AZ EN RU

Zəngin turizm potensialına malik muxtar respublikada bu sahənin daha da inkişaf etdirilməsi prioritetə çevrilib

    Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 29 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd olunur. 
    Azərbaycanın əlverişli coğrafi mövqeyi, rəngarəng iqlim tipləri, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər açır. Ümummilli Liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də Ulu Öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.
    “Turizm sektorunun inkişafı prioritetlər sırasındadır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi xətti uğurla davam etdirilir, turizmin inkişafı vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət proqramlarının uğurlu icrası Azərbaycanı dünyada turizm ölkəsinə çevirmişdir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, mədəni-tarixi qoruqlar yaradılmışdır. 2011-ci ilin “Turizm ili” elan edilməsi isə Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsi olmuşdur. 
    Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edən “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə ölkə Prezidenti tərəfindən 2022-ci il 18 fevral tarixdə Fərman imzalanıb. Turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi bu sahənin inkişafı istiqamətində atılmış uğurlu addımlardır. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi, Azərbaycanın milli tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi turizmi inkişaf edən bir sahəyə çevirmişdir.
    Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrin inkişafı ilə yanaşı, turizmin inkişafı da prioritet sahələrdən biri kimi qeyd olunmuşdur. Muxtar respublikanın duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlərin görülməsi nəzərdə tutulur. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də Dövlət Proqramında qeyd olunan əsas tədbirlərdəndir. Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün işlərin aparılması, eyni zamanda regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək turizm və rekreasiya zonalarının yaradılması, turizm potensialının təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması istiqamətində tapşırıqlar ön plana çəkilmişdir.
    Naxçıvan Muxtar Respublikası bu gün turistlərin ən çox sevdiyi məkanlardandır. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni irsi, təbii müalicə mərkəzləri, mineral suları, özünəməxsus mətbəxi, yüksək qonaqpərvərlik ənənələri və müasir tərəqqisi muxtar respublikada turizmin inkişafını şərtləndirən başlıca amillərdir. 200-dən çox mineral bulağı, nadir fauna və florası olan muxtar respublikamızın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər turizmin bir çox növünün inkişafına şərait yaratmışdır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.
    Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bu gün diyarımızın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet istifadəyə verilmişdir. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs kimi əksər yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olmaq imkanı əldə edirlər. Muxtar respublikada Ağbulaq Xizək Mərkəzinin fəaliyyət göstərməsi ənənəvi turizm növlərinin inkişaf etdirilməsi ilə yanaşı, yeni turizm istiqamətlərinin formalaşması üçün də geniş imkanlar yaradır.
   Naxçıvan ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də tarixin, demək olar ki, bütün dövrlərinə aid izləri özündə saxlayan zəngin diyardır. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu qədim diyara cəlb edən əsas amillərdəndir. 
    Naxçıvan Muxtar Respublikasında idman turizminin inkişafı da diqqətdə saxlanılır. Belə ki, cari ilin mart ayında bir neçə idman klubunun alpinistlərinin Kiçik Qafqazın ən hündür nöqtəsi olan Qapıcıq zirvəsinə kəşfiyyat xarakterli yürüyüşü, Xocalı soyqırımında həyatını itirmiş və Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların xatirəsini anmaq məqsədilə Türkiyə Respublikasında fəaliyyət göstərən Araz Təbiət və Azərbaycan Mədəniyyət Dərnəyi üzvlərinin Haçadağ zirvəsinə, cari ilin may ayında “İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə” Dərnəyi, Türkiyə Dağçılıq Federasiyası Qars Təmsilçiliyi və “Zirvə” Dağçılıq və Təbiət İdman Klubunun birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi və iştirakı ilə təcrübəli alpinistlərin Haçadağa “Xocalı soyqırımını anmanın 7-ci dırmanışı” adlı yürüşü, Bakı şəhərində fəaliyyət göstərən “Qartal” Dağçılıq Klubunun bir qrup alpinistinin isə 28 May – Müstəqillik Günü münasibətilə Qapıcıq zirvəsinə dırmanışı təşkil olunmuşdur.
    Qədim diyarda müalicə turizminin inkişafı üçün də geniş imkanlar var. Dünyanın bənzərsiz təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən xəstələr üçün müasir şərait mövcuddur. “Darıdağ” Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Hazırda tikintisi davam edən “Darıdağ” Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin ərazidə “Darıdağ” Termal Hotelin inşası bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaqdır. 
    Naxçıvan Muxtar Respublikasında dini turizmin inkişafı dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qədim inancları, möcüzəvi sirləri və əfsanələri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, həmçinin pirlər, imamzadələr, qədim məscidlər dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilmişdir. Bütün bunlar onu göstərir ki, Naxçıvanda dini turizmin inkişafı üçün də real imkanlar mövcuddur.
    Naxçıvanın son illərdə beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması və ölkəmizin Gənclər Paytaxtı seçilməsi, həmin ilin sentyabrında Naxçıvan şəhərində “Avropa günləri”nin  keçirilməsi və Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin, Finlandiya, Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan və Belçika Krallığının ölkəmizdəki səfirlərinin, həmçinin Avropa ölkələrinin Azərbaycanda akkreditlə olunmuş nümayəndələrinin bu tədbirdə iştirak etməsi, turizm imkanlarımızı nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Görülən işlərin nəticəsidir ki, Londonda nəşr olunan “Wanderlust” jurnalında Naxçıvan Muxtar Respublikası dünyanın ən yaxşı 50 turizm mərkəzindən biri kimi qeyd edilmişdir. Naxçıvanın mübarizliyinin, əyilməzliyinin simvolu olan Əlincəqala Perudakı Machu Picchu qala şəhəri ilə müqayisə olunur. Bütün bunlar muxtar respublikamızın geniş və zəngin turizm potensialından xəbər verir.
    Bu gün muxtar respublikada fəaliyyət göstərən mehmanxana və mehmanxanatipli müəssisələrdən 5 ulduz kateqoriyasına malik “Təbriz” və “Duzdağ” hotelləri, “Saat Meydanı” Turistik İstirahət Mərkəzi, Ağbulaq İstirahət Mərkəzi və digər turizm obyektlərində yüksəkkeyfiyyətli xidmətlər təklif olunur. Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla bağlı olduğu kimi, həm də sabitliklə bağlıdır. Bu iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarın cinayətsiz region kimi tanınması turistlərin bu bölgəyə gəlməsi üçün daha bir üstünlük yaradır.
    Turist məmnunluğunu səciyyələndirən xüsusiyyətlərdən biri də nəqliyyat xidmətləridir. Muxtar respublikada müasir standartlara cavab verən nəqliyyat infrastrukturu qurulmuşdur. Muxtar respublikada daim fəaliyyət göstərən avtobus marşrutlarına nəzarət edilir, Uzunoba gölündəki çimərliyə, Ağbulaq İstirahət Mərkəzinə, Duzdağ Fizioterapiya Mərkəzinə və digər turizm potensiallı obyektlərə mövsümi marşrutların fəaliyyəti təmin edilir.
    Turizmin inkişafını stimullaşdıran məsələlərdən biri də təbliğat və təşviqat işləridir. Turizm Departamentinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində muxtar respublikaya turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır. Hazırlanmış reklam informasiya materialları ölkə və beynəlxalq miqyaslı turizm sərgilərində nümayiş olunur və turistlərə təqdim edilir. 
    Zəngin təbiət və ekoloji tarazlığın qorunması bu diyarda ekoturizmin bir çox yarımnövünün inkişafına şərait yaradır. Ötən ilin avqust ayında dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi, ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsi məqsədilə Şahbuz rayonunun Kükü, Gömür və Keçili kəndlərində, Ağbulaq İstirahət Mərkəzində, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun Haçadağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi, Bist, Nürgüt, Nəsirvaz, Pəzməri, Unus kəndlərində, həmçinin Göygöl, Gəmiqaya ərazilərində, Pəzməri və Çimənək şəlalələrində, Şərur rayonunun Şahbulaq kəndi – Suludərə ərazisində dağ cığırlarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində aparılmış işlər bu turizm növünün muxtar respublikada inkişafının stimullaşdırılması məqsədilə atılmış addımlardandır.
    Turizm sahəsində də kadr hazırlığı mühüm məsələlərdəndir. Hazırda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm işinin təşkili ixtisası üzrə kadr hazırlığı aparılır, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində, eləcə də Naxçıvan Şəhər Peşə Liseyində “Turizm agent” ixtisası üzrə peşə kursları fəaliyyət göstərir. Tədris ili boyunca tələbələrlə mütəmadi görüşlər keçirilir, onların Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi mühafizə olunan təbiət ərazilərinə ekskursiyaları təşkil edilir, hotel və turoperatorluqlarda təcrübə keçmələri təmin olunur.

    Qeyd etməliyik ki, muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter alması və yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün bundan sonra da geniş üfüqlər açacaqdır.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti

Nəşr edilib : 28.09.2023 22:10