AZ EN RU

Zərgərlik sənətinin gənclərimiz tərəfindən yaşadılması milli-mənəvi dəyərlərimizə sadiqlik nümunəsidir

    Fikrimcə, incəsənət insanın psixi dünyasının əksidir. Başqa sözlə, sənət mentalitetin, duyğunun, sosial-mədəni həyatın müxtəlif simvollarla əks olunmasıdır. Qızıl, gümüş və qiymətli daşlardan ərsəyə gələn zərgərlik nümunələri də ta qədim zamanlardan bu günədək qədim və gözəl ənənələrin yaşadılmasına kömək edib. Metalişləmə sənətinin başlıca sahələrindən olan zərgərlik Naxçıvanda geniş yayılıb. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsi kimi muxtar respublikamızın Kültəpə yaşayış məntəqəsindən və Gəncəçay vadisindən tapılmış bəzək nümunələrini göstərirlər. 

    Arxeoloji materiallardan aydın olur ki,  Erkən Tunc dövründə metalişləmənin inkişafı zərgərliyə də təsir edib, sənətkarlar tuncdan üzük, bilərzik və digər bəzək əşyaları düzəldiblər. Sonralar sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində zərgərlik daha da inkişaf edib, əşyaların çeşid və keyfiyyəti artıb. Qızılburun, Şahtaxtı, Çalxanqala, II Kültəpə abidələrindən tapılan Orta Tunc dövrünə aid müxtəlif formalı bilərziklər, halqalar, sırğalar, muncuqlar və digər bəzək əşyaları bunu sübut edir. Naxçıvan zərgərləri tərəfindən düzəldilmiş yerli zərgərlik məktəbinə məxsus bəzək əşyalarından bir qrupunun (qarabatdaq, çəçik, silsilə, sərmə, gərdənbağı, sinəbənd, gərdənbənd) şöhrəti dillər əzbəri olub, öz gözəlliyi ilə dünyada tanınıb. Zərgərlik sənəti sonrakı dövrlərdə də öz inkişafını davam etdirib, tarixin bütün mərhələlərində müəyyən dəyişikliyə uğrayıb və zənginləşib. Bu, özünü daha çox zinət əşyalarının formalarında və bəzəklərin müxtəlifliyində büruzə verib.  
    Sevindiricidir ki, bu gün də muxtar respublikamızda bu sənət sahəsi yaşadılır, hətta  zərgərliklə məşğul olan gənclərimizin sayı artır. Eldar Hüseynov da belə gənclərimizdən biridir. Onun ötən ilin dekabr ayında Naxçıvan Dövlət Universitetində hazırladığı qızıl aksesuarları və zərgərlik məmulatlarından ibarət fərdi sərgisi də təşkil edilib. Eldarla həmsöhbət oluram.  Öyrənirəm ki, 2001-ci il sentyabrın 25-də Naxçıvan şəhərində anadan olub, Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbi bitirib. Ali təhsilini Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisası üzrə alıb. Ta qədimlərdən məşğuliyyət növü olan, milli-mənəvi dəyərlərmizi özündə yaşadan zərgərlik sənətini mənimsəmək, zərgərlik nümunələri hazırlamaq fikrimcə, güclü qabiliyyət və  geniş düşüncə tələb edir. Elə müsahibimin bu sahəni seçməsi heç də təsadüf olmayıb. Səndə zərgərliyə maraq necə yarandı? –  sualıma müsahibim belə cavab verir: “12 yaşımdan atamın təşəbbüsü və öz istəyimlə bu sənətlə maraqlanmağa başladım və Naxçıvandan olan usta Orxan Mikayılovla tanış oldum. O, mənə bu sənətin dərinliklərini, sirlərini öyrətdi. Sənətin sirləri, gözəlliyi məndə zamanla böyük istək və sevgi yaratdı. İlk əl işim olaraq tək qaşlı üzük hazırlamışam. Bundan başqa, bir çox bəzək aksesuarları düzəltmişəm. Böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin imzasını qızıldan hazırlamaq həm böyük məsuliyyət, həm də ikiqat qabiliyyət tələb edirdi. Mən bunu hazırlamaqdan qürur duydum. 
    – Zərgərlik əşyalarını harada və necə hazırlayırsan?.
    – Qızıl dükanında və evdə hazırlayıram. Lazım olan qədər qızıl və gümüş götürüb körük adlanan alətlə əridib, rəcəyə tökür, valsdan keçirib istənilən forma verirəm və sonra onun üzərində işləyirəm. Müştərilərin istədikləri növdə bəzək aksesuarları hazırlayıb onlara təqdim etmək mənə də zövq verir. Bu sənətin incəliyini, zərifliyini, çalışıram ki, hazırladığım əşyalarda göstərim. Qeyd edim ki, təhsil aldığım müddətdə qrafika sənəti ilə ciddi məşğul olmağım bu sahədə biliklərimi artırmağa çox kömək oldu. Müxtəlif eskizlər etməklə yanaşı, zərgərlik işlərində öyrəndiklərimi tətbiq etdim, uğurlu da alındı. 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərlə bağlı hazırladığım Xarıbülbül sancağı mənim üçün ən dəyərli zərgərlik nümunələrindən biridir. Bu sancağı oxuduğum müddətdə müəllim və tələbələrə hədiyyə etmişəm. 
    Müsahibim yaddaqalan fərdi sərgisindən danışaraq bildirdi ki, ötən il dekabrın 14-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun təşəbbüsü ilə fərdi sərgisi keçirilib: “Bu, Naxçıvan Dövlət Universitetində və muxtar respublikamızda zərgərlik sahəsi üzrə ilk fərdi sərgi olub. Sərgidə 27 dəst gümüş və qızıl məmulatları olmaqla, ümumilikdə, 40-a yaxın zinət əşyaları nümayiş edildi. Sərgiyə qədim sırğa növü olan nacağı, sep, sırğa və üzük dəstləri ilə yanaşı, Xarıbülbül sancağı, ulu öndərimizin imzasının qızılla işlənmiş variantı da təqdim olundu. İstərdim ki, bu sənət həmişə inkişaf etsin, gənclərimiz də bu gözəl və cəzbedici sənəti öyrənsinlər”, – deyə Eldar əlavə etdi. 
    “Zər qədrini zərgər bilər”, –  deyib atalarımız. Bu mənada,  milli zərgərlik ənənələrini yaşatmağa, tanıtmağa çox böyük ehtiyac vardır. Bu gün muxtar respublikamızda digər sənət növləri kimi qədim zərgərlik sənətinin gənclərimiz tərəfindən də yaşadılması milli-mənəvi dəyərlərimizə ən böyük sadiqlik nümunəsidir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 15.08.2022 18:25