AZ EN RU

Zehni dayanıqlılıq, daxili motivasiya, yüksək hədəf və uğur qazananlar...

    Onbirillik təlim-tədris həyatının, məktəb illərinin ən yaddaqalan nəticələrindən biri də tələbə adını qazanmaq hüququnun əldə edilməsidir. Zehni dayanıqlılıq, daxili motivasiya, məsuliyyət və ideal hədəfə köklənən hər bir şagirdin yüksək bal toplayaraq ailəsinə, müəllimlərinə sevinc bəxş etməsi ümumtəhsil məktəblərimizin də əldə etdiyi böyük nailiyyətlər sırasındadır. Sevindirici haldır ki, muxtar diyarımızın bir sıra ümumtəhsil məktəbləri bu il də yüksək nəticə qazanıblar. Ən əsası isə on bir ilin sonunda arzuladığı ixtisasa qəbul olmaq hüququ əldə edən məzunlarımız bu müvəffəqiyyətin əsas müəllifləridir. Elə bu mövzumuzda da şəhərimizin yüksək bal toplayıb ali məktəblərə qəbul olan gənclərimizdən danışacağıq. 

    İlk müsahibimiz Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin məzunu Rəna Rəhimlidir. Ümumilikdə, 680 bal toplayan gəncimiz həm də şəhərimizin ümumtəhsil məktəbləri içərisində ən yüksək nəticəni əldə edib. Rənanın öz nailiyyəti barədə söylədiklərindən: – Hələ aşağı siniflərdə oxuduğum illərdən valideynlərim dərslərimlə mütəmadi məşğul olurdu. Anam müəllim olduğu üçün çətinlik çəkdiyim mövzularda, məsələlərdə onun köməyindən çox istifadə edirdim. Bununla yanaşı, müəllimlərim də mənə təhsil yolumda böyük dayaq göstərib, həvəsləndirib. Məktəb illərində ilk uğuruma 9-cu sinifdə oxuduğum müddətdə nail oldum. Həmin ili yüksək nəticə ilə başa vurub fərqlənmə attestatına layiq görüldüm. 2022-ci ildə “Sabahın tədqiqatçıları” layihəsində kimya fənni üzrə birincilik əldə edib qızıl medal qazandım. 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında təşkil olunan olimpiadada kimya fənni üzrə ən yüksək nəticəni – 100 bal topladım və birincilik əldə etdim. Təhsil həyatımın 11-ci ilində isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında yüksək bal toplamaqla müvəffəqiyyət qazandım. Belə ki, qəbul imtahanının birinci mərhələsində 294 bal, ikinci mərhələsində isə 385 bal toplamaqla, ümumilikdə, 680 balla Naxçıvan şəhər məktəbliləri arasında ən yüksək nəticəni əldə etdim. Həmçinin Naxçıvan Muxtar Respublikası üzrə “Qızıl” nişana layiq görülmüş 20 şagird arasında mən də olmuşam. Artıq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının tələbəsiyəm.  

    Bir digər gəncimiz isə 5 nömrəli tam orta məktəbin məzunu Hafiz Bəylərlidir. Onun söylədiklərindən: – Məktəbdə oxuduğum illərdən şahmat yarışlarında, üzgüçülük məşğələlərində yaxından iştirak etmişəm. İdmana, kitab oxumağa, sosial şəbəkələrdən faydalı məlumatlar öyrənməyə xüsusi marağım var. 
    Gənc müsahibimiz məktəb illərində qazandığı nailiyyətlərdən də danışdı: – 9-cu sinifdən etibarən olimpiadalarda, yarışlarda yaxından iştirak etmişəm. Xatırlayıram ki, ilk intellektual yarışa riyaziyyat fənni üzrə qatılmışdım. Həmin ildə, yəni 9-cu sinifdə oxuyarkən attestat üçün lazım olan maksimum 300 baldan 290 bal nəticə əldə etmişdim. 10-cu sinifdə oxuyarkən də beynəlxalq riyaziyyat olimpiadası – SASMO-da bürünc medal qazanmışdım. Bunun ardınca beynəlxalq SİMOC riyaziyyat olimpiadasında iştirak edərək fəxri fərmana, SİNGA olimpiadasında isə bürünc medala layiq görülmüşdüm. Bütün bu uğurlu nəticələrimin ən yaddaqalanı isə ötən ilin dekabr ayında olmuşdu. Belə ki, Sinqapurda təşkil edilən ali yarışda Azərbaycan komandası olaraq yaxından iştirak etdim və iki bürünc medal qazandım. Onlardan birini IJMO beynəlxalq riyaziyyat olimpiadasının final turundan, digərini isə SIAT incəsənət müsabiqəsindən əldə etdim. Təvazökarlıqdan bir qədər uzaq olacaq, bilirəm, amma qürurla deyirəm ki, IJMO olimpiadasında 11-ci sinif üzrə iştirak edib medal qazanan ilk azərbaycanlı da mənəm... Bütün bu nailiyyətlər müəllimlərimin, valideynlərimin sevincinə səbəb oldu. Qeyd edim ki, sözügedən ildə, həm də “Fəal gənc” nominasiyasına layiq görülmüşəm. 
    Hafiz qəbul imtahanlarında əldə etdiyi yüksək nəticədən söhbət açaraq deyir ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında buraxılış mərhələsi üzrə 278 bal, blok imtahanında isə 379 bal toplayaraq, ümumilikdə, 657 bal nəticə göstərmişəm. Qeyd edim ki, bu nəticəm məni Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında ikinciliyə yüksəldib. Ali təhsilimi isə Azərbaycan Diplomatik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə alacağam. 

    15 nömrəli tam orta məktəbin məzunudur Nəsibə Əzizova. Elm-təhsil sahibi olmağa həvəsi, peşəkar kadr kimi formalaşmaq marağını qarşısına məqsəd qoyub. Hətta o düşünür ki, bu gün bütün Azərbaycan gəncləri təhsil aldıqları dövrdə bir hədəfə köklənməlidir – mənsub olduqları xalqın adını daim uca etmək, Vətənimizi hər yerdə layiqincə tanıtmaq. 
   Qeyd edək ki, Nəsibə Əzizova Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında, ümumilikdə, 642 bal toplayıb. Təhsilini Naxçıvan Dövlət Universitetinin tədrisi ingilis dilində olan Tibb ixtisasında davam etdirəcək. Hələ orta məktəbdə təhsil aldığı illərdən bir çox intellektual yarışlarda, olimpiadalarda iştirak edib. Ümumtəhsil məktəbləri arasında keçirilən yarışda kimya fənni üzrə birincilik də qazanıb. Uşaqlıqdan tədqiqatlara böyük maraq göstərən müsahibimiz “Sabahın tədqiqatçıları” layihəsində də fəal iştirak edib. Xüsusən də boymadərən bitkisindən dərman və boyaq maddəsi hazırlaması layihəsi Rusiya Federasiyasında maraq doğurub və bu nəticəsinə görə qızıl medala layiq görülüb. Əldə etdiyi bütün müvəffəqiyyətlərə görə o da müəllimlərinə, valideynlərinə, təhsilə göstərdiyi diqqətə görə dövlətimizə təşəkkür edir. 

    Növbəti müsahibim həyatdakı bütün nailiyyətlərin sevgi ilə qazanılacağına inanır. O düşünür ki, insana verilən ən ali dəyər saf, təmiz sevgidir; təhsilə sevgi, Vətənə sevgi, işinə sevgi... Bəli, hər şey sevgi ilə başlayır söyləyən gələcəyin həkimi Xavər Hüseynəliyevanın söhbətini oxucularımıza təqdim edirik: – Bu yolu qət edəcək bütün şagirdlərə üzümü tutub deyirəm ki, ilk növbədə, dərs oxumağı, daim öyrənməyi, həm də bildiyini paylaşmağı sevin. Sevməyərək və özünüzü məcbur edərək test işləməyə çalışdıqda effekt əldə edə bilməyəcəksiniz.  
    Xavər Hüseynəliyevadan məktəb illərində əldə etdiyi yüksək nəticələrdən də danışmasını xahiş etdik: – Hələ aşağı siniflərdə təhsil aldığım illərdən dərslərimə ciddi hazırlaşırdım. Xüsusən də 9-cu sinifdə qarşıma yüksək nəticələr qazanmağı məqsəd qoymuşdum. Dəfələrlə intellektual oyunlarda, olimpiadalarda birincilik qazanmışam. 9-cu sinifdə topladığım yüksək nəticəyə görə fərqlənmə attestatına layiq görülmüşəm. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının birinci mərhələsində 280 bal, ikinci mərhələsində isə 360 bal toplayaraq, ümumilikdə, 640 bal toplamışam. Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasında təhsil alacağam. Bu yolda zəhmət çəkən bütün şagirdlərə uğurlar arzu edirəm. 
    Məlumat üçün onu da diqqətə çatdıraq ki, bu il Naxçıvan şəhər ümumtəhsil məktəblərinin 17 nəfər məzunu 600-700, 46 nəfər məzunu isə 500-600 baldan yuxarı nəticə göstərib. 
    Biz də təhsil yolunda böyük hədəflər seçmiş gənclərimizə uğurlar arzu edirik. 

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.09.2023 18:29