AZ EN RU

Zəka sahibləri: “Çempionatın yüksək səviyyədə təşkili  bizim üçün böyük stimul oldu”

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında artıq yarımfinala yüksələn şahmatçıların adları məlum olub. Püşkün nəticəsinə əsasən yarımfinala yüksələn zəka sahibləri bu gündən etibarən həlledici qarşılaşma üçün mübarizəyə başlayacaqlar. Qeyd edək ki, ölkə çempionatı bir çox şahmatçı üçün müəyyən məqamlarla yaddaşlara həkk olundu. Bu məqamda hansı hissləri keçirdiklərini bilmək üçün onların fikirlərini öyrəndik.

    Xəzər BABAZADƏ (FIDE ustası): “Bir neçə dəfə Naxçıvanda keçirilən beynəlxalq turnirdə iştirak etmişəm. Azərbaycan çempionatında isə bu, muxtar respublikaya ilk səfərimdir. Çempionatın təşkili yüksək səviyyədədir. Təbii ki, bu da bizim üçün əlavə stimuldur. Şahmatçılara göstərilən dövlət qayğısının Naxçıvanda bir daha şahidi olduq. Biz də bundan bəhrələnib uğurlu çıxış etməyə səylə çalışırıq. Cari ildə keçirilən çempionatı özüm üçün uğurlu hesab edə bilmərəm. Çünki əsas məqsədim ilk yarımfinala vəsiqə qazanmaq idi. Lakin son turlarda keçirilən oyunlarda bir qədər səhvlərə yol verdim ki, bu da çempionatı 9-cu pillədə başa vurmağıma səbəb oldu. Yarımfinala yüksələn şahmatçılarımızı təbrik edirəm, onlara uğurlar arzulayıram. Digər tərəfdən Naxçıvanda keçirilən bu çempionat mənim karyeramda, həyatımda xüsusi məqam kimi anılacaq. Belə ki, ölkə birinciliyində artıq beynəlxalq usta normativini doldurdum və bu adı qazandım. Bir daha təşkilatçılara, çempionatda əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm”.

    Vasif DURARBƏYLİ (qrossmeyster): “Naxçıvan mənim üçün hər zaman yaddaşımda gözəl xatirələrlə qalan bir məmləkətdir. Ötən il ilk dəfə Bakıdan kənarda keçirilən çempionatda məhz qalib adını mən qazanmışdım və ozamankı müsahibəmdə də bildirmişdim ki, Naxçıvan şahmatın inkişafı, kütləvi hal alması üçün ən ideal məkandır. Çünki burada bu idman növünün inkişafına hərtərəfli qayğı göstərilir. Keçən il Azərbaycan çempionatında 12 ən güclü şahmatçı iştirak edirdi və format bir qədər fərqli idi. Hər bir şahmatçı dairəvi sistem üzrə oynayırdı. Açığı, həmin çempionat hər bir iştirakçı üçün çətin keçmişdi. Builki çempionatda isə 24 şahmatçı mübarizə apardı və təqvimlə, eyni zamanda pandemiya ilə bağlı reqlamentdə bir qədər dəyişikliklər edildi. Bu il də gərgin oyunların şahidi, iştirakçısı olduq. Son tura kimi bilinmirdi yarımfinala kim vəsiqə qazanacaq. Çalışacağam cari çempionatda da uğur qazanım”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 14.02.2022 19:21