AZ EN RU

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır

Dəmiryolları bu sahədə mühüm infrastruktur layihəsidir

    Tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan biri də hazırda ən çox diqqət mərkəzində olan Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən Azərbaycanın qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində də bu məsələyə xüsusilə toxunulur və dövlət başçısı cənab İlham Əliyevin sözləri ilə desək: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

    Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region, həmçinin  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərədaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. 
    Prezident cənab İlham Əliyev 31 Dekabr 2022-ci ildə – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində il ərzində ölkə həyatında baş verən mühüm hadisələri xatırlatmaqla yanaşı, görüləcək mühüm işlərin anonsunu da verdi. Bunlardan biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Dövlət başçısının Zəngəzur dəhlizinin açılacağı ilə bağlı ən yüksək beynəlxalq kürsülərdən bəyan etdiyi qətiyyətli mövqey layihənin reallaşdırılmasında Azərbaycanın nə qədər qətiyyətli olduğunu bir daha ortaya qoydu. Görünən odur ki, Azərbaycan dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələrin əksinə, bu sahədə öz siyasətini uğurla davam etdirməkdədir və hazırda görülən işlər də bunu sübut edir. Bir neçə gün bundan əvvəl media nümayəndələrinin Füzuli-Cəbrayıl-Zəngilan istiqamətində səfəri də bu istiqamətdə dəmir yolu xəttinin tikinti ilə bağlı məlumatlandırma məqsədi daşıyırdı. Horadiz-Ağbənd dəmir yolu xəttində aparılan tikinti işləri ilə tanışlıqda qəzetimizin fotomüxbiri Əsədulla Səfərovla birgə iştirak etdik. 
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 14 fevral 2021-ci ildə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən Prezident cənab İlham Əliyev Füzuli rayonuna gələrək 140 illik tarixi (1880-2020) olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymuşdur. Bu dəmir yolu xəttinin mühüm strateji əhəmiyyəti ondadır ki, nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Dövlətimizin başçısı bunun əhəmiyyətini belə vurğulamışdır: “Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.
    Səfərimiz böyük bir avtobusla həyata keçirilirdi. Bakıdan Horadizə qədər yollar abad və rahatdır. Yeri gəlmişkən, Horadiz də Füzuli rayonu ilə birgə 1993-cü ilin 23 oktyabrında işğal edilmişdi. Lakin 1994-cü ildə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatından sonra yaşayış məntəqəsi işğaldan azad olunmuş, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2007-ci il tarixli Fərmanına əsasən Horadizə şəhər statusu verilmişdir.
    Səfərdə müşahidə etdiyimiz yerlər, daha doğrusu, dəmir yollarının çəkildiyi ərazilər, iki il bundan əvvəl işğaldan azad edilmiş yerlərdir. Horadizdən Ağbəndədək dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə başçısı cənab İlham Əliyevin 2021-ci il 13 mart tarixli Sərəncamına əsasən başlanılıb. Dəmir yolu xətti təkxətlidir və ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə 140,6 kilometrdir. Layihə üzrə 9 stansiyanın tikintisi nəzərdə tutulub. Bunlar Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd stansiyalarıdır. 
    Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Tikintiyə Nəzarət İdarəsinin şöbə rəisi Kənan Rzayev bizimlə söhbətində bildirdi ki, Horadizdən Ağbəndədək tikintisi aparılan dəmir yollarında 41 körpü, 22 avtomobil keçidi, 3 tunel, 2 qalereya, 4 heyvanlar üçün keçid, 253 suötürücü boru və 144 ehtiyat keçidi, o cümlədən 70 yoldəyişən, 110,4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulmaqla, ümumilikdə, 469 mühəndis qurğusunun tikintisi reallaşdırılacaq. Öyrəndik ki, ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə isə minatəmizləmə işləri davam edir.
    Müsahibimiz bildirdi ki, adıçəkilən dəmir yolu xəttində tikinti işləri üç mərhələdə aparılır. Birinci mərhələ 0-30 kilometr, ikinci mərhələ 30-85 kilometr, üçüncü mərhələ isə 85-110,4 kilometr məsafəni əhatə edir. 60 kilometr uzunluğunda dəmir yolunda relslər quraşdırılıb, 300-ə yaxın mühəndis qurğularının işləri yekunlaşıb. Hazırda isə yolun 62-72-ci kilometrlərində  dəmir yolunun torpaq yatağı və mühəndis qurğularının tikintisi davam etdirilir. 
    Onu da qeyd edək ki, bu dəmir yolu xətti, eyni zamanda Həkəri çayının üstündən keçir. Horadiz-Ağbənd dəmir yolu xəttinin 65-ci kilometrliyində çayın üzərində salınmış Həkəri körpüsü Azərbaycanda ən uzun dəmir yolu körpüsüdür. Dəmir-beton dayaqlardan inşa edilmiş 13 aşırımlı bu körpünün uzunluğu 418 metrdir. Kənan Rzyev bildirdi ki, körpünün tikintisi ilə əlaqədar Həkəri çayının istiqaməti müvəqqəti olaraq dəyişdirilib. Hazırda isə burada beton-konstruksiya işləri yekunlaşıb, torpaqbərkitmə işləri isə davam etdirilir. 
    Həmsöhbətim onu da bildirdi ki, Horadiz-Ağbənd dəmir yolu təkxətli olaraq layihələndirilib, ancaq  sərnişin və yükdaşımalarının daha rahat hərəkəti üçün stansiyalarda dəmir yolları üçxətli olaraq planlaşdırılıb. Bu da qatarların gün ərzində fasiləsiz olaraq rahat hərəkət etməsinə imkan verəcəkdir. 
    Qeyd edək ki, hazırda nəzərdə tutulmuş layihə üzrə işlərin 40 faizə qədəri görülüb, ümumilikdə isə adıçəkilən istiqamət üzrə işlərin yekunlaşdırılması gələn ilin ortalarına nəzərdə tutulub. Necə deyərlər, bütün işlər plan üzrə gedir. Ölkə Prezidentinin dediyi kimi: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.
    Sonda onu da xatırlatmaq yerinə düşər ki, 2000-ci il 12 sentyabr tarixdə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında təməli qoyulan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin inkişafına təkan verəcək. Həmin dəhliz sayəsində Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımaları, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artacaq.

Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti 
Naxçıvan-Füzuli-Cəbrayıl-Zəngilan-Naxçıvan 

Nəşr edilib : 27.02.2023 15:49