AZ EN RU

Zəngəzur dəhlizi – Naxçıvanda turizmin yeni mərhələsi

    Qədim Naxçıvan diyarı Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşdiyi üçün hələ orta əsrlərdə dünya ipək ticarətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. Həm İrandan Gürcüstan və Dağıstana gedən ticarət yolu üzərində yerləşməsi, həm də Naxçıvan tacirlərinin Avropanın böyük sənaye mərkəzləri ilə geniş əlaqələr qurması bölgənin hərtərəfli inkişafına səbəb olmuşdu.

    Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla bağlayan dəmir yolu xətti 1941-ci ildən fəaliyyət göstərirdi. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1991-ci ildən bu dəmir yolu xətti fəaliyyətini məcburi şəkildə dayandırdı və bununla da Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi tamamilə kəsildi. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və uzunluğu 638 kilometr olan yolun 44 kilometri Ermənistan üzərindən keçir və bu yol 30 il müddətində tam blokada şəraitində olub. 
    44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsi Avrasiyanın geoiqtisadi xəritəsində yeni imkanlar yaratdı. Beynəlxalq nəqliyyat sisteminin yenidən qurulması bir çox Asiya ölkəsi üçün, eləcə də Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün çox əhəmiyyətlidir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dəmir yolu nəqliyyatının bərpa edilməsinə dair razılaşdırmanın əldə olunması və bu regionu Azərbaycanın digər rayonları ilə əlaqələndirən yeni avtomobil yolunun çəkilməsinin planlaşdırılması qədim diyarın müasir inkişafında xüsusi əhəmiyyətə malik olacaqdır. Zəngəzur dəhlizi isə Naxçıvan Muxtar Respublikasının türk-İslam dünyasına açılan bir qapı kimi rolunu artıracaq. Bununla yanaşı, Naxçıvana quru dəhlizin açılması, bütövlükdə, Azərbaycan iqtisadiyyatının, eləcə də turizmin inkişaf istiqamətində olduqca zəruri addımdır. Ölkəmizin coğrafi imkanları və turizm potensialının çatdırılması üçün həm işğaldan azad olunmuş torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə inteqrasiyasını təmin etmək üçün bu dəhliz böyük rola malikdir. 
    Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə vasitəsilə Avropaya, İran yolu ilə Asiyaya, Bakıdan keçməklə Rusiyaya doğru əlaqələrinin genişləndirilməsində böyük rol oynayacaq. Bununla da gələcəkdə regionda həm sosial-iqtisadi münasibətlər, həm də turizm əlaqələri daha da genişlənəcək. Naxçıvanla dəhlizin açılması, eyni zamanda Rusiyanın Türkiyə ilə, həmçinin Rusiyanın İranla faktiki olaraq Azərbaycan vasitəsilə əlaqələrinin qurulmasının mümkünlüyü deməkdir. Bu da, bütövlükdə, bölgədə turizmin intensiv şəkildə inkişaf etməsinə xidmət edən bir məsələdir. Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana Türkiyə və Rusiyadan gələn turistlərin sayı da artacaq.
    Zəngəzur dəhlizi Türk dünyasına inteqrasiyada da mühüm rol oynayacaq. Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı isə qeyd-şərtsiz muxtar respublikanın iqtisadi inkişafına öz töhfəsini verəcək. Türkiyə və Orta Asiya iqtisadi əlaqələrinin ən əlverişli marşrutu üzərində olmaq Naxçıvanı turizm sahəsində daha ön sıralara daşıyacaq. 
    Nəqliyyat dəhlizi istər yük, istərsə də sərnişin daşıma sahəsində kifayət qədər vacib əhəmiyyətə malik olacaq. Paytaxtımızdan və digər ərazilərimizdən Naxçıvan Muxtar Respublikasına gediş-gəliş həm sərfəli olacaq, həm də qısa zaman çərçivəsində həyata keçiriləcək. Bununla da Naxçıvana gələn daxili turistlərin, eyni zamanda Naxçıvandan Bakıya və Azərbaycanın digər bölgələrinə turizm səfərlərinə çıxanların sayında artım olacaq.  
    Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda digər sahələr kimi turizmin inkişafı ilə də bağlı bir sıra prioritet məsələlər nəzərdə belə ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi bu diyarı dünyanın maraq dairəsində olacaq bir turizm məkanına çevirəcəkdir.
    Son illərdə Naxçıvan şəhəri İslam mədəniyyətinin, eləcə də Avropa Gənclər paytaxtı missiyalarını da şərəflə yerinə yetirmiş və bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Naxçıvan şəhərində nəhəng və möhtəşəm məscid kompleksinin tikintisi regionda dini-mənəvi dəyərlərin inkişaf etdirilməsinə öz töhfəsini verməkdədir. İkiminarəli, 15 günbəzli məsciddə eyni vaxtda 5 min nəfər ibadət edə bilər. “Qurani-Kərim”in “Əl-Kəhf” surəsində bəhs edilən Əshabi-kəhf ziyarətgahının da Naxçıvanda yerləşməsi dəhliz açıldıqdan sonra buranın dini turizm sahəsində mövqeyini artıracaq. 
    Müalicəvi əhəmiyyətinə görə digər duz şaxtalarından fərqlənən Duzdağ Fizioterapiya Mərkəzi unikal balneoloji ocağın  tanıdılması və daha çox turist qəbul etməsi, eyni zamanda mineral sular muzeyi adlandırılan Naxçıvanda şəfaverici ehtiyatlardan istifadənin sürətlənməsi  bölgənin müalicə turizmi məkanı kimi şöhrətini artıracaq. 
    Naxçıvanın zəngin  tarixi irsini əks etdirən Əlincə qalası, Möminə xatın türbəsi, Gəmiqaya və digər  abidələri artıq dünyanın bir çox ölkəsindən gələn turistlər tərəfindən müşahidə ediləcək. 
    Prezidenti cənab İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda demişdir: “Zəngəzur dəhlizini heç kim ləğv etməyib, bu layihə gündəlikdə qalmaqdadır və həyata keçirilməyənədək gündəlikdə qalacaq”. Nəticə olaraq Zəngəzur dəhlizinin açılması Naxçıvanda turizm sahəsinin inkişafında, sözün əsl mənasında,  yeni mərhələnin başlanğıcı olacaqdır.

Ülkər HƏSƏNZADƏ
Naxçıvan Dövlət Universiteti  
Bələdiyyə və turizm kafedrasının müəllimi 

Nəşr edilib : 04.08.2023 18:53