AZ EN RU

Zərif cinsin nümayəndələri diyarımızın ictimai həyatında fəal iştirak edir

Ötən il qadınların məşğulluqlarının artırılması istiqamətində uğurlu nəticələr əldə edilib

    Cəmiyyətdə qadının yeri, vəzifəsi həmişə mühüm məsələ olub. Qadınlarımız tarixboyu ağlı, zəkası, istedad və bacarığı ilə cəmiyyət quruculuğunda önəmli yer alıb. Bu gün muxtar respublikamızda həyata keçirilən dövlət qadın siyasəti qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirir, onların bütün sahələrdə fəaliyyətlərinə geniş imkan açır. Qadınlarımız müqəddəs ana adını daşımaqla yanaşı, həm də həkim, müəllim, rəssam, dövlət qulluqçusu kimi xalqa xidmət edir, elmi axtarışları ilə cəmiyyətin inkişafına mühüm töhfələr verirlər. Hətta qadınlarımız adət etdiyimiz kişilərə məxsus peşələrdə də öz qüvvə, bilik və bacarıqlarını nümayiş etdirir, taksi sürücüsü, traktorçu-maşinist, dəmirçi kimi ağır və yorucu işlərin də öhdəsindən gəlirlər.

    Muxtar respublikada əhalinin məşğulluğu ilə bağlı qəbul edilən Dövlət proqramlarında qadınların da işlə təmin edilməsi, sosial problemlərinin həll olunması diqqət mərkəzində saxlanılır. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da qadınlar təmsil olunurlar. Bu gün muxtar respublikada 231 min 614 qadın yaşayır ki, bu da muxtar respublika əhalisinin 50 faizini təşkil edir. 

    Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması məqsədilə onlar arasında özünüməşğulluq inkişaf etdirilir,  xüsusi qayğıya ehtiyacı olan ailələrin üzvü və sağlamlıq imkanları məhdud olan qadınlar peşə hazırlığına yönəldilmək üçün müvafiq peşə kurslarına cəlb edilir, istedadlı qadınların əl işlərinin satış-sərgiləri təşkil olunur. 
    Naxçıvan Muxtar Respublikasında qadınlarımız da daxil olmaqla, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı dövlət tədbirlərindən biri də Ali Məclis Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunmasıdır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sözügedən proqramda qarşıya qoyulmuş vəzifələrin icrasını diqqət mərkəzində saxlayır. Təkcə ötən ilin nəticələrinə nəzər yetirməklə əldə edilən nailiyyətlərin şahidi ola bilərik. 
    Komitədən əldə etdiyimiz məlumatda da qeyd olunduğu kimi, ötən il tək yaşayan və yaxud ailə başçısı kimi fədakarlıq göstərən 627 qadınla əlaqə saxlanılmış, bunlardan 41-i peşə hazırlığı kurslarına yönləndirilmişdir. Həmçinin 2021-ci ildə özünüməşğulluq proqramına 304 nəfər cəlb edilmişdir ki, bunlardan 108-i, yəni 36 faizi qadınlardır. Ümumilikdə, bu günədək muxtar respublikada özünüməşğulluq proqramına 899 nəfər cəlb edilib ki, bunlardan da 343 nəfəri, yəni 34 faizi qadınlardır.
    Onların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, orta və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı da artmaqdadır. Müqayisə üçün qeyd edək ki, əgər 2020-ci ildə 6979 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul idisə, 2021-ci ildə bu göstərici 11,4 faiz artaraq 7772 nəfər olmuşdur. Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında ailə təsərrüfatlarının da rolu böyükdür və muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Hazırda diyarımızda kənd təsərrüfatı ilə məşğul olanların 72 min 778 nəfəri, yəni 60 faizi qadınlardır ki, bunların da 117 nəfəri ailə təsərrüfatçısıdır.
    Muxtar respublikada müvafiq sahə ilə bağlı qəbul edilmiş və yaxud bu sahəni əhatə edən Dövlət proqramlarından əlavə olaraq geniş sosial layihələr də reallaşdırılır. Xatırladaq ki, 2019-cu ildə icra olunan Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi və 2020-ci ildə həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi həyata keçirilmişdir. Ötən il isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi icra olunmuşdu. Layihə çərçivəsində qadınların müvafiq peşə bilklərinin artırılması üçün maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır!” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilmişdir. Muxtar respublikanın bütün bölgələrində, ümumilikdə, 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadının iştirak etdiyi təlimlərin sonunda onlar tərəfindən biznes planları hazırlanmış, ən uğurlu biznes planı müəlliflərinə öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilmişdir. Layihə çərçivəsində 26 qadın, ümumilikdə, 17000 manat dəyərində sərmayə kapitalı ilə təmin olunmuşdur. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, bərbər, dərzi, toxuculuq, heykəltəraşlıq, rəssamlıq, zərgərlik, silahsazlıq, dekorativ-tətbiqi sənət, uşaqlara psixoloji xidmət, xalçaçılıq, konservləşdirmə, qənnadı və un məmulatı və ailə təsərrüfatı sahələri ilə məşğul olmaları üçün verilmişdir. Ümumilikdə, komitə tərəfindən ötən 3 il ərzində icra edilən sosialyönümlü layihələrdə 17 sağlamlıq imkanları məhdud olmaqla, 128 qadına 86250 manat dəyərində sərmayə kapitalı verilmişdir.
    Məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikamıza səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində sərmayə kapitalı alan qadınlarla görüş keçirilmişdir. Səfir Örl Litzenberqer bu layihənin tez bir vaxtda uğurla icra olunmasından məmnunluğunu ifadə etmiş, ölkəsinin muxtar respublikada bu cür layihələrin icrasının davamlılığında maraqlı olduğunu bildirmişdir. 
    Onu da qeyd edək ki, müvafiq layihələrdə sərmayə kapitalı almış qadınların sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələri əsas şərtlərdən biridir. Bu məqsədlə 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həmin qadınların iş yerlərində və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 53 monitorinq keçirilmişdir. Sevindirici haldır ki, monitorinqlər zamanı heç bir neqativ hala rast gəlinməmiş, əksinə, qadınların fəaliyyət sahələrinə uyğun olaraq təsərrüfatlarını genişləndirdikləri və əlavə gəlir əldə etdikləri məlum olmuşdur. Qazanılan müsbət nəticələrə görə 1 qadına ehtiyacına uyğun həvəsləndirici əlavə aktiv təqdim edilmişdir.
    Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə atılan mühüm addımlar sırasında keçirilən təlim və peşə kursları da mühüm əhəmiyyət kəsb edir. 2021-ci ildə muxtar respublikanın bütün rayonlarını əhatə etməklə xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlar, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvü və dərnək rəhbərləri olan 228 qadın üçün toxuculuq peşəsi, dekorativ-tətbiqi sənət və xalçaçılıq peşə sahələri üzrə 11 təlim keçirilmişdir. 
    Ötən il qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikada ənənə halını almış müxtəlif səpkili yarmarkalar çərçivəsində sərgi-satışlar da davam etdirilmişdir. Sərgi-satışlarda muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 517 şəxsin 32 min 981 manat dəyərində 3778 əl işi və 15 nəfər sərmayə kapitalı alan ailə təsərrüfatçısı olan qadının 1242 manat dəyərində 638 adda ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. 
    Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar xüsusi qayğı ilə əhatə edilib. Bu tədbirlər çərçivəsində ahıl və xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində lazımi köməklik göstərilir. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə xüsusi qayğıya ehtiyacı olan 6 ailəyə baş çəkilmişdir. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində onlarla görüşlər keçirilib və hədiyyələr təqdim edilib. 
    Bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcəkdir.

Gülcamal TAHİROVA

Nəşr edilib : 04.03.2022 19:11