AZ EN RU

Zəngəzur dəhlizi Naxçıvanı beynəlxalq logistika mərkəzinə çevirəcək

Adətən, düşmən dövlətlər arasında divarlar, sədlər çəkilir, münasibətlər hərtərəfli qopur. Azərbaycan isə növbəti dəfə sülhsevər və mehriban qonşuluq mövqeyindən çıxış edərək, 30 il ərzində onun torpaqlarını işğal altında saxlayan və hələ də bu düşmənçiliyi müxtəlif vasitələrlə davam etdirməkdə maraqlı olan dövlətlə – Ermənistanla öz arasında divar hörülməsini deyil, yolların çəkilməsini, kommunikasiyaların qurulmasını təklif edərək, özünün humanizm, tolerantlıq və multikultural kimi yüksək bəşəri dəyərlərinə sadiqlik nümayiş etdirir. Belə ki, Zəngəzur dəhlizinin reallaşması, dərhal olmasa da, perspektivdə Azərbaycanla Ermənistan arasında işgüzar əlaqələrin yaranmasına və inkişafına təkan verə bilər.

Əlbəttə, həm ölkəmizin beynəlxalq nəqliyyat xətlərinin üzərində yerləşməsi, həm də dəhlizin keçəcəyi Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması baxımından, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur”.

Hələ sovet hakimiyyəti illərində, yəni 1941-ci ildə Sovet İttifaqı tərkibində olarkən sovet dövlətinin dəmir yollarının tərkib hissəsi kimi Mincivan-Ordubad xətti tikilib istifadəyə verilmiş, o dövrdə Moskvanı təkcə Azərbaycan, Ermənistan və Naxçıvanla deyil, həm də muxtar respublikadakı Culfa dəmiryolu vasitəsilə İranın dəmir yolu şəbəkəsi ilə birləşdirərək, SSRİ ilə İranın Fars körfəzindəki limanları arasında tranzit yük daşımalarına imkan yaratmışdı. Lakin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan məlum hadisələr nəticəsində 1992-ci il fevralın 24-dən muxtar respublikanı Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolunun fəaliyyətini dayandırdı. Azərbaycan torpaqlarının işğalı dəmir yolunun Ermənistanın Mehri rayonundan və ermənilərin qəsb etdiyi ərazilərimizdən keçən hissəsinin tamamilə dağıdılmasına səbəb oldu. Azərbaycan ərazisində sovet hakimiyyəti illərində dəmir yolu infrastrukturu əsasən qorunub saxlanılsa da, Bakı-İrəvan dəmiryolu xəttinin ermənilərin nəzarətində olan hissəsində dəmir yolu relsləri bədnam erməni liderləri R.Koçaryan və S.Sarkisyan Ermənistan prezidenti olduqları dövründə hissə-hissə doğranıb satıldı. Bu proses 2003-cü ildə düşmən ölkənin müdafiə nazirliyinin birbaşa rəhbərliyi ilə həyata keçirilib və 31 min metr uzunluğunda dəmir yolu sökülüb (ehtimal olunur ki, qalan 10 min metrlik hissə 1992-2003-cü illərdə xaotik şəkildə dağıdılıb). Bununla bağlı, 2018-ci ildə Ermənistanda hətta cinayət işi də başlanılıb, lakin iş üzrə həbs edilən olmayıb. Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildə Rusiyanın Zaqafqaziya dəmiryol şirkətinin idarəçiliyinə verilib.

Prezident İlham Əliyev hələ 2021-ci il aprelin 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsinə səfəri zamanı ermənilərin növbəti vəhşilik aktından danışaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlərə diqqət çəkmişdi: “Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcəkdir. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır”.

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm zəfərdən sonra həmin il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir və tərəflər bu istiqamətdə yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etməlidirlər. Yəni bəyanatda yalnız dəmir yolundan deyil, həm də avtomobil yolundan söhbət getdiyi aydındır. Belə ki, sadəcə dəmir yolu nəzərdə tutulsaydı, ümumi ifadə kimi “nəqliyyat kommunikasiyaları” ifadəsi deyil, məsələn, “əvvəllər mövcud olmuş dəmir yolunun bərpası” ifadəsi yaxud da sadəcə, “dəmir yolu” ifadəsi işlədilərdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev belə deyir: “Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”.

Yeri gəlmişkən, hələ 1974-cü ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyən ulu öndər Heydər Əliyevin Bakı ilə Naxçıvan arasında birbaşa avtomobil yolunun çəkilməsi istiqamətində apardığı mübarizə, keçmiş SSRİ rəhbərliyinin razılığına nail olmaqla, uğurla nəticələnsə də (tikintinin 1980-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu), yolun 48 kilometri Ermənistanın Mehri rayonu ərazisindən keçdiyindən, ermənilər bütün vasitələrlə yolun çəkilməsinə mane oldular. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifələrə təyin olunduqdan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirmiş, lakin ermənilər tərəfindən 1980-ci illərin sonunadək yolun çəkilməsinə müxtəlif bəhanələrlə böyük maneələr yaradılmış və beləliklə, həmin hissədə avtomobil yolu çəkilişi başa çatdırılmamışdı. Sovet hakimiyyəti illərində azərbaycanlılar Naxçıvandan ölkəmizin əsas hissəsinə və əks istiqamətdə Şahbuz rayonunun Batabat yaylağından, Biçənək aşırımından keçən avtomobil yolundan istifadə edirdilər. Başqa sözlə, Zəngəzur dəhlizinin açılmasında ciddi şəkildə iradə ortaya qoyan Azərbaycan Prezidenti İlham Əliyev üçün Zəngəzur yolunun bütün cəhətləri ilə yanaşı, belə görünür ki, həm də mənəvi tərəfi var.

Məlumdur ki, son 20 ildə Azərbaycan regionda bütün aparıcı nəqliyyat, enerji və kommunikasiya infrastrukturu üzrə layihələrin həyata keçirilməsində aparıcı ölkə olub və məhz torpaqlarının işğalı faktoruna görə Ermənistanı bütün bu layihələrdən kənarda saxlayıb. Zəngəzur dəhlizi bu baxımdan Ermənistanın region ölkələri ilə iqtisadi inteqrasiyasında açar rolunu oynaya bilər. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılmasını sürətləndirməklə, 30 ildən çox sürən düşmənçilik tarixini qapatmaqda maraqlı olduğunu göstərə, özünə inam və etimad yarada bilər. Bundan başqa, dəhliz, Cənubi Qafqaz regionunda onu özünün də maraqlı olduğu müxtəlif fitnəkar əməllərə təhrik edən dövlətlərin təsirindən qurtara, Ermənistan üçün iqtisadi baxımdan olduğu kimi, siyasi baxımdan da həyati əhəmiyyət kəsb edə bilər. Dəhlizin açılması Ermənistanı 30 illik nəqliyyat və iqtisadi blokadadan çıxaracaq, bu ölkəyə xarici investisiya axını sürətləndirəcək. Lakin təəssüf ki, 2020-ci ildə II Qarabağ müharibəsində Azərbaycana biabırçı şəkildə məğlub olduqdan sonra belə, bu ölkə yeni, sülhə, inkişafa və inteqrasiyaya yönəlik çağırışlara adekvat cavab vermək əvəzinə, hələ də öz xarakterinə sadiq qalaraq, yaxın və uzaq ölkələrdəki dəstəkçilərini də arxasına almaqla, yalnız destruktiv vasitələrlə regionda öz varlığını qoruyub saxlamağa çalışır.

Bilavasitə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək nəqliyyat kommunikasiyalarının açılması həm milli, həm regional, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Bizim ölkəmiz üçün bu dəhliz, ilk növbədə, Azərbaycan torpaqlarını nəqliyyat kommunikasiyaları ilə birbaşa birləşdirmək baxımından çox əhəmiyyətlidir ki, bu da Naxçıvanda sosial-iqtisadi inkişaf tempinin bütövlükdə ölkə ilə həmahəng olmasına, Azərbaycan vətəndaşlarının rahat hərəkətinə imkan verəcəkdir. Bu dəhliz Naxçıvanın bütövlükdə ölkəmizin iqtisadi sisteminə daha sürətli inteqrasiyasını, muxtariyyətin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatı ilə həmahəng inkişaf tempinə nail olunmasına gətirib çıxaracaqdır. Doğrudur, ötən illərdə iqtisadi qüdrəti artdıqca, ölkəmiz, özünün bütün regionları kimi, Naxçıvanın inkişafı üçün də ciddi şəkildə vəsait qoyuluşu həyata keçirib. Lakin bir sıra subyektiv amillərlə yanaşı, bilavasitə avtomobil və dəmir yolu infrastrukturunun olmaması da bu işi kifayət qədər ləngidib. Belə ki, birbaşa və rahat nəqliyyat-kommunikasiya əlaqələrinin olması biznes üçün əlavə vaxt və maliyyə itkisinin qarşısını alır, sadə vətəndaşların rahat gediş-gəlişini təmin edir və bütün iqtisadi subyektlər üçün bərabər rəqabət şərtlərinin yaradılmasına kömək edir. Bundan başqa, dəhlizin açılması ilə Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat qovşaqlarının əsas tranzit ölkələrindən birinə, Naxçıvan ərazisi isə mühüm beynəlxalq logistika mərkəzinə çevrilə bilər.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “...Biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var”. 2022-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Lyayenin Bakıda imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu və dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Avropa Komissiyası Prezidentinin iştirakı ilə imzalanan yaşıl enerji sahəsində tərəfdaşlığa dair Buxarest Sazişi bu planların çox da uzaq perspektivdə olmadığını təsdiqləyir.

Regional baxımdan Zəngəzur dəhlizi böyük əhəmiyyətə malikdir. Təbii ki, bu əhəmiyyət, bütün digər səviyyələr (beynəlxalq, yerli) üzrə olduğu kimi, regional səviyyədə də, ilk nöbədə, özünü iqtisadi sahədə büruzə verir. Dəhliz çox böyük turizm potensialına malik Cənubi Qafqaz regionunda bu sahənin (məsələn, region əcnəbi ölkələrdən olan turistlər üçün daha əlçatan olacaq və səfərlər ucuz başa gələcək) də inkişafında mühüm rol oynayacaq. Həmçinin uzun illər ərzində region dövlətləri arasında normal əlaqələr olmadığından mümkünsüz hala gəlmiş Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran arasında insanların və yüklərin qarşılıqlı rahat daşınmasını təmin edəcəkdir.

Bundan başqa, şübhəsiz ki, region ölkələrinin ikitərəfli əlaqələrində də dəhliz çox mühüm yer alacaq. Məsələn, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsinin 2021-ci ildə 35 milyard olduğunu, 2022-ci ilin sonunda isə 50 milyard dolları ötdüyünü, yaxın perspektivdə tərəflərin bu göstəricini 100 milyard dollara çatdırmaq niyyətlərinin olduğunu nəzərə alsaq, o zaman bu dövlətlərin öz məqsədlərinə nail olması üçün də Zəngəzur dəhlizi çox böyük əhəmiyyət kəsb edir. Bu cür məsələlər digər region ölkələrinin ikitərəfli iqtisadi münasibətləri üçün də aktualdır.

Dəhlizdən perspektivdə İran vasitəsilə Yaxın Şərq ölkələri də istifadə edə bilərlər. Söhbət burada həm də Fars körfəzi ölkələri və hətta Afrika ölkələrindən, ilk növbədə, Misirdən gedir. Bu baxımdan, dövlət başçımızın Zəngəzur dəhlizinin açılması istiqamətində göstərdiyi qətiyyət Ermənistanın səylərinin son nəticədə iflasa uğrayacağına əminlik yaradır: “Ermənistan bundan boyun qaçırmaq istəyir, faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

Yeri gəlmişkən, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən 32 il sonra ilk dəfə Misir prezidentinin bu günlərdə Azərbaycana baş tutmuş səfəri Şimali Afrika ölkəsinin Azərbaycan dövlətinin getdikcə artan nüfuzuna, bir sıra sahələrdə (enerji, nəqliyyat, beynəlxalq terrorizmə qarşı mübarizə və s.) regional və qlobal aktor kimi oynadığı rola verdiyi qiymətin göstəricisi sayılmalıdır. Misirin gələcəkdə Zəngəzur dəhlizinə qoşulması ilə bu strateji dəhlizin coğrafi sərhədləri daha da genişlənərək, qlobal nəqliyyat xarakteri simasını daha da gücləndirəcəkdir. Bu baxımdan, Afrikasız belə Zəngəzur dəhlizi Avropa ilə Asiyanı birləşdirən ən optimal istiqamətlərdən biri olacaq ki, bu da onun əsas beynəlxalq əhəmiyyətini özündə ehtiva edir. Hələ 2021-ci il aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında cənab İlham Əliyev Zəngəzur dəhlizi məsələsində şərq ölkələrinin diqqətini cəlb edərək deyirdi: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Dəhlizin daha bir beynəlxalq əhəmiyyəti, şübhəsiz ki, ümummilli amillə bağlılığı – türk dövlətləri coğrafiyasının kəsintisiz nəqliyyatla birləşməsi olacaqdır. Bu hadisə bir tərəfdən türk dövlətləri arasında iqtisadi əməkdaşlıq məsələlərinin, sosial-mədəni inteqrasiyanın sürətlənməsinə səbəb olacaq, digər tərəfdən, böyük türk dünyasının məhz Azərbaycan vasitəsilə vahid coğrafi məkanda birləşməsinə və bundan sonrakı dövr üçün bütöv coğrafiya şəklində daimi mövcudluğuna gətirib çıxaracaqdır. Bu amili yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il martın 31-də videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə demişdir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim eyni zamanda böyük siyasi qələbəmizdir... Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Elman Cəfərli

YAP Naxçıvan Şəhər Təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 10.02.2023 10:51