AZ EN RU

Zəngilandakı toyun təşkilatçısı Sözü və İmzası bir olan Liderdir

Sosial media işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində 32 il sonra keçirilən ilk toyun görüntüləri ilə dolub daşır. Ölkənin birinci kanalı Aztv-nin toydan hazırladığı xüsusi reportajı diqqətlə izləyirəm. Əsl azərbaycanlı ailəsinə xas adətlər göz oxşayır. Qazanlar asılıb, mağar qurulub, tabaqlar bəzədilib. Bizim "Ağıllı Ağalı"da xoş nidalar, arzular, diləklər sanki çiçək açıb: "Bu günü çoxdan gözləyirdik, yaşasın Qalib Ordumuz, bu günü bizə bəxş edən Ali Baş Komandanımız var olsun, Allah şəhidlərimizə rəhmət eləsin" və sair və ilaxır...
Həyatda ilkləri yaşamaq, ilklərin müəllifi olmaq həmişə unudulmaz, yaddaqalan olub. Bu mənada, bəy, Vətən müharibəsi iştirakçısı Baloğlan İsmayılov, onun zövcəsi, bu mərasimə gəlib onlara xeyir-dua verən ağsaqqal, ağbirçək, ləziz toy yeməkləri bişirən ana-bacılarımız nə xoşbəxtdir, İlahi!
  Biraz obrazlı səslənəcək, amma həqiqətdir: əslində, bu toyun təşkilatçısı da, icra edəni  də Sözü və İmzası bir olan Azərbaycan Prezidentidir. Yağının ayağını Ağalıdan kəsən də Odur, Zəngilanı qurub-yaradan da, insanları ata-baba torpağında ev-eşik, iş-güc sahibi edən də, elə bu gün bu toyu təşkil edən də... İndi  Ağalıdan ucalan toy səsi qədim Azərbaycan torpağı Zəngəzurda düşmənin bağrını yarır. Sanki musiqi sədası dil açıb danışmaq istəyir: "Bir gün bu ellərdə də Azərbaycan xalqı el adəti ilə toy-büsat quracaq".
Yadınızdadır, illər öncə xain düşmən Şuşamızı işğal edəndə bu əməliyyata qondarma bir ad da qoymuşdu: "Dağlarda toy". İllər sonra biz bu çürük ideologiyanı məhv etdik, Qarabağa böyük qayıdışımızı gerçəkləşdirdik və göstərdik ki, əsl toy necə olur.
 Əziz Zəngilan, bu təbriki də qonşun Naxçıvandan sənə yollayıram: şəhid ruhu yaşayan o müqəddəs torpağında həmişə toy-büsat olsun. Xoşbəxt ol, şanlı Qələbədə imzası olan igid. Bu sənin halal haqqındır.

Nəşr edilib : 17.02.2024 18:40