərhələyə seçilən 12 layihədən biri olub.
    Əlinin müəllifi olduğu, “Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun təbii su qaynaqlarının mikrobioloji və biokimyəvi qiymətləndirilməsi” və ortaq müəllifi olduğu “Adi badam bitkisinin çiçək tozcuqlarında flavonoid miqdarının spektrofotometrik təhlili və biomarkerlərin müəyyənləşdirilməsi” elmi məqalələri yerli və xarici nüfuzlu elmi jurnallarda nəşr edilib.
    2023-cü ildə keçirilən Gənc Alimlərin və Tibb Tələbələrinin Beynəlxalq Konqresində Tibbi innivasiya məqaləsinə görə mükafat alıb və Çində keçirilən İpək Yolu ölkələrinin iştirak etdiyi tədbirdə biomühəndislik və innovasiyalar sahəsi üzrə verdiyi layihə ölkəmizi təmsil edən yeganə layihə olub. 
    2023-cü il 19-22 avqust tarixlərdə Çinin Chonqing şəhərində bakalavrların IX Beynəlxalq Təməl Tibb Fənlərində İnnovasiya və Eksperimental Dizayn Forumunda Əli öz layihəsi olan “Səhiyyə sistemi üçün innovasiya – yeni model simsiz EKQ” mövzusunda çıxış edərək II yerə layiq görülüb və gümüş sertifikat qazanıb. 
    O, gt.nsuenactus.com və I Beynəlxalq Tibb Forumunun satını, həmçinin inkisafqapisi.info və Azərbaycanda ilk oxu qeydiyyat platforması olan kitablardanpiciltilar.com veb-saytını hazırlayıb. O həmçinin Naxçıvan Dövlət Universitetinin “Ebook” mobil aplikasiya platformasını hazırlayıb ki, bu platformada Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalı yer alan multifunksional platformadır. Platforma onlayn və oflayn oxuma, yaddaşa qənaət xüsusiyyətlərinə görə Azərbaycan universitetləri arasında bir ilkdir. Həmçinin o, Naxçıvan Dövlət Universitetinin tələbələri olan Elsun Cəfərov və İslam İsmayılov ilə birlikdə hazırda test mərhələsində olan yeni nəsil EKG Lot idarə sistemli cihazı hazırlayıb.
    Əlinin vitse-prezidenti olduğu Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 2023-cü ildə “Enactus Azərbaycan” Milli Yarışında iştirak edib. Həmin komanda Azərbaycan üzrə I yerin qalibi olub və oktyabr ayında Niderland krallığının Utrext şəhərində keçirilən çempionatda Azərbaycanı təmsil edib.
    Biomühəndislik və tibbi genetika sahəsinə həddən ziyadə maraq göstərən Əlinin uğurları bitib-tükənmək bilmir. O hər gələn sabaha keçən dünənindən daha da mətin addımlarla sonsuz qapılar açır. Biz də ümid edirik ki, Əli Türk dünyasının fəxri, Nobel mükafatçısı Əziz Səncərin ardıcılı olacaq, arzu etdiyi sahələrdə yeniliklərə imza ataraq Azərbaycanın, yaşadığı Naxçıvan torpağının qürur mənbəyi olacaq.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 03.02.2024 14:30