AZ EN RU

Zəngin çeşid, sərfəli qiymət və keyfiyyətli məhsullar bu ünvanda...

    Yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. Hər il olduğu kimi, bu yeni tədris ili ərəfəsində də şagirdlər həyəcanlı, valideynlərsə qayğılıdır. Dərs ləvazimatları, məktəbli formaları, çantalar və adını sadalamadığımız digər zəruri tələbatların alınması üçün valideynlər səylə çalışırlar ki, övladlarını məktəbə tam hazırlıqlı yollasınlar. Şəhərimizdə məktəbli ləvazimatlarının satışı üçün çoxsayılı mağazaların olmasına baxmayaraq, nədənsə valideynlərin daha çox üz tutduğu ünvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzidir. Səbəbini isə gəlin birlikdə öyrənək. 

    Yol aldığımız mağazaya daxil olarkən burada qələbəlik müşahidə edirik. Qələbəliyin səbəbkarlarının bir qisminin buraya məhz məktəb ləvazimatları almaq üçün yollandığını mərkəzin müdiri Mirələsgər Seyidovdan öyrənirik. Mərkəzi gəzərkən, ilk növbədə, diqqəti ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar, müstəqillik illərində Naxçıvanla bağlı çap olunmuş elmi ədəbiyyatlar, oxunması zəruri olan kitablar çəkir. Rəflərə səliqə ilə düzülmüş Yazıçılar Birliyi üzvlərinin əsərləri, müxtəlif bədii ədəbiyyatlar, broşürlər, bukletlər, miniatür kitablar və daha nələr, nələr... Amma müşahidələrimdən aydın görürəm ki, alıcılar məktəb ləvazimatlarına, dərs planlarına, lüğətlərə, hüsnxətlərə, çantalara daha çox maraq göstərirlər. 

    Mağazanın müdiri də fikrimizi təsdiq edərək deyir ki, 2021-ci ildən fəaliyyətə başlayan Sərgi-Satış Mərkəzində satılan məktəbli ləvazimatlarına tələbat çoxdur. Mərkəzdə məktəbli ləvazimatlarının uyğun qiyməti və çeşid zənginliyi alıcı marağını artırır. Dərs ilinə hazırlıqla əlaqədar mərkəzdə müəllimlər və valideynlərə çantalar 8 manatdan başlayan qiymətlərlə, məktəbli kitabçaları, lüğətlər 1 manat 50 qəpikdən 2 manat 50 qəpiyə, müəllimin dərs planı 2 manatdan 5 manata, həmçinin digər məhsullar da daha sərfəli qiymətlərlə təklif olunur. 

    Mirələsgər Seyidov deyir ki, hər il olduğu kimi, bu tədris ilinin başlanması ərəfəsində də – sentyabrın 1-dən 15-dək məktəbli yarmarkaları təşkil olunacaq. Ötən il olduğu kimi, bu il də “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi olaraq birlik tərəfindən hazırlanan və nəşr edilən məktəbli ləvazimatları – illik və gündəlik dərs planları, məktəbli kitabçaları, lüğətlər, hüsnxətlər, dəftərlər, yüksəkkeyfiyyəti ilə diqqəti cəlb edən məhsullarla yarmarkada iştirak edəcəyik. Ötən il yerli istehsal olan həmin məhsullar, xüsusilə üzərində muxtar respublikanın mədəni-tarixi abidələrinin, görkəmli yerlərinin şəkilləri olan, məktəblilərin öz yurd yerimizi daha yaxından tanımaları məqsədi daşıyan ləvazimatlar böyük alıcı marağına səbəb olmuşdu. Bu il də çalışmışıq ki, geniş alıcı kütləsinin diqqətini çeşid-çeşid, rəngarəng, maraqlı məhsullarla cəlb edək.
    Burada olarkən söhbətləşdiyimiz valideynlər məktəbli övladları üçün yaradılmış şəraitdən xeyli razılıq edirlər. 
    Valideyn Sevinc İbrahimova deyir ki, burada ləvazimatlar şəhərdə fəaliyyət göstərən digər mağazalarla müqayisədə daha münasib qiymətədir. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Bu biz valideynlər üçün çox sərfəlidir. Hər bir valideyn çalışır ki, yeni tədris ilində övladına yeni dərs ləvazimatları alsın. Elə mağazalar var ki, satıcılar alıcılara yüksək qiymətlərlə məhsullar təklif edirdilər. Düşünürdülər ki, valideynlər nə olursa-olsun, həmin ləvazimatları almağa məcburdur. Şəhərimizdə yaradılan belə satış mərkəzləri, məktəbli yarmarkaları süni qiymət artımının qarşısını alıb. Bu isə həm xərclərin optimallaşdırılması, həm də daha keyfiyyətli ləvazimatlar əldə etmək baxımından əhəmiyyətlidir.
    Sevginur Zeynalova isə nəvələrinə məktəbli ləvazimatları almaq üçün mərkəzə gəldiyini bildirir. O deyir ki, bir zamanlar bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hala çevrilmişdi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada, indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün burada nə istəsən var. Mən də nəvələrim üçün buradan lazımi ləvazimatları aldım. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
    Qeyd edək ki, mərkəzdə təkcə şagirdlər üçün deyil, müəllimlər üçün də müəyyən ləvazimatlar satışa çıxarılıb. Burada olarkən Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin biologiya müəllimi Türkanə Seyidbəyli də öz müəllim yoldaşları ilə bərabər ləvazimatlara baxır, nələrsə almaq üçün götür-qoy edirdi. Yaxınlaşıb, müəllimin satışa çıxarılan məhsullarla bağlı fikirlərini öyrənirik. Deyir ki, çeşid çox olanda seçim etmək qərarı da çətin olur. Övladlarına karandaş, dəftər, çanta və müəllim üçün lazım olan ləvazimatlar almaq istədiyini bildirən Türkanə müəllim sözlərinə belə davam edir: “Əvvəllər ilin bu mövsümündə valideynlərlə yanaşı, müəllimlərin də qayğıları artırdı. Ancaq belə bir mağaza və məktəbli yarmarkaları işimizi xeyli yüngülləşdirib, artıq vaxt itirib bir neçə mağazaya deyil, buraya üz tuturuq. Çünki burada seçimetmə imkanlarımız genişdir. Çeşid çox, qiymətlər ucuz, məhsullar isə keyfiyyətlidir. 
    Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Rəmzi Babayevin də mərkəzlə bağlı fikirlərini öyrənirik. O deyir ki, artıq iki ildir, həm özüm, həm də övladlarım üçün zəruri ləvazimatları buradan alıram. Ləvazimatlar həm keyfiyyətlidir, həm də sərfəli. Ən əsası isə az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə edirik. Belə yarmarkaların təşkili həm valideynlərə, həm də müəllimlərə daha bir qayğının ifadəsidir. 
    Süni qiymət artımının qarşısının alınması, valideynlərin maddi vəziyyətinin övladlarının təhsil xərclərini ödəməkdə çətinlik çəkməməsi məqsədilə yaradılan belə mərkəzin fəaliyyətindən razılıq edən təkcə müəllimlər və valideynlər deyildi. Naxçıvan Müəllimlər İnstitutunun İbtidai sinif müəllimi ixtisası üzrə üçüncü kurs tələbəsi Firuzə Vəliyeva da bu şəraiti yaradanlara təşəkkür etdi. Dedi ki, artıq iki ildir ki, dərs üçün lazım olan ləvazimatları buradan alır. Qiymətlər bazar qiymətlərindən xeyli aşağıdır. İkinci sinifdə oxuyan qardaşı var. Onun üçün çantalara baxır. O qədər çox çeşid var ki... Elə buna görə də seçim rahatdır.

    Müşahidələrimizə əsasən deyə bilərik ki, mərkəz yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəb ləvazimatlarına olan tələbatlarının daha rahat şəkildə təmin edilməsində mühüm rol oynayır. Alıcılarla söhbətimizdən də o qənaətə gəldik ki, burada məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili hər kəs tərəfindən razılıqla qarşılanır. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 29.08.2022 19:26