AZ EN RU

Zəngin təbiətimizin ruzi payı, halal süfrələrimizin təndir ətirli ləziz sovqatı

Növbəti “Kətə” festivalına yerli əhali və xarici qonaqlar böyük maraq göstərib

      Naxçıvanda milli mətbəximizin təbliğinə dövlət qayğısının təzahürü olaraq hər il ənənəvi “Çörək”, “Plov”, “Yallı” və “Kətə” kimi festivallar keçirilir. Bu, minilliklərboyu təşəkkül tapan adət-ənənələrimizə, milli dəyərlərimizə muxtar respublikada verilən qiyməti ifadə edir. Ötən şənbə və bazar günlərində keçirilən, hamımızın səbirsizliklə gözlədiyimiz 4-cü “Kətə” festivalına da həm yerli sakinlər, həm də qonaqlar böyük maraq göstəriblər. Qeyd edək ki, növbəti “Kətə” festivalına muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 230-a yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri qatılıb. 

    Festivalda bişirdiyi kətənin dadına baxdığım ailə təsərrüfatçısı, Sədərək rayonundan festivala qatılan Şəms Cavadzadə ilə həmsöhbət oluruq: – Bir neçə ildir, ailə təsərrüfatı yaratmışıq. Təsərrüfatımızda süd və kənd təsərrüfatı məhsulları istehsal edirik. Bu festivalların təşkili məhsullarımızı nümayiş etdirməyə, onlara alıcı tapmağa şərait yaradır. Buraya gələn qonaqlar isə kətələrin hazırlanmasını və süfrəyə təqdimini canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər. Belə tədbirlərin davamlı keçirilməsi xalqımıza məxsus mətbəx nümunələrini yaşatmaqda böyük rol oynayır. Göstərilən dövlət qayğısına, yaradılan şəraitə görə minnətdaram.

    Culfa rayonunun Bənəniyar kəndindən  festivala qatılan Xalidə İsmayılova: – Muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin hazırlanması qaydalarının nümayiş olunduğu festivala şəhər sakinlərinin, qonaqların, xüsusilə gənclərin marağı böyükdür. Onlar içərisində xarici ölkələrdən gəlib burada təhsil alan tələbələr də az deyil. Eləsi var ki, kətənin dadına ilk dəfə baxır və çox dadlı olduğunu deyir, bunun necə hazırlanması ilə maraqlanır. Bu da başqa millətlərin nümayəndələrinin məhz Azərbaycana məxsus bu qida məhsulunun xalqımızın ən gözəl mətbəx nümunəsi olduğunu öyrənmələrinə şərait yaradır.
    Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini, ailə təsərrüfatı başçısı Südabə Məhərrəmova satış üçün festivala balqabaq, çiriş, acıqıcı, cincilim, quşəppəyi, şötük və 7 növ göyərtidən kətə hazırlayıb. Bir neçə saat ərzində 15 kiloqram kətə satıb. Südabə Məhərrəmova onlar üçün bu şəraiti yaradanlara öz minnətdarlığını bildirdi və ocağımızın hər zaman yanar olmasını arzuladı. 
    Ailə təsərrüfatı sahibi dedi ki, festivala Şahbuz dağlarından topladığı, min bir dərdin dərmanı olan pencərlər gətirib. Bir neçə saat ərzində həmin pencərlərin hamısını satıb, bişirdikləri 14 növ kətəyə də maraq çox olub.
    Festivalda təndirdən isti-isti kətə yemək üçün gələn qonaqlarla da həmsöhbət olduq. İlk söhbət etdiyimiz Türkiyə vətəndaşı Abdurrahman Memitanlı bildirdi ki, 5 ildir ki, Naxçıvandayam. Demək olar ki, burada keçirilən hər bir festivalda böyük maraqla iştirak etmişəm. Bu gün Naxçıvanda  xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində böyük işlər görülür. Belə festivalların keçirilməsi muxtar respublikada digər sahələrlə yanaşı, onun milli mətbəxinin, adət-ənənələrinin gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli yer tutur.
    Digər həmsöhbətimiz, Bakı sakini Şölə Paşazadə: – Naxçıvana ikinci dəfədir, gəlirəm. Deyərdim ki, hər bir ölkə özünün təbii ehtiyatlarını, sahib olduğu mədəni zənginliyini dünyaya nümayiş etdirmək üçün müəyyən vasitələrdən istifadə edir. Belə festivalların ən unikal və orijinal forması məhz Naxçıvanda keçirilən və ənənə şəklini alan festivallardır. Keçirilən bu festivallar, ümumilikdə, muxtar respublikanın, eləcə də onun turizm potensialının təbliğinə xidmət etməklə yanaşı, həm də sakinlərin sosial güzəranının daha da yaxşılaşdırılmasına və mədəni istirahətlərinin təmin edilməsinə yönəldilib. 
    Adebusola Ovoade – Nigeriya vətəndaşı, tələbə: – Festival yüksək səviyyədə təşkil edilib. Mən də Azərbaycan xalqının qədim mətbəx mədəniyyətində mühüm yer tutan xəmir yeməklərindən biri olan kətənin hazırlanması və süfrəyə təqdim edilməsini gördüm, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxdım. İlk dəfə idi ki, kətə dadırdım. Çox ləzzətlidir, dadından doymaq olmur. Elə düşünürəm ki, dünyanın hansı ölkəsindən bura gəlib bu yeməkləri dadan olsa, mütləq bundan ləzzət alacaq. 
    Koreya vətəndaşı Lee Jin  deyir ki, uzun illərdir, Naxçıvandayam. Burada keçirilən festival da çox möhtəşəmdir. Demək olar ki, hər il yazda ən çox bişirilən yeməklərdən biri də müxtəlif göyərti növlərindən hazırlanmış yeməklərdir. Naxçıvan təbiətinin bu insanlara verdiyi çeşidli nemətlər süfrələrin bəzəyidir. Festivalda satılan kətələrin dadı həm də ondadır ki, bu kətələr təndirdə, odunla bişirilir. Digər tərəfdən sizin mətbəx mədəniyyətiniz, süfrə təcrübəniz imkan verir ki, dadlı olanı daha ləzzətli şəkildə süfrəyə təqdim edəsiniz.
    Naxçıvanda keçirilən “Kətə” festivalına yerli əhalinin və xarici qonaqların böyük maraq göstərmələri bunu bir daha sübut etdi ki, müxtəlif növ yeməkləri ilə yanaşı, Naxçıvan mətbəxinin ləziz dadı olan kətəsi hər zaman sevilə-sevilə hazırlanır və yeyilir.
    Festivalın bahar ovqatlı, rəngarəng, bir o qədər də maraqlı ikinci gününün sonunda 2022-ci il “Kətə” festivalının 301 nümayəndəsi tərəfindən bişirilən, dadına, keyfiyyətinə görə seçilən təamların qalibləri müəyyən olunub. Müsabiqə nəticəsində Culfa rayonunun Milax kənd sakini Ceyran Quliyeva, Kəngərli rayonunun Qıvraq kənd sakini Güllü Rzayeva və Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Vüsalə Bayramova festivalın qalibləri elan edilib. Ordubad rayonunun Əndəmic kənd sakini Banuçiçək İsmayılova, Şərur rayonunun Ələkli kənd sakini Sevda Kazımova və Culfa rayonunun Əbrəqunus kənd sakini Rəsmiyyə Məmmədova II yerə layiq görülüblər. Sədərək rayonunun sakini Mehparə Hüseynova, Babək rayonunun Qoşadizə kənd sakini Nazilə Zeynalova, Naxçıvan şəhərinin Qaraxanbəyli kənd sakini Ulduz  Rzazadə III yerlə mükafatlandırılıblar.
    Biz də fürsətdən istifadə edib qaliblərimizin bir neçəsi ilə görüşdük, onların təəssüratlarını öyrəndik. 
    Culfa rayonunun Milax kənd sakini və birinci yerin qaliblərindən olan Ceyran Quliyeva deyir: – Çox sevincliyik ki, dövlətimizin xüsusi diqqəti ilə hər cür şəraitlə təchiz olunaraq bu festivalların iştirakçısıyıq və qalibiyik. Əlimizdən gəldiyi qədər çalışırıq ki, milli mətbəximizin bir-birindən ləzzətli təamlarını, eləcə də nənələrimizdən görüb-götürdüyümüz milli yeməyimiz olan kətəni ən gözəl şəkildə, keyfiyyətli hazırlayıb alıcılarımıza təqdim edək. Satış da çox yaxşı oldu, alıcılarımız da razılıq etdilər. “Kətə” festivalında bundan əvvəl də iştirak etmişəm. Bəlkə də, həmin illərdə qazandığım təcrübəm sayəsində bu gün birincilik qazanan üç iştirakçıdan biri də mən olmuşam. Allahdan arzu edirəm ki, xalqımızı, ölkəmizi, elimizi, obamızı həmişə bu cür vəhdətdə görək. Süfrələrimizdən ruzi-bərəkət, ocaqlarımızdan ağsaqqal, ağbirçək xeyir-duası heç bir zaman əskik olmasın. Bişirmək asandır, təki elimizdə bolluq-bərəkət olsun.
    Şərur rayonunun Ələkli kənd sakini, ikinci yerin qaliblərindən olan Sevda Kazımova ilə hələ təndir başında olarkən həmsöhbət olmuşduq. “Kətənin hazırlanması ilə bağlı hər bir xanımın öz sirri var”, – deyən Sevda xanım bildirir ki, kətələri yurdumuzun dağlarında bitən ən dadlı pencərlərdən hazırlayırlar. Dadı ilə seçilən bitkilərin tərkibi vitamin və minerallarla zəngin olduğu üçün onlardan hazırlanan kətələr insan sağlamlığına çox xeyirlidir. Bununla belə, kətələrin harada bişirilməsindən asılı olaraq xəmirinin qalınlığına, yaxud da incəliyinə xüsusi fikir vermək lazımdır. Belə ki, sacda bişirilən kətənin xəmirini bir az nazik, təndirə yapılan kətəni isə nisbətən qalın açmaq lazımdır. Təndirdə bişirilən kətənin xəmirini təzə pendirin suyu ilə yoğurub yapmazdan əvvəl həm təndirin divarlarına, həm də kətənin arxasına duzlu su çilənsə, bu, kətənin təndirə daha yaxşı yapışmasına kömək edər. Sacda bişirilən kətələrin hər iki üzünü qızartmaq lazımdır. Bişən kətə sacdan götürülür, təndirdən çıxarılır, üstü deşilib içərisinə bir qədər yağ qoyulur. Kətələr üst-üstə yığılaraq üzəri örtülür, 10-15 dəqiqə saxladıqdan sonra yeyilir. 
    Naxçıvan şəhərinin Qaraxanbəyli kənd sakini və üçüncü yerin qaliblərindən olan Ulduz Rzazadə deyir ki, milli mətbəx nümunələrimiz içərisində yaşı qədimlərə dayanan kətə orqanizm üçün də çox faydalıdır. Naxçıvanımızın təbiətinin zənginliyi də bizə böyük imkanlar açır ki, diyarımızın çöl-biyabanlarında, bağ-bağatlarında yetişən min adda, min dadda qidaları hazırlayıb süfrələrimizin yaraşığına çevirək. Bu festivalda bizimlə bir neçə xarici qonaq da həmsöhbət oldu. Hamısı Naxçıvan kətəsinin dadından ağızdolusu danışdı. Nəinki kətə çeşidlərimiz, milli mətbəximizin bir-birindən faydalı və zəngin digər yeməkləri də onları maraqlandırır. Biz də alıcılarımızın bu cür məmnunluğunu görüb daha da həvəslənir, necə deyərlər, canla-başla çalışırıq. Bundan sonra da əlimizdən gəldiyi qədər milli kulinariyamızın gözəlliklərini ən yaxşı şəkildə hazırlayıb insanlara təqdim edəcəyik.   

Gülcamal TAHİROVA
Aytac CƏFƏRLİ
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 18.04.2022 19:31