AZ EN RU

Zəlzələ bölgələrində könüldən dəstək

Ötən il fevral ayının 6-sı Türkiyədə baş verən dəhşətli zəlzələdə Azərbaycan könüllüləri türk bacı-qardaşları ilə həmrəylik nümayiş etdirdi. Bir neçə ay müddətində onların  yanında oldular, kömək etdilər, dəstək oldular. Azərbaycan könüllülərinin tərkibində naxçıvanlı könüllülər də iştirak edirdilər. O faciəli anlara şahidlik edən könüllülərimizlə həmsöhbət olduq.

Anar Əzizov – 2023-cü ildə Türkiyənin 11 vilayətində baş verən zəlzələlər nəticəsində körpələrin, uşaqların və  digər insanların dağıntılar altında qalması, həyatını itirməsi insanlıq naminə çox böyük fəlakət idi. Fevralın 6-sı Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğuna getdim, bir neçə saatdan sonra yardımların – xüsusən geyim, qida və digər lazımi avadanlıqların tırlara yüklənməsinə digər vətəndaşlarımızla birgə köməklik göstərdik. Zəlzələ bölgəsinə getməyə hazır idim. Bir müddətdən sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondu müraciətimi nəzərə aldı və Azərbaycan könüllülərinin tərkibində Türkiyəyə yollandıq. Qış böyük çətinliklər yaradırdı, lakin ürəyimiz və diləyimizdə yalnızca bir amal var idi, türk bacı-qardaşlarımızın yanında olmaq, onlara dəstək vermək.  Zəlzələdən daha çox əziyyət çəkən Kahramanmaraş şəhərinə çatanda orada faciəli mənzərələr bizi qarşılaşdı. Ana-atasını itirmiş uşaqlar, bütün ailə üzvlərini itirmiş insanlar, dağılmış evlər,  bir sözlə ürək dağlayıcı idi.  Bir ay müddətində zəlzələ bölgəsində qaldıq, oradakı insanlara isti çay, qida, əşya, sobalar təqdim edirdik. Türk qardaş-bacılarımızla ətlə dırnaq kimi olmuşduq, oradan ayrılanda bizi buraxmaq istəmirdilər, göz yaşları ilə geri döndük. “Qardaş qardaşın həmişə yanında olmalıdır” kəlməsinin mahiyyətini məhz o gün bir daha yaxşı başa düşdüm.

Həşim Heydərov – O çətin günlərdə hər bir vətəndaşımız qardaşlarımıza kömək etməyə hazır idi və biz bu sayılı gənclərdən olmaq şərəfinə nail olduq. Daha ilk başda yola düşəndə yolların darmadağınıqlığı bizi nəyin gözlədiyini hiss edirirdi. İnsanları küçələrdə və məscidlərə sığınan halda gördükdə sanki insanın içində nə isə qırılırdı. Və qardaşlarımızın hər şeyə rəğmən bizi görəndə üzlərindəki təbəssümünü, necə desəm də izah edə bilmərəm. Biz ətraf ərazilərə humanitar yardımlar, çadırların qurulması, kəndlərə yardım aparılması kimi köməkliklər göstərirdik. Mənfi 10-15 dərəcə soyuqda çadırlarda qalırdıq. Saat gecə 2-3 aralığı idi, xilasetmə əməliyyatları aparılırdı. Bir anda “kimse yokmu” çağırışını eşitdik və  nəhayət həmin şəxsin dağıntılar altından xilas edilməsi mənim həyatımda ən təsiredici və yadda qalan hadisə oldu. Allah heç vaxt Türkiyəmizi bir də belə təbii fəlakətlərlə üzləşdirməsin.

Səyidə Əliyeva – Artıq əsrin fəlakətindən bir il ötür. Təbii, illər keçsə də nə o günləri, nə də ki orda həyatını itirən insanları unutmaq olar. Dünyasını dəyişən bütün insanlara Allahdan rəhmət diləyirəm.

Təbii fəlakət baş verən ilk gündən könüllü şəkildə zəlzələdən əziyyət çəkən bölgələrə getmək istəyirdim. Həm mənəvi baxımdan, həm də səhiyyə işçisi olduğum üçün tibbi baxımdan əlimdən gəldiyi qədər köməklik edəcəyimə inanırdım. Adımı könüllü getmək istəyənlərin sırasına yazdırdım. Daha sonra seçilmiş könüllü gənclərlə yola düşdük. Fəaliyyətimizə Kahramanmaraşda başladıq və orda müxtəlif işlərə cəlb olunduq. Mən səhiyyə işçisi olduğum üçün köməyə ehtiyacı olan insanlara ilk tibbi yardım xidməti göstərirdim. Bir gün tibb çadırında olan zaman 6-7 yaşlarında balaca qız gətirdilər, müayinə etdikdən sonra lazımi dərmanları verdim, bir neçə gün keçəndən sonra həmin balaca qızı gördüm, qaçaraq yanımda gəldi və arxasında gizlətdiyi çiçəyi çıxardaraq saçıma taxdı. Dedi ki, “sən məni sağlatdın mən də sənə çiçək hədiyyə edirəm”. O an o qədər kövrəldim ki, bu günə qədər aldığım ən dəyərli hədiyyə oldu.

Bunu da qeyd edim ki, insanlar nə qədər çətin şəraitdə olsalar da hər zaman bizə öz doğmaları kimi qayğı göstərirdilər və ölkəyə qayıdan zaman bizləri necə sevdiklərinin bir daha şahidi olmuşdum. Bizim orda iki missiyamız var idi: həm Azərbaycan xalqını, həm də Azərbaycan gəncini təmsil edirdik. Əminliklə deyə bilərəm ki, bu çətin missiyanın öhdəsindən layiqincə gəldik və xidmətimizi başa vurub, Vətənə geri döndük.

Həmin gün Azərbaycanın hər bir yerindən vətəndaşlarımız səfərbər oldu. Kimisi yorğan-döşəyini, kimisi xalçasını, kimisi də əlində olan ən yaxşı əşyasını bacı-qardaşlarımız üçün göndərdi. O günlərdə bir daha xalqımızın mərhəmətinin, ürəyi yumşaqlığının, birlik və bərabərliyinin şahidi oldum. Və başa düşdüm ki, heç bir kənar güc, qüvvə xalqımızın, türk xalqının iradəsini qıra, sındıra bilməz. Həmişə bir, həmrəy olmaq arzusuyla...

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.02.2024 12:44