AZ EN RU

Zəngəzur dəhlizi tarixi reallıqdır

    İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının qəhrəmanlığını bir daha nümayiş etdirdi. Bu tarixi dövrdə Azərbaycan Ordusunun, Azərbaycan diplomatiyasının saysız uğurları dünya hərb və siyasət tarixinə qızıl hərflərlə yazılıb. Ordu-xalq, dövlət-ordu, xalq-dövlət birliyi dünya ictimaiyyətinə bir daha nümayiş olundu. 44 günlük müharibənin hər dəqiqəsi şanlı Zəfər tarixi kimi yaddaşımızda yer aldı və uzun illər də öz mənəvi və psixoloji dəyərini qoruyacaqdır. 
    Müzəffər Ordu və Müzəffər Ali Baş Komandan birliyi üçtərəfli Bəyanatla daha da gücləndi. Dünya tarixində sayı elə də çox olmayan, düşmənə öz imzası ilə məğlubiyyətini qəbul etdirən kapitulyasiya aktı imzalandı. Həm də şərtləri qalib ölkə – Azərbaycan tərəfindən diktə olunan Bəyanat qəbul edildi. Bəyanat tam olaraq Azərbaycanın milli maraqlarını özündə ehtiva edir. Bəyanatın 9-cu bəndinə uyğun olaraq bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməli idi. Nəhayət, Zəngəzur dəhlizi tarixi reallığa çevrilir. Həmçinin də bu dəhliz tarixi İpək Yolunun bərpası deməkdir. Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və siyasi potensialını dəfələrlə artıracaqdır. Həmçinin Cənubi Qafqazda yeni inte­qrasiya təşəbbüsləri yaradacaqdır. Bununla da 3+3 formatı, yəni “altılıq platforma” reallığa çevrilə bilər. Zəngəzur dəhlizi regiona həm qonşu dövlətləri, həm də dünyanın güc strukturlarını cəlb edir. 
    Bu tarixi ticarət yolu istər region, istərsə də dünya üçün yeni perspektiv deməkdir. Bu dəhlizin yeni imkanları maraqlı dövlətləri özünə cəlb edir. Qeyri-region ölkəsi olmasına baxmayaraq, Çin dövləti də Zəngəzur dəhlizində maraqlıdır. Çinin “Bir kəmər bir yol” layihəsi çərçivəsində planlanan 3 ticarət yolundan biri olan “Orta yol” nəqliyyat dəhlizi Zəngəzur dəhlizinin önəmini daha da artırır. “Bir kəmər bir yol” layihəsi üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də ticari-iqtisadi əlaqələrin ucuz, təhlükəsiz, sürətli yolla təşkil edilməsindən ibarətdir. Bu məqsədlə şərti olaraq “Şimal yolu”, “Orta yol” və “Cənub yolu” kimi terminlər də dövriyyəyə çıxıb. “Şimal yolu” Rusiya ərazisindən keçərək Avropaya uzanan, “Orta yol” Mərkəzi Asiya-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən marşrutu, “Cənub yolu” isə Cənubi Asiya ölkələri ərazisindən keçərək İranı da əhatə edən istiqamətdir. Məsələ burasındadır ki, bu üç əsas yol Cənubi Qafqazda, Azərbaycan ərazisində kəsişir. Azərbaycan tərəfinin məqsədi və mövqeyi qətiyyətli, eyni zamanda aydındır ki, Zəngəzur dəhlizi, hər şeydən əvvəl, regional əməkdaşlıq qarşısında illərdir, dayanan maneələrin aradan qaldırılmasına xidmət etməlidir. Daha sonra regionda dayanıqlı və möhkəm sülh və sabitlik, həmçinin perspektiv imkanlar yaratmalıdır. Dəhlizin mümkün imkanlarını nəzərə alan bir çox dövlət artıq bu reallığı qəbul edərək Zəngəzur dəhlizini dəstəkləyir. Əməkdaşlıq fonunda Azərbaycan “altılıq platforma”nı da tam dəstəkləyir. Bu platforma region ölkələrini bir-birinə daha da yaxın edəcək. Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın əməkdaşlıq və təhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərmək üçün xüsusi platformada birləşməsi nəzərdə tutulub. Yəni bu ölkələr regiondan kənarda olan qüvvələrlə əməkdaşlıq və təhlükəsizlik məsələlərində razılaşdırılmış formada və bir əməkdaşlıq formatının üzvləri kimi iştirak etməlidirlər. Deməli, Zəngəzur dəhlizi həmin altı dövlət üçün geosiyasi və geoiqtisadi aspektlərdə eyni dərəcədə əhəmiyyət kəsb edir və onun təhlükəsizliyi onların hər birinin vəzifəsidir. Belə ki, Cənubi Qafqazda hansısa dövlətin hegemon davranışına son qoyulur. Burada Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və İran bir yerdə aparıcı rol oynamalıdırlar. Digər bir məsələ isə Azərbaycanın istənilən əməkdaşlıq platformasına Ermənistanı da aid etməsidir. Bu humanizm bölgədə uzunmüddətli sülh və əməkdaşlıq baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizi tarixi bir inkişaf yolu və çox yaxın reallıqdır. Çinin Avropanın, eləcə də region dövlətlərinin Zəngəzur dəhlizində ortaq maraqları bu tarixi 300 ilə dayanan qədim yolun bərpasını daha da reallaşdırır. Qardaş Türkiyə dövləti ilə imzalanan, qardaş sevgisini, qardaş dəstəyini dünyaya nümayiş etdirən Şuşa Bəyannaməsi bölgədə əməkdaşlığın, sülhün, inkişaf perspektividir. Analoqu olmayan bu platforma Azərbaycanı regionda və dünyada söz sahibi edir. 
    Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi ölkə başçısının Naxçıvan səfərində də özünü göstərmişdir. Prezident cənab İlham Əliyev bu sözləri 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infra­strukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”. Nəticə olaraq, Müzəffər Ali Baş Komandan, müzəffər Ordu və müzəffər xalq birliyi sülhün, təhlükəsizliyin, beynəlxalq əməkdaşlığın qarantıdır.

Nazlı YAQUBOVA
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər
kafedrasının müəllimi, siyasi elmlər üzrə dissertant

Nəşr edilib : 13.01.2023 18:09