AZ EN RU

Zəhmət və qayğı birləşəndə

    Diyarımızda ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər davamlı xarakter alıb; bütün bunlar həmin ailələrə dövlət qayğısının ifadəsi olmaqla yanaşı, bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi ilə əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması da diqqətdə saxlanılır. Uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələrə fərdi təsərrüfatlarını qurmaq, öz iş yerlərini açmaq üçün müvafiq köməkliklər göstərilir. 

    Onu da qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası məqsədilə sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra müxtəlif sosial layihələr həyata keçirilir. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində 2022-ci ilin cari dövrü ərzində sosial qayğıya ehtiyacı olan 384 ailənin özünüməşğulluğu təmin edilmişdir. Onlardan 175 ailəyə iribuynuzlu, 85 ailəyə xırdabuynuzlu heyvanlar, 1 ailəyə turşu, mürəbbə, həmçinin şirələrin hazırlanması üçün avadanlıq və ləvazimatlar, 32 ailəyə miniyerşumlayan aqreqat, 5 ailəyə dülgər avadanlıqları, 5 ailəyə inkubator və quş tükü təmizləyən aparat, 11 ailəyə dərzi avadanlığı və ləvazimatları, 15 ailəyə arı ailəsi və arıçılıq ləvazimatları, 2 ailəyə bərbər-manikürçü avadanlığı, 2 ailəyə bərbər avadanlığı, 13 ailəyə otbiçən aqreqat, 2 ailəyə qaynaqçı avadanlıqları və ləvazimatları, 9 ailəyə unlu və qənnadı məmulatlarının hazırlanması üçün avadanlıq və ləvazimatlar, 6 ailəyə südsağan aqreqat və su motoru, 2 ailəyə təmir-tikinti alət və ləvazimatları, 1 ailəyə dekorativ əl işlərinin hazırlanması üçün ləvazimatlar, 4 ailəyə dəmirçi avadanlığı, 2 ailəyə avtomobil şinlərinin təmiri üçün avadanlıqlar, 2 ailəyə kiçik fotoatelye üçün avadanlıqlar, 2 ailəyə motosiklet və tam üz dəbilqə, 1 ailəyə döşəmə hamarlayan dəzgah, 1 ailəyə zərgər avadanlığı, 1 ailəyə telefon təmiri avadanlıqları, 1 ailəyə musiqi alətləri, 1 ailəyə plastik qapı və pəncərə istehsalı üçün avadanlıqlar, 1 ailəyə istixana təsərrüfatı üçün ləvazimatlar, 1 ailəyə avtoçilingər avadanlıqları və 1 ailəyə isə spirtli içkilərin hazırlanması üçün avadanlıqlar verilmişdir.
   Yaxın günlərdə dövlət qayğısından bəhrələnən ailələrin bir neçəsi ilə həmsöhbət olduq. 
    Kəngərli rayonunun Qarabağlar kənd sakini Billurə Məmmədova deyir: – Özünüməşğulluğun təmin edilməsi üçün rayonumuzun məşğulluq idarəsinə müraciət etdim. Çox keçmədən müraciətimə cavab verildi. Nazirliyin əməkdaşları şəraitimizlə tanış olduqdan sonra bir baş yanıbalalı iribuynuzlu ilə təmin edildim. Ötən illər ərzində mal-qaranın sayını artırdığım üçün nazirlik tərəfindən mükafatlandırıldım. Arpa, buğdaqıran aqreqatla təmin olundum. Bu mənə imkan verəcək ki, mal-qaranın yem təminatını daha da yaxşılaşdırım. 
    Şərur rayonunun Şəhriyar kənd sakini Vahid Sadiqov deyir ki, üç uşaq atasıdır və aylardır, işsiz olduğu üçün gündəlik fəhləliklə məşğul olub. Daimi işlə təmin olunmaq üçün müraciət etdiyini bildirən müsahibim qeyd edir ki, yaxın günlərdə yerşumlayan aqreqatla təmin edilib. Bu ona imkan verəcək ki, ailəsinin dolanışığını yaxşılaşdırsın. O göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirir.
    Muxtar respublikanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan qadınların bütün istiqamətlərdə dəstəklənməsi dövlətimizin həmişə diqqət və qayğısı ilə əhatə edilib. Qadınların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, orta və kiçik sahibkar­lıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2022-ci ildə də muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə növbəti layihə – İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin icrası həyata keçirilmişdir. Layihənin əsas məqsədi muxtar respublikada yaşayan 50-dən artıq qadına və onların ailələrinə iqtisadi dəstək göstərilməsi, öz bizneslərinə başlamaq və ya genişləndirmək üçün lazım olan bilik, bacarıq və maliyyə dəstəyi verməklə onların sahibkarlıq fəaliyyətinə təşviqinə xidmət etmişdir.
    Layihə çərçivəsində Naxçıvan şəhərindən 12, Şərur rayonundan 13, Babək rayonundan 5, Culfadan 4, Ordubaddan 7, Şahbuzdan 9, Kəngərli rayonundan 6 və Sədərəkdən 8 qadın olmaqla, 1 sağlamlıq imkanları məhdud qadın, 1 şəhid ailəsi olan qadın, 19 ailə başçısı olan qadın, 28 aztəminatlı ailədən olan qadın və 15 istedadlı qadın olmaqla, ümumilikdə, 64 qadına sərmayə kapitalı verilmişdir. Verilən sərmayə kapitalından yararlanaraq qadınlar – 29 nəfər damazlıq-heyvandarlıq təsərrüfatı, o cümlədən 19 nəfər iribuynuzlu heyvan – 19 baş inək, 18 baş buzov; 5 nəfər xırdabuynuzlu heyvan – 29 qoyun, 3 keçi; 5 nəfər arıçılıq sahəsi – 39 arı ailəsi almışdır. Həmçinin 1 nəfər əkinçilik sahəsi; 4 nəfər yeyinti məhsullarının qablaşdırma sahəsi, o cümlədən 3 nəfər konservləşdirmə, 1 nəfər meyvəqurutma, 5 nəfər qənnadı və un məmulatları sahəsi, o cümlədən 4 nəfər şirniyyat, 1 nəfər çörək istehsalı,        2 nəfər istixana, 9 nəfər dərzilik peşə sənət növü, 7 nəfər dekorativ-tətbiqi sənət sahəsi, 6 nəfər sənətkar­lıq sahəsi, o cümlədən 4 nəfər toxuculuq, 2 nəfər xalçaçılıq, 1 nəfər isə bərbərlik sahəsini qurub və ya inkişaf etdirmişdir. 
    Kəngərli rayonunun Qarabağlar kənd sakini Bahar Əsədova da dövlət qayğısından yararlanıb. O aldığı sərmayə kapitalı ilə dərzi avadanlığı alıb. Bir neçə ildir ki, həmin avadanlıqların köməyi ilə iş imkanlarını artırıb. Muxtar respublikada keçirilən sərgi satışlarda öz əl işləri ilə fəal iştirak edir. O deyir: – Uzun illərdir, dərziliklə məşğulam. Bu qədim sənət çox diqqət tələb edən bir işdir. Əvvəllər əl maşınında tikiş tikirdim və bu, bir çox işlərdə çətinlik yaradırdı. Dövlət dəstəyindən yararlanmaqdan ötrü Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Tezliklə müraciətimə cavab verildi və sərmayə kapitalı alıb yeni avadanlıqları gətirdim. Müasir tikiş avadanlıqları ilə işim asanlaşıb. Həm də tikdiyim paltarlar daha keyfiyyətli olur. Müştəri də məmnun qalır, mən də. Yaradılan şəraitə görə dövlətimizə minnətdaram.
    Sədərək rayonunun Sədərək kənd sakini Nazilə Əliyeva da dövlət qayğısından bəhrələnənlərdəndir. Əli iş tutandan əkib-becərməklə məşğul olan müsahibim deyir:
    – İlk vaxtlar torpağa yaxşı bələd olmadığımız üçün bəzən ilboyu çalışsaq da, istədiyimizə nail ola bilmirdik. Lakin ruhdan düşmədik. Torpağa alışdıq, təcrübəmiz artdı. Əbəs yerə atalarımız “Torpaq deyir sən mənə tər ver, mən sənə zər verim” deməyiblər. Şükür Allaha, çəkdiyimiz xərcin də, əməyin də qarşılığını ikiqat alırıq. Şəhərlərdə dükan-bazarların məhsullarla dolması, bol ruzi-bərəkət məhz torpaqlarımızın üzümüzə gülməsi sayəsindədir. Bu məhsullar zəhmətdən hasilə gəlir, əhalinin rifah halının yaxşılaşmasına öz töhfəsini verir. 
    Müsahibim onu da deyir ki, təbiətin bizə bəxş etdiyi ən böyük sərvəti – torpağı sevmək, qayğısına qalmaqla özümüzə yaxşılıq etmiş oluruq. Axı torpaq əkdiyimiz zəhməti hədər etmir. Torpaq da canlıdır, onun da öz dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək, onda istədiyimizi zəhmətimizin qarşılığında əldə etmiş olarıq. Bu qiymətli sərvətdən lazımınca bəhrələnən, torpağı özünə iş yeri hesab edən insanlar yanılmırlar. Əksinə, ruzi-bərəkətlərini oradan götürür, sağlam həyat tərzi keçirirlər. Çalışsan, əziyyət çəksən, bəhrəsini də görərsən. Ailə təsərrüfatları yaratmaq, sahibkarlıqla məşğul olmaq üçün dövlət dəstəyi də yetərincədir. Bu qayğıdan bəhrələnən biri olaraq onu da demək istəyirəm ki, sərmayə kapitalından istifadə edib, yeməklər bişirmək üçün avadanlıqlar alıb. Bunun sayəsində işləri daha da asanlaşıb. Artıq əkib-becərdikləri məhsulu daha yaxşı dəyərləndiklərini bildirən müsahibim deyir ki, məhsulun bir hissəsini təşkil edilən yarmarkalarda satışa çıxarır, digər hissəsini isə qış üçün tədarük edir, müxtəlif formalarda qablaşdırırıq. Bununla da bütün fəsillərdə bazara çıxarmağa məhsulumuz olur. Allah dövlətimizi var eləsin. Hər an dövlət qayğısını hiss etmək bizə ruh yüksəkliyi verir. 
    Həmsöhbət olduğumuz insanlardan aldığımız məlumatlara əsaslanaraq demək olar ki, bu gün muxtar respublikamızda hər sahədə tərəqqi və inkişaf var. Hər bir vətəndaş dövlət qayğısından istifadə edib öz gün-güzəranını yaxşılaşdırır. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 09.12.2022 19:09