AZ EN RU

Zərifə Əliyeva- 100

27 apreldə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycanın məşhur oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə kitabxananın direktoru Tamella Əsgərova qeyd edib ki, Zərifə xanım Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş şəxsiyyətlərdəndir. O, həmçinin müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Vətəninin, xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olubdur. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirib. Zərifə xanım Azərbaycan xalqına İlham Əliyev kimi bir şəxsiyyət bəxş edib. Onun yaradıcılığına, zəngin fəaliyyətinə şairlər şeirlər qoşub, bəstəkarlar nəğmələr bəstələyib, rəssamlar tablolar həsr edib, Eldar Ömərov kimi məşhur heykəltəraş "Elegiya" timsallı şedevr əsər yaradıbdır. Əminik ki, belə əsərlər bundan sonra da yaranacaq, akademik Zərifə Əliyevanın böyüklüyü gələcək nəsillərə olduğu kimi çatdırılacaqdır.

Sonra kitabxananın ümumi oxu zalının müdiri Vəsilə Cəfərova “İnsanlara nur bəxş edən alim ömrü” və sistem inzibatçısı Nuray Paşayeva “Akademik Zərifə xanım Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir” adlı mövzularla çıxış edərək bildiriblər ki, Zərifə Əliyeva qədim Naxçıvan diyarında, Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açıbdır.O, ötən əsrin 50-ci illərində öz xeyirxah sənəti ilə əsl vətəndaş mövqeyində dayanaraq xalqımızın bəlasına çevrilmiş traxoma xəstəliyinin qarşısını almaq üçün ciddi və məqsədyönlü müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi istiqamətində mübarizəyə başlayıbdır. Oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Akademik M. Averbax adına mükafatına layiq görülübdür. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.

Tədbirin sonunda Zərifə xanımımn zəngin fəaliyyətinə həsr edilmiş filmə və “Zərifə Əliyeva–100” adlı sərgiyə baxış keçirilib.

Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Tarix Muzeyinin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, İ.Qasımov adına Naxçıvan Şəhər MKS-nin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak edib.

Naxçıvan Muxtar Respublikası

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.04.2023 18:00