AZ EN RU

Zəhmətə könüldən bağlananda

    Ölkəmizin Şərqə açılan qapısı sayılan, möhtəşəm Əlincəqalası, Haçadağı ilə məşhurlaşan Culfa rayonunda qədim və zəngin təsərrüfatçılıq ənənələri müasir dövrdə də yaşadılır, inkişaf etdirilir. Bu bölgəmizdə sakinlər müxtəlif fəaliyyət sahələri ilə məşğul olsalar da, son illərdə, xüsusilə Yaycı kəndində yetişdirilən soğan alıcılar tərəfindən daha maraqla qarşılanır. Yaşayış məntəqəsinin ailə təsərrüfatçılarından Solmaz İmanova, Mübariz Məmmədyarov, Məhəmmədəli Abbasov, Əfqan Quliyev bu məhsulun becərilməsi ilə xüsusi məşğul olurlar. Təsərrüfat adamları cari mövsümdə kənddə 5 hektar sahədə soğan əkini həyata keçiriblər. Ötən illərə nisbətən bu il daha çox məhsul yetişib, hazırda təsərrüfatçılar satış işləri ilə məşğuldurlar. Mübariz Məmmədyarov bizimlə söhbətində bildirdi ki, bu gün hər kəs kartofu haqlı olaraq “ikinci çörəyimiz” adlandırır. Ancaq düşünürəm ki, bu mənada, soğanı da kartofla yanaşı qoymaq olar. Çünki yeməklərimizin əksəriyyətini bu məhsulsuz təsəvvür etmək qeyri-mümkündür. Digər yandan, insan sağlamlığına faydaları da çox olduğundan diyarımızda soğana tələbat həddindən artıqdır. Hər bitkinin, meyvənin və ya tərəvəzin öz vətəni var. Nümunə üçün limon, ərik Ordubad, cəviz, badam Şahbuz, şaftalı, göycə Şərur torpaqlarını sevdiyi kimi, soğan da Yaycıda daha məhsuldar olur. Təbii ki, bunun da əsas səbəbi iqlim və torpağın tərkibindəki üzvi maddələrlə bağlıdır. Burada yetişdirilən sortlar dad və digər keyfiyyəti ilə də seçilir. Həm də Yaycı soğanını uzun müddət xarab olmadan saxlamaq mümkündür. Ötən illərdə istehsal etdiyimiz məhsulun bazarlarda münasib qiymətə satılması və məhsuldarlığın yüksək olması soğan istehsalına marağımızı daha da artırıb. 
    Əvvəlcədən lil və çöküntülərdən təmizlənən su kanalları, hər il yenilənən arxlar, o cümlədən əkin sahələrini vaxtlı-vaxtında su ilə təmin edən Yaycı gölü və “Yaycı-1”, “Yaycı-2” nasos stansiyalarının kənddə soğan əkininə də böyük təsir göstərdiyini vurğulayan Mübariz kişi bildirdi ki,  bu bitki üçün alaqsız torpaqlar daha əlverişlidir. Soğan işıqsevən olduğundan səpildiyi sahə açıq və günəvər olmalıdır. Kök sistemi əkin qatının üst hissəsində yerləşdiyinə görə dərindəki ehtiyat qida maddələrindən lazımi qədər istifadə edə bilmədiyi üçün soğan əkilən sahələr üzvi və mineral gübrələrlə lazımınca təmin olunmalıdır. Onu da qeyd edir ki, əvvəllər xaricdən gətirilən soğan toxumları məhsuldarlığı aşağı salırdı. Artıq bir neçə ildir ki, yerli soğan sortlarından istifadə edir, növbəli əkinə üstünlük veririk. Növbəli əkin məhsuldarlığın artırılmasında mühüm şərtlərdən biridir. Yaycı soğanının alıcısı daim başı üzərindədir. Ona görə də çalışırıq ki, ilbəil soğan əkinini daha da genişləndirək və rayonumuzda məhsul bolluğunun yaradılmasına öz töhfəmizi verək.
    Böyük şairimiz Nizami Gəncəvi deyirdi ki, torpağa mərhəmət xeyirdir, inan, lütf etsən gül verər, zülm etsən tikan. Bəli, bir vaxtlar zülmlə, biganə münasibətlə üz-üzə qalan, sinəsini tikan basan torpaqlar bu gün dövlətimizin qayğısı, zəhmətkeş insanların böyük lütfü, əməyi sayəsində güllər, çiçəklər, bir-birindən dadlı-tamlı məhsullar yetirib-bitirir, diyarımızı bolluq-bərəkət ətrinə bürüyür, inkişaf, tərəqqi məkanına çevirir. Böyük həvəslə, şövqlə, sevgi ilə çalışan zəhmətkeşlərə uğurlar arzulayır, daim əməkləri ilə ucalmalarını, süfrələrini halal naz-nemətlə bəzəmələrini diləyirik...

Nail ƏSGƏROV

Nəşr edilib : 18.08.2022 17:54