AZ EN RU

Zəhmət və halal qazanc sevgisi birləşəndə

Xatırlayıram... Bundan illər əvvəl, hələ uşaq olanda atam hər zaman bizə işinin çətinliklərindən danışardı. Qışın soyuğu, yayın istisi demədən, hər gün səhər saat 5-dən gün batana qədər ayaq üstə, zəhmət təri tökərək halal ruzisini daşdan çıxarmağından, onunla bərabər neçə-neçə insanın da bu yolla evinə çörək apardığından söhbət açardı. O danışdıqca biz sakit-səssiz qulaq asar, maraqlı suallar verər, bir sözlə, atamın söylədiklərini şirin nağıl kimi dinləyərdik. İndi o günlərdən çox zaman keçib, ancaq mənim üçün atam, təvazökarlıqdan uzaq da olsa, hələ də zəhmətlə çörək qazanan şərəfli insan nümunəsi, bütöv bir külfətin tələblərini çiyinlərində daşıyan ailə başçılarının real təcəssümüdür.

Mənə görə işindən, peşəsindən asılı olmayaraq, halal ruzi qazanan hər kəs zəhmət adamıdır. Ancaq günün erkən saatlarından piştaxta arxasına keçib insanlara keyfiyyətli, təmiz, tələb olunan məhsul satan satıcıların yeri isə tamam başqadır. Göründüyündən daha çətin və məsuliyyətli olan bu işin sahibləri günün böyük bir hissəsini bazar mühitində hər kəslə ünsiyyətdə olub xoş rəftar etməyə sərf edirlər. Elə biz də “Şərq qapısı” qəzeti olaraq budəfəki mövzumuzda bazar adamlarından danışacağıq. Onları daha yaxından tanlmaq, həmsöhbət olmaq üçün səhər-səhər üz tutduq şəhərimizdə “57” bazarı kimi tanınan “Cahan” Ticarət Mərkəzinə.

İçəri daxil olarkən səs-küyün olmasına baxmayaraq, diqqətimizi ilk cəlb edən onların çöhrəsindəki xoş təbəssüm olur. İşin ağırlığına və məsuliyyətinə baxmayaraq, onların bir-birləri ilə mehribancasına zarafat etməsi, deyib gülməsi alıcılarla yanaşı, elə bizim də qəlbimizi isidirdi.

Meyvə bazarının girişində qarşılaşdığımız zəhmət adamının vaxtını çox almamaq üçün elə ayaqüstü qısa söhbət edirik. “İşiniz irəli, bol qazanclar”, – deyirik. Öyrənirik ki, Zamin Məmmədovun 47 yaşı var. O deyir ki, ailəm təsərrüfatçı olduğundan hələ balaca yaşlarımdan bazara gedib-gələrdim. Sonra elə oldu ki, öz məhsullarımı yetişdirib özüm satmaq qərarına gəldim və artıq 17 ildir ki, bazarda işləyirəm. Təmiz və faydalı göyərtilər satıram və ailəmin dolanışığını buradan qazandığım gəlirlə təmin edirəm. Məhsulumuz bol, çeşidimiz isə çoxdur, – deyir Zamin dayı. Sonda onu da qeyd edir ki, biz satıcılar üçün əsas məsələ müştərilərin məmnuniyyətidir. Dayıya bol ruzi arzu edib sağollaşırıq.

Bazarı gəzərkən kişi satıcılarla yanaşı, qadın satıcıların da olduğu nəzərimizdən yayınmır. Atalarımız bu yerdə çox yaxşı deyib: “Aslanın erkəyi, dişisi olmaz”.

Bəli, onların bir çoxu ömürlərinin ahıl yaşında hələ də halal qazancın şirinliyini duyub işlərinə könül bağlayan, hər əziyyətə qatlaşan zəhmətkeş xanımlardır. Ağaran saçları, gülərüz siması illərin zəhmətindən soraq verən, müştəriləri böyük mehribanlıq və səmimiyyətlə qarşılayan 63 yaşlı Ceyran anaya yaxınlaşıb həmsöhbət olduq. O bildirdi ki, 22 ildir bazarda məhsul alıb-satır. Onun sözlərinə görə, bazarda çalışmaq çətin olsa da, bu, illər sonra insanın məşğuliyyətinə çevrilir. Ceyran ana söyləyir ki, bazarda çalışan insanlar, ilk növbədə, əməksevər, vicdanlı, haqq-ədalətə söykənməyi bacaran təmkinli insanlar olmalıdır. Müsahibimizin söhbəti: İllərdir ki, burada – bazarda müxtəlif məhsullar satıram. Bazar kollektivi çox mehribandır, hamı bir-biri ilə ailə kimidir. Şükür, bu gün çox yaxşı qazanc əldə etmişəm. Bu iş elədir ki, onun sabit gəliri yoxdur, yəni sən bilmirsən bu gün nə qədər qazana biləcəksən. Gün olur ki, yaxşı satış əldə edirsən, ruzin də yaxşı olur. Gün də olur ki, qazancımız zəif olur. Qazanc hər nə qədər olursa-olsun şükür edirik. Bu da bizim işimizdir. Həmsöhbətimizə işində uğurlar arzulayıb yanından ayrılırıq.

Meyvə bazarının, demək olar ki, hər yerindən bizi doğmalıqla qarşılayan insanlarla söhbət edə-edə reportajımızı hazırlayır, yurdumuzun zəhmətsevər insanları ilə şəkillər çəkdirir, bu rəngarəng mühitin həmrəng insanları ilə vaxtımızı səmərəli keçiririk. Müsahiblərimizin söhbətindən o nəticəyə gəlirik ki, hansı peşəni seçməyindən asılı olmayaraq, gərək işə halallıqla yanaşasan. Burada çalışan insanlar da halal pullarını qazanmaq üçün gecə-gündüz demədən çalışırlar. Biz də bu zəhmətkeş insanlara bol qazanc arzu edib sağollaşırıq...

Bülbül QULİYEVA

Nəşr edilib : 11.07.2024 09:30