AZ EN RU

“Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də...”

    Prezident cənab İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində 2022-ci ildə ölkə həyatında baş verən mühüm hadisələri xatırlatmaqla yanaşı, görüləcək mühüm işlərin anonsunu da verdi. Bunlardan biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Dövlət başçısının “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də” fikri layihənin reallaşdırılmasında Azərbaycanın nə qədər qətiyyətli olduğunu bir daha ortaya qoydu.
    Ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 10 noyabr Bəyanatının 9-cu bəndində açıq mətnlə qeyd olunur ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ötən müddət ərzində Ermənistan tərəfindən bu istiqamətdə nəinki heç bir addım atılmayıb, hətta dəhlizin açılmaması üçün vaxtaşırı olaraq dövriyyəyə əsassız informasiyalar buraxılıb. Ermənistandan fərqli olaraq isə Azərbaycan hər zaman ən yüksək səviyyələrdə Zəngəzur dəhlizinin açılmasını diqqət mərkəzində saxlayıb, bu sahədə mühüm işlər görülüb, ölkə başçısı tərəfindən indiyədək çox sayda açıqlamalar verilib. Elə bir neçə gün bundan əvvəl Azərbaycan Prezidentinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində bu amili bir daha dilə gətirməsi də ortaya qoyulan güclü iradənin nəticəsidir: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

    Müraciətin bu hissəsində həm də erməni və havadarlarına bir xəbərdarlıq var. Aradan keçən ikiillik dövrdə qarşı tərəfə aydın olmalı idi ki, Azərbaycan qarşıya qoyduğu məqsədinə çatmadan geriyə dönən deyil. Qalib tərəf olmasına baxmayaraq, ölkəmiz beynəlxalq humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək hələ də bu kimi məsələlərdə səbir və dözümlülük nümayiş etdirir. Halbuki Zəngəzur dəhlizinin açılması dənizlərə çıxışı olmayan bir ölkə üçün böyük nəfəslik rolunu oynayır. Amma erməni təfəkkürünə görə adıçəkilən dəhliz bu ölkəni “blokadaya salacaq”, mövcud iqtisadi-siyasi durumunu daha da çətinləşdirəcək. Halbuki Azərbaycan dəfələrlə Ermənistanın bu layihədə iştirakının ona iqtisadi mənfəət gətirəcəyini bildirib. Görünən odur ki, erməni tərəfi hələ də bu sahədə qəti addımlar atmaq marağında deyil. Azərbaycanın isə güc yolu ilə də bu məsələni həll etmək imkanı var. Amma qeyd etdiyimiz kimi humanizm prinsipləri Azərbaycan üçün hər şeydən öndə gəlir. Bir də unutmaq olmaz ki, Zəngəzur dəhlizi bu gün artıq Rusiya, Çin, Mərkəzi Asiya ölkələrini Qərb bazarları ilə bağlayan ən əlverişli yoldur. Son dövrlərdə dünyada baş verən proseslər də bu dəhlizin aktuallığını artırır. Azərbaycan isə burada əsas faktorlardan biridir. Əgər ölkə rəhbəri Zəngəzur dəhlizinin kimsənin istəyindən asılı olmayaraq, açılacağını səsləndirirsə, bu, tezliklə baş verəcək. Elə reallıq da odur ki, Azərbaycan Prezidenti dediyi sözü qətiyyətlə yerinə yetirən nadir dövlət başçılarındandır. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 06.01.2023 19:33