AZ EN RU

Zəhmətdən yoğrulan şirin bəhrə – Naxçıvan balı

    Tanrının insan övladına bəxş etdiyi nemətlər içərisində bal xüsusi bir yerə malikdir. Təsadüfi deyil ki, uşaq dünyaya göz açan kimi ona ana südü verilməzdən əvvəl  dodaqlarına bal vurulur. Kim isə xəstələnəndə və ya yaralananda xəstəyə ballı süd, çay verilir. Ən ağır yaralara bal qoyulur. Bu nemət elə bir xüsusiyyətə malikdir ki, həm qanaxmanın qarşısını alır, həm də zədələnən toxumada yaranan şişi aradan götürür.  Saxlanma şərtləri və istifadə müddəti olmayan, 40-dan çox növü, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xassələri özündə daşıyan qida  məhsulu   bal əvəzsiz bir nemətdir. Dədə-babadan qədim yurdumuzda arıçılıqla məşğul olanlar çox olub. Naxçıvan balı adla deyilib.  Son illərdə də  muxtar respublikada arıçılığın inkişafına göstərilən dövlət qayğısı, muxtar respublikamızın 2023-2027-ci illər sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramı sahibkarların bu sahəyə olan marağını artırıb. 
    Uzun illərdir, arıçılıqla məşğul olan Kəngərli rayonu  Çalxanqala kənd  sakini Rəhman Ağalarovla həmsöhbət olduqda  təcrübəli arıçı balın faydalarından da danışaraq  bildirir ki, dünya şöhrətli təbib İbn Sina vaxtilə deyib ki, əgər uzun ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən. Güləm, arı südü, bərəmum (vərəmum, dərdəmum), mum, möhür (balın qaymağı), bal arısının ölüsü, arı zəhəri və sair müxtəlif xəstəliklərin təbii dərmanıdır. Min bir dərdin dərmanı olan balı hasilə gətirən arılar təbiətin ən zəhmətkeş həşəratlarıdır. Arı körpə uşaq kimidir. Daim qayğı və baxım tələb edir. Məhsuldarlıqda ən mühüm şərtlərdən biri də köçəri arıçılıqdır. Arandakı sahibkarlar arılarını muxtar respublikanın, əsasən, ucqar dağ kəndlərinə köçürürlər. Buna görə də köçürmə üsulu ilə arı saxlamaqla insanlar ta qədimdən məşğul olublar. Aranda ən yaxşı vaxt ağacların çiçəkləmə dövrünə düşür. Arılar həm ağacların çiçəklərini tozlandırır, bol məhsul üçün şərait yaradır, həm də kifayət qədər şirə toplayırlar. Onların vasitəsilə tozlanan ağaclarda məhsuldarlıq 20-40 faiz artır.

    Müsahibim onu da bildirir ki, müstəqillik qazandıqdan sonra muxtar respublikamızda arıçılığın da inkişafına diqqət xeyli artıb. Torpaq kəndlinin özünə verildikdən sona əkin sahələrinin xeyli genişləndirilməsi bu sahənin inkişafına müsbət təsir göstərib. Arıların ən çox bal topladığı yonca, taxıl əkinləri xeyli artırılıb. Örüş və qoruq sahələrinin çoxalması da arıçılığın inkişafında böyük rol oynayır. Elm sübut edir ki, bir hektar yonca sahəsindən arılar 70-80 kiloqram şirə toplaya bilir.     
    Həmsöhbətim onu da söylədi ki, arıçılıqda bal və keyfiyyətli məhsul əldə etmək zəhmət və qayğı tələb edir. Əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Artıq payız fəslinin ortalarındayıq. Arı ailələrinin qışlamaya hazırlanması üçün biz arıçılar uzun illərdir, arıçılıqla məşğul olan böyüklərdən məsləhət alır, onların təcrübələrindən istifadə etməklə arı ailələrini qışa hazırlayırıq. Çünki arı ailələrinin payızda qışlamaya hazırlanması, arıların qışlamadan çıxması və yazda sürətli inkişafı payız dövründə güclü və kifayət qədər yemi olan arı ailəsi yetişdirilməsindən çox asılıdır. 
    Həmsöhbətim onu da qeyd etdi ki, onun ailəsi 1988-ci ilə kimi Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Gabut kəndində yaşayıb. Onlar da deportasiyanın qurbanı olublar. Evlərindən, obalarından zorla köçürülüblər. Evləri yandırılıb,  özləri qovulub. Azərbaycan yenicə müstəqilliyini əldə etməyə çalışdığı illərdə onlar da doğma yurdlarından Naxçıvana pənah gətirib. Çalxanqala kəndinə köçürülüblər. Həmin illərdə bu kənddə elə də çox insan yaşamırdı. Yavaş-yavaş, çətinliklə bir dam tikib yerləşiblər. Çox çətinliklərə sinə gərərək yaşayıb, torpaqdan ikiəlli yapışıb bu günlərə gəliblər: “Şükür Allaha dövlətimiz bizi öz qanadı altına aldı. Kənddə müasir şərait yaradıldı. Məktəb, səhiyyə ocağı inşa olundu. Yaşayışımız, gün-güzəranımız yaxşılaşdı. Dövlətimizin bizə qayğısından yararlanıb, öz təsərrüfatımızı yaratdıq. Dolanışığımızı qurduq”.
    Kənan Ağalarov da Qərbi Azərbaycandan mənfur ermənilər tərəfindən didərgin salınıb. Çalxanqala kəndində məskunlaşan digər həmyerliləri kimi kənddə zəhmətdən möhkəm yapışıb, torpağa bağlanaraq hal zəhmətinə tərini qatıb, bugünkü günə çatıb. Çəkdiyi zəhmət də itməyib, əvəzi ikiqat qayıdıb. 

 Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 15.11.2023 18:53