AZ EN RU

Zərifə Əliyeva: bir zəriflik simvolu-mənəviyyat örnəyi

Mənəvi keyfiyyətləri, mənalı ömür yolu, şərəfli peşə fəaliyyəti ilə milyonların qəlbində özünə əbədi heykəl ucaldan nurlu şəxsiyyətlərin həyat səhifələrini vərəqləyərkən zaman məfhumu sanki mövcudluğunu itirir. Üzərlərinə götürdükləri nəcib missiya ilə xalqının mənəvi-intellektual potensialının daşıyıcısına çevrilən belə insanlar yaşadıqları zamanın fövqünə qalxır, milli inkişaf və tərəqqi naminə misilsiz xidmətlər göstərirlər. Onlar ucaldıqları zirvəni qeyri-adi əməksevərlikləri, intəhasız ürək genişliyi, təmənnasız xeyirxahlıqları, səmimi hiss və duyğuları, fitri istedad, nadir bilik və qabiliyyətləri sayəsində fəth edirlər.

Həyat və yaradıcılığı mənəviyyat, kamillik, müdriklik örnəyi olan akademik Zərifə Əziz qızı Əliyeva da bu gün məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır.

Bəli, 101 illik ömür yolunu qeyd etdiyimiz Zərifə xanım Əliyeva Günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi.

Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş, ana adını uca tutmuş, qadına dərin hörmət bəsləmişdir. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız ən müxtəlif dönəmlərdə məqsədyönlü fəaliyyət göstərərək xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini vermişlər. Bu mənada, Zərifə xanım Əliyeva da Azərbaycan qadınına xas yüksək humanizmi, həssaslığı, əxlaqi dəyərləri, insanpərvərlik keyfiyyətlərini, təşəbbüskarlığı parlaq şəxsiyyətində cəmləşdirən, hələ sovetlər birliyi dövründə respublika qadın hərəkatının önündə gedən nüfuzlu ziyalılardan biri olmuşdur. O, cəmiyyətdə daim fəal mövqe tutan ziyalı kimi respublika qadınlarının təşkilatlanması, milli məqsədlər naminə səfərbər olunması üçün əlindən gələni əsirgəməmiş, gender tarazlığının qorunmasına çalışmışdır.

Bütün bunlardan savayı, Zərifə xanım Əliyevanın parlaq siması göz önündə həm də qayğıkeş, sədaqətli həyat yoldaşı, mehriban ana, nəcib qadın kimi canlanır. Nurani gözəllik, yüksək zəka, əməksevərlik, mehribanlıq, həssaslıq, səmimiyyət, xeyirxahlıq, kübarlıq, yüksək mənəviyyat – bütün bunlar Zərifə xanıma xas ali keyfiyyətlərin heç də tam olmayan siyahısıdır. Zərifə xanım, bütövlükdə, müasir tariximizə əbədi həkk olunan mənalı ömür yaşamış, fədakar əməyi, çalışqanlığı, tədqiqatçılıq əzmi ilə tibb elminin ən uca pillələrinə – akademiklik zirvəsinə ucalmış, məsuliyyətli, eyni zamanda nümunəvi həyat yolu keçmişdir.

Akademik Zərifə Əliyevanın ömür yolunun ayrı-ayrı səhifələrinə nəzər saldıqca həyatının hər sətri bizə görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin adına, ocağına layiq övladın, fədakar ananın, ömür-gün yoldaşının, insana xas ən ali keyfiyyətləri şəxsiyyətində bir araya gətirmiş əsl Azərbaycan qadınının, xalqını, Vətənini canı qədər sevən gözəl ziyalının, təbabət elminə böyük töhfələr vermiş, yüzlərlə insanın gözlərinə işıq bəxş etmiş dünya şöhrətli oftalmoloq-alimin həyat hekayəsindən danışır.

Görkəmli Azərbaycan ədibi İlyas Əfəndiyev vaxtilə yazırdı ki, hər bir insanın tale yolu, yaradıcılıq qabiliyyəti onu əhatə edən mühitə, məkana və zamana bağlıdır”. Yəni hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühit və ailə dəyərləri sözünü deyir. O, 1923-cü ilin bir yaz günündə – aprelin 28-də görkəmli ictimai-siyasi xadim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin ocağında dünyaya göz açmışdı. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olan atası Əziz Əliyev ictimai borcunu dərindən dərk edərək daim xalqına ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə çatdırmışdır. Geniş ensiklopedik biliyə malik Əziz Əliyev övladı Zərifə xanımı da yüksək mənəvi-etik dəyərlər ruhunda tərbiyə etmişdir.

Tanınmış oftalmoloq-alimlər xatirələrində qeyd edirlər ki, Zərifə xanım Əliyeva yeniliyi və orijinallığı ilə fərqlənən maraqlı mühazirələri ilə hamının dərin rəğbətini qazanmışdır. O, səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə böyük əmək sərf etmişdir. Akademikin birbaşa rəhbərliyi altında gənc alimlərin və oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım Əliyeva tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara böyük həvəslə elmi biliklər aşılamışdır.

İctimai işlərdə də fəal şəkildə iştirak edən Zərifə xanım Əliyeva uzun müddət Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. O, vaxtının azlığına rəğmən, dəvət edildiyi bütün tədbirlərdə iştirakı özünə sadəcə, mənəvi, borc bilirdi. İnsani keyfiyyətləri, hər bir məsələni incəliyi ilə qiymətləndirmək bacarığı, sadə adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə ona böyük kömək göstərirdi.

Zərifə xanım və onun həyat yoldaşı görkəmli dövlət xadimi Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş, peşəkar siyasətçi, istedadlı dövlət xadimi kimi yetişdirdikləri övladına ötürüblər. Bu gün Azərbaycan xalqı – dünya azərbaycanlıları cənab İlham Əliyevlə haqlı olaraq fəxr edir. Bu fəxarət hisslərində eləcə də onu dünyaya gətirib boya-başa çatdırmış soy-kökə, layiqli övlad kimi tərbiyə etmiş Zərifə anaya dərin minnətdarlıq duyğuları var. Onunla bağlı hadisələr yaddaşların dərin qatlarından üzə çıxdıqca bu bənzərsiz insanın işıqlı obrazı mənəviyyat tariximizin örnəyinə çevrilir.

Bu gün istər Ulu Öndər Heydər Əliyevin, istərsə də ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bərabər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Yüksək mənəvi keyfiyyətləri öz şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi, zəriflik rəmzi – mənəviyyat örnəyi Zərifə xanım Əliyeva olmuşlar.
Analıq kimi ali missiya da Zərifə xanımın şəxsində özünün yeni bir parlaq nümunəsini qazandı. Onunla Heydər Əliyevin müqəddəs ailə ocağında dünyaya gələn Sevil xanım Əliyevanın şəxsində çağdaş Azərbaycan qadınlığının son dərəcə nəcib, dəyərli obrazını görürük. Bu möhtəşəm ailənin ikinci övladı olan cənab İlham Əliyev isə Azərbaycanı yeni yüksəliş mərhələsinə yüksəldən görkəmli siyasi lider, müdrik dövlət xadimi, torpaqlarımızı işğaldan qurtaran Müzəffər Ali Baş Komandanımızdır.

Çox təəssüf ki, amansız ölümün əlimizdən erkən aldığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı, Ulu Öndər Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin, heç şübhəsiz, onun işıqlı ruhuna əyan oldu ki, dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edərək dövlətçiliyimizin möhkəm təməlini qoydu, ölkəmizi geniş, davamlı inkişaf yoluna çıxardı. Cənab  Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu şərəfli yolu böyük uğurla davam etdirərək tariximizin ən parlaq səhifələrinə fateh sərkərdə, qalib rəhbər kimi imza atdı. Heç şübhəsiz, Zərifə xanımın müqəddəs ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu Öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bütün Azərbaycana yayılıb.

Bu gün Zərifə Əliyevanın adı Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur. Bu, böyük xalq məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq.

Ruhun şad olsun, böyük insan, Zərifə Əziz qızı Əliyeva!

Qədirbilən Azərbaycan xalqı Sizi həmişə böyük məmnuniyyətlə xatırlayır və dərin minnətdarlıqla yad edir.

Qəlblərdə əbədi yaşayacaqsınız…

 

Emin MƏMMƏDXANLI
Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Nəşr edilib : 28.04.2024 10:20