AZ EN RU

“Zəngi 2023” MMC-nin təsisçisi: “Orqanik Naxçıvan”ın rezidenti kimi muxtar respublikada aqrar sahənin inkişafına dəstək olmağa çalışırıq”

Xəbər verdiyimiz kimi, Naxçıvanda ilk dəfə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində maralfalfa bitkisinin əkini həyata keçirilib. Əkin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə “Zəngi 2023” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə əməkdaşlığı sayəsində reallaşdırılıb.

Cəmiyyətin təsisçisi, “Orqanik Naxçıvan” publik hüquqi şəxsinin rezidenti Sənan Məmmədov “Şərq qapısı” qəzetinə müsahibəsində deyib ki, artıq 15 ilə yaxındır ölkədə kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstəririk. Ötən ildən başlayaraq Naxçıvanda da işlərə başlamışıq. Hazırda “Orqanik Naxçıvan”ın rezidenti kimi muxtar respublikada aqrar sahənin inkişafına dəstək olmağa çalışırıq. Ötən il Babək rayonunun Hacıvar kəndində orqanik bağ salmışıq, eyni zamanda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində toxumçuluq təsərrüfatı yaratmışıq. İndi isə maralfalfa tinginin əkinini həyata keçiririk. Yem üçün nəzərdə tutulmuş bitkidir. Heyvandarlıqda çox əlverişlidir, məhsuldarlığı yüksəkdir.

Sənan Məmmədov qeyd edib ki, maralfalfa iqdisadi cəhətdən çox səmərəlidir:- Müqayisə üçün demək olar ki, 1 hektarlıq maralfalfa əkini sahəsindən alınan məhsuldarlıq 300 hektar yonca ərazisinə bərabərdir. Eyni zamanda yonca sahəsinə çəkilən xərcin 25 faizini tələb edir, vegetasiya dövründə bitkiyə əlavə xərc çəkməyə ehtiyac qalmır.  Bu da səmərə göstəricisi olaraq fermerlər üçün vacib məsələdir. İnanırıq ki, bitkinin bütün bu müsbət cəhətləri gördüyümüz işin uğur qazanmasına imkan verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 29.03.2024 18:00