AZ EN RU

Zərif cinsin nümayəndələri diyarımızın ictimai həyatında fəal iştirak edir - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yerləşən turistik istirahət mərkəzlərində bayram və istirahət günləri istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satışlar təşkil edilir. Qeyd edək ki, səyyar sərgi-satışların keçirilməsində məqsəd qadınların istedad və bacarıqlarının üzə çıxarılması, xalqımızın milli və ailə dəyərlərinin sənətkarlıq nümunələri vasitəsilə yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluqlarının təmin olunması və maddi rifah hallarının yaxşılaşdırılmasından ibarətdir. 

    Muxtar respublikaya gələn qonaqların ən çox üz tutduqları məkanlardan olan Ağbulaq İstirahət Mərkəzi, “Xan Çinar” və “Saat Meydanı” Turistik İstirahət mərkəzləri, “Dübəndi” istirahət məkanında keçirilən səyyar sərgi-satışlar ötən istirahət günü də Batabat yaylağında təşkil olunmuşdu. Biz də həmin sərgi-satışda iştirak edərək, istedadlı qadınların və onların hazırladıqları əl əməyi, göz nuru olan sənət nümunələrinə maraqgöstərən alıcıların fikirlərini öyrəndik. Sərgilənən sənətkarlıq nümunələri, o cümlədən  müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, muncuqla, gipslə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ, tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş tablolar  zövq oxşayırdı. Müşahidələrimizə əsasən səyyar sərgi-satışda nümayiş olunan əl işlərinə qonaqlar tərəfindən yüksək maraq göstərilirdi, onlar öz zövqlərinə uyğun əl işlərini böyük həvəslə alırdılar. Qeyd edək ki, səyyar sərgi-satışlarda iştirak edən istedadlı qadınlar əl işlərinin hazırlanması və əhəmiyyətləri barədə qonaqlara ətraflı məlumat verir, əl işlərinin satışını isə özləri həyata keçirirlər.

    Zərif və bacarıqlı əlləri ilə bir-birindən gözəl sənət nümunələri hazırlayan Xuraman Seyidova yaradıcı xanımlarımız sırasında özünəməxsus yer tutur. O deyir ki, bu işlərə həvəsi çoxdan olub. Lakin dekorativ-tətbiqi sənətlə 2 ildir ki, məşğuldur. Sərgilərə çıxarılan əl işlərinə böyük maraq olduğunu görən Xuraman xanımın bu sahəyə olan həvəsi daha da artıb. Bu stimul onu keçirilən sərgilərin daimi iştirakçısına çevirib. Xuraman xanım deyir ki, təşkilatçı qurumların nümayəndələri satışın yaxşı təşkil olunması üçün əllərindən gələni əsirgəmirlər. Belə sərgi-satışlar biz qadınlara, bir növ, maddi baxımdan kömək edir. Buradan əldə etdiyimiz qazancla ailəmizin maddi ehtiyaclarını qarşılamağa dəstək oluruq. Belə tədbirlərin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. 

    Milli dəyərlərimizi özündə ehtiva edən sərgi-satışlarda fəallıq göstərən yaradıcı xanımlardan biri də Qumru Sadiqovadır. Demək olar ki, onun əl işləri çox adama tanışdır. Çünki 7  ildən çoxdur ki, toxuculuq sənətinə könül verib. Onun naxış-naxış, ilmə-ilmə işlədiyi toxuculuq nümunələri ilə keçirilən sərgilərdə tanış olmuşuq. Qumru xanım, əsasən, balacalar üçün paltarlar toxuyur. Sözügedən sərgiyə çıxardığı əl işlərinin, demək olar ki, hamısı satılıb. Şahbuz şəhər sakini olan Qumru xanım qeyd etdi ki, bu sənəti anamdan öyrənmişəm. Toxuculuq sənətinin incəliklərinə tam bələd olduqdan sonra sərgilərdə iştirak etməyə başlamışam. İlk dəfə rayonda təşkil olunan Novruz şənliyində əl işlərimi sərgiyə çıxardım. O vaxtdan başlayaraq rayonda və Naxçıvan şəhərində təşkil edilən sərgilərdə mütəmadi olaraq iştirak edirəm. 6 ildir ki, sərgi-satışlardan yaxşı gəlir əldə edirəm. Sağ olsun ki, dövlətimiz istedadlı qadınların üzə çıxarılmasına və sənət adamlarına qayğı və diqqətlə yanaşır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəfələrlə diplom və mükafatlara layiq görülmüşəm. Bu məndə sənətə olan həvəsi daha da artırır. 

    Sədəf Hüseynova 5 ildir ki, toxuma-tikmə sənəti ilə məşğuldur. O deyir ki, muxtar respublikamızda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb. Belə sərgi-satışların keçirilməsi biz qadınların gələcək fəaliyyətlərinə stimul verməklə yanaşı, rifah halımızın yaxşılaşmasına da böyük dəstəkdir. İstedadlı xanım, əsasən, milli geyimlər hazırlayır və dediyinə görə, bu sənət nümunəsinə alıcılar böyük maraq duyur. Sədəf xanım deyir ki, yaxın zamanlarda Ağbulaq İstirahət Mərkəzində keçirilən sərgi-satışda İran və Türkiyədən gələn turistlər iştirak edirdi. Həmin gün satışa çıxardığım sənət nümunələrindən, təsəvvür edin, bir dənə olsun, əl işim qalmadı, hamısı satıldı. Bu məni sənətə daha böyük həvəslə yanaşmağa sövq etdi. Belə sərgi-satışların təşkili biz qadınların əməyinə verilən böyük qiymətdir, bu dəyər üçün dövlətimizə minnətdaram. 
    Sərgi-satışda nümayiş etdirilən bir-birindən dəyərli rəsm əsərləri və əl işləri bir daha təsdiq edir ki, muxtar respublikada istedadlı qadınların yaradıcılıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində keçirilən məqsədyönlü tədbirlər davamlı xarakter alıb. Belə tədbirlərdə onların əsərləri geniş ictimaiyyətə təqdim olunur, həm də satılaraq qadınlarımıza müəyyən gəlir gətirir. Sərgidə nümayiş etdirilən hər bir əl işinə diqqətlə baxanda açıq-aydın görünür ki, ilmələrdə, naxışlarda, ornamentlərdə bu torpağın hər qarışının, xalqımızın mədəniyyətinin, incəsənətinin, tarixinin, etnoqrafiyasının izləri var. Buradakı əsərlərdə xanımların hər birinin fərqli bir istedada, fərqli bir əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduğunu duymaq çətin deyil.
    Sərgidə nümayiş olunan əl işlərinə böyük maraq göstərən alıcılarla da söhbət edib, onların fikirlərini öyrəndik. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbəsi, Türkiyə vətəndaşı Gülhan Boran ilə əl əməyi, göz nurundan ərsəyə gələn bəzək əşyaları seçib alarkən həmsöhbət olduq. O dedi ki, burada çox gözəl və diqqətçəkən yaradıcılıq nümunələri var. Adi bir kağız və ya odun parçasından zövqləri oxşayan xeyli sənət əsəri ortaya çıxıb. Toxuculuq nümunələri, muncuqlardan yaradılan əl işləri, deyərdim ki, birisinə bağışlanacaq ən dəyərli hədiyyələrdir. Bu əl işlərinə heyranlıqla baxmamaq mümkün deyil. Mənim burada diqqətimi çəkən çoxlu sənət əsəri var. Sözün düzü, hansından alım, seçim edə bilmirəm.
    Digər alıcı Zəminə Haqverdiyeva Bakı şəhər sakinidir. Naxçıvana Duzdağ Fizioterapiya Mərkəzində müalicə almaq üçün gəlib. Deyir, iki həftədir ki, buradayam. Vaxt tapan kimi Naxçıvanın gəzməli-görməli yerlərində oluram. Bu gün isə Batabat yaylağını gəzmək qərarına gəldim. Burada olarkən sərgi-satışın keçirildiyini öyrəndim. Bu, çox maraqlı layihədir. Sərgiylə tanışlıq zamanı müşahidə etdim ki, burada nümayiş etdirilən əl işlərində istedadlı xanımlar daha çox xalq yaradıcılığını, folklor ənənələrini təbliğ edirlər. Buradakı xalça və toxuculuq nümunələri, ağac üzərində oyma əsərləri, rəngarəng suvenirlərin üzərindəki naxışlar milli adət-ənənələrimizi, xalqımızın məişətini təcəssüm etdirir. Sərgidə biçmə, toxuma, tikmə, milli geyimlər, xalçaçılıq, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli üslubda bəzədilmiş suvenirlər, güllərdən hazırlanan kompozisiyalar, muncuq və digər bəzək əşyaları qadınların yüksək yaradıcılıq potensialı və incə zövqlərindən xəbər verir. Toxuma-tikmə nümunələri, təbii daş-qaşlardan hazırlanan bəzək əşyaları ilk baxışdan diqqəti cəlb edir. 

    Bəli, keçirilən sərgi-satışlar bir daha təsdiq edir ki, muxtar respublikada bacarıq və qabiliyyəti ilə seçilən qadınlarımız çoxdur. Onların istedadı xalqımızın soykökü, genetik xüsusiyyətləri ilə bağlıdır. Bu gün muxtar respublika qadınları xalqımıza xas adət-ənənələrin, qədim el sənətinin qorunub saxlanması və təbliğinə öz layiqli töhfələrini verirlər. Müvafiq sahədə həyata keçirilən belə tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcəkdir. Dövlətin qayğısını daim üzərlərində hiss edən zərif cinsin nümayəndələri muxtar respublikanın ictimai həyatında fəal iştirak edir, sosial-iqtisadi və mədəni inkişafa layiqli töhfələr verirlər.

Gülcamal TAHİROVA

Nəşr edilib : 25.08.2022 19:05