AZ EN RU

Zəhmət torpaqda, nemət süfrədə “Ailə təsərrüfatı məhsulları” festivalından reportaj

    İftixar hissi ilə deyə bilərik ki, bu gün diyarımızda hansı bazara, yarmarkaya üz tutsaq, öz bərəkətli torpağımızın yetişdirdiyi dadlı, ətirli, keyfiyyətli yerli məhsulların bolluğuna rast gəlirik. Dövlətimizin qayğısı, insanlarımızın zəhmətsevərliyi bizi bu bərəkətli sərvətin sahibi edib. Kənd adamları yüksək qayğı əhatəsində öz torpağından, necə deyərlər, ikiəlli yapışıb, təsərrüfatını qurub, genişləndirib, inkişaf etdirib. Əbəs yerə deyil ki, artıq Naxçıvanda “Ailə təsərrüfatı” adlı nümunəvi model formalaşıb. Bu modelin formalaşması üçün muxtar respublikamızda müstəqillik illərindən başlayaraq ardıcıl tədbirlər həyata keçirilib. Belə tədbirlər ailə təsərrüfatlarının inkişafı, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması üçün, xüsusilə kənd adamlarına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. 

    Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı üçün həyata keçirilən ardıcıl tədbirlərdən biri də hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Ailə təsərrüfatı məhsulları” festivalıdır. Noyabr ayının 4-dən başlayaraq 3 gün davam edən növbəti belə festivalın keçirilməsində məqsəd ailə birliyinin zəhməti nəticəsində ərsəyə gələn məhsulların təsərrüfatçılar tərəfindən rahat satışını həyata keçirmək, məhsulları daha çox alıcı kütləsinə təqdim etməkdən ibarət idi. Biz də festivalda iştirak edərək ailə təsərrüfatçılarının və onların hazırladıqları çeşid-çeşid məhsulları həvəslə alan alıcıların fikirlərini öyrəndik. Müşahidələrimizə əsasən deyə bilərik ki, diyarımızda keçirilən digər festivallar kimi, bu festivala da böyük maraq var idi. Festival iştirakçılarına adı dillər əzbəri olan Naxçıvan məhsulları – Nehrəm pendiri və qatığı, Ordubad alanası, sucuğu, cəvizi, Şərurun bostan-tərəvəz məhsulları, müxtəlif çeşidli Sədərək çörəyi, Şahbuz qaymağı və xaması, Qıvraq badamı, Naxçıvan qovurması, mürəbbə və şirniyyatları, eləcə də lavaşanalar, turşular, meyvə şirələri təqdim olunurdu. 

    Festivala muxtar respublikamızın 572 ailə təsərrüfatçısı tərəfindən 3533 çeşiddə 67 min 337 qablaşdırılmış kənd təsərrüfatı məhsulu – mövsümi meyvələr, müxtəlif növ mürəbbə və şirniyyatlar, ət və balıq məhsulları, meyvə araqları, adı dillər əzbəri olan Naxçıvan pendiri, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, dərman bitkiləri, milli mətbəximizə aid müxtəlif çörək növləri və digər məhsullar çıxarılmışdı. Bu məhsulların qablaşdırılması isə onlara olan tələbatı daha da artırırdı. Yarmarkada həmsöhbət olduğumuz alıcılar kənd təsərrüfatı məhsullarını birbaşa təsərrüfatçılardan almaqla ailə büdcələrinə qənaət etdiklərini dedilər. Satışdan məmnun olan təsərrüfatçılar isə belə festivallar sayəsində min bir zəhmətlə yetişdirdikləri məhsullara alıcı cəlb etməyin daha rahat olduğunu bildirdilər.

    Festivala Naxçıvan şəhərindən qatılan Niyazi Qasımov dedi: – On ilə yaxındır, gəlir mənbəyimi ailəmlə birlikdə hazırlayıb ərsəyə gətirdiyimiz dadlı-tamlı, keyfiyyətli məhsulların satışı ilə qazanırıq. Hər il ailə təsərrüfatçısı kimi festival və yarmarkalarda iştirak edirəm. Elə buna görə də yaxşı alıcı rəğbəti qazanmışam. Hazırladığımız məhsulların alıcıları hər ötən il daha da artır. Belə tədbirlərin sayəsində biz təsərrüfatçılar istehsal etdiyimiz məhsulları müvafiq bir qiymətə sataraq ailə büdcəmizi formalaşdırırıq. 
    Çeşid-çeşid məhsullarla piştaxtanı bəzəyən təsərrüfatçı söylədi ki, bu festivalda da ailəsinin köməyi ilə hazırladığı məhsullara yüksək alıcı tələbatı var. Müxtəlif növdə turşular, tomat, mürəbbələr, alma və üzüm sirkələri istehsal edən Niyazi Qasımov belə festivalların təsərrüfat sahiblərinin istehsal etdiyi məhsulları tanıtmaq baxımından əhəmiyyətli olduğunu söylədi, yaradılan şəraitə görə minnətdarlığını bildirdi.
    Qeyd edək ki, Naxçıvan şəhəri üzrə festivala  27 ailə təsərrüfatçısı tərəfindən 430 çeşiddə 3470 sayda məhsul çıxarılmışdı.
    Dövlət qayğısından bəhrələnərək ailə təsərrüfatı yaradanlardan biri də Ordubad rayonunun Tivi kənd sakini Ramal Quliyevdir. Festivala 30 çeşiddən çox məhsul çıxarıb. Festivala qovurma, bal, müalicəvi otlar, meyvə quruları, süd məhsulları çıxaran təsərrüfatçı satış üçün daha çox müxtəlif meyvələrdən çəkilmiş araqlara üstünlük verib. O bildirdi ki, indi fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanlar açılıb: – Hara baxırsan, taxıl zəmiləridir, kartof, bostan-tərəvəz tarlalarıdır, üzüm, meyvə bağlarıdır, biçənək, yonca sahələridir. Belə təsərrüfatlar özünüməşğulluq vasitəsi sayılmaqla bərabər, həm də geniş biznes üçün ilk təcrübə deməkdir. Xüsusən də ucqar yaşayış məntəqələrinin sakinləri üçün. Bu günün ailə təsərrüfatçısı sabahın fiziki şəxsi, sonra isə daha böyük sahibkarıdır. Mən də çalışıram ki, ailəmlə birlikdə yaratdığım bu təsərrüfatı daha da genişləndirim. Belə festivallar bunun üçün əlverişlidir. 
   Qeyd edək ki, Ordubad rayonu üzrə festivala  60 ailə təsərrüfatçısı tərəfindən 335 çeşiddə 8600 sayda məhsul çıxarılmışdı.
   Sədərək rayonundan festivala 15 ailə təsərrüfatçısı tərəfindən 320 çeşiddə 5624 sayda məhsul çıxarılmışdı. Bunlar içərisində qarpız və müxtəlif turşular, ciyər qovurması, diabetik yarma və digər məhsulları göstərmək olar. Burada həmsöhbət olduğumuz Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova ilə söhbətimiz zamanı qeyd etdi ki, 10 ildən çoxdur, ailə təsərrüfatı ilə məşğul olur. Artıq sahibkar kimi fəaliyyət göstərən Mehparə xanım 12 ailə təsərrüfatçısını öz ətrafında birləşdirməklə muxtar respublika sakinlərinin yerli məhsullara olan tələbatını ödəyə bilir. Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss etdiyini deyən sahibkar onu da söylədi ki, festivala 4000-ə qədər məhsul çıxarıb. Bu məhsullar içərisində nə yox idi ki? Meyvələr, qovurmalar, çay növləri, dərman bitkiləri, ağartı məhsulları, şirniyyatlar, turşular, kompotlar, bulyon, dibçək gülləri və sair təşkil edirdi. Mehparə xanım söhbətində fəaliyyətinə göstərilən qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirdi.
    Kəngərli rayonundan festivala 46 ailə təsərrüfatçısı tərəfindən 320 növdə 6850 ədəd qablaşdırılmış məhsul çıxarılmışdı. Onlar içərisində Qarabağlar kəklikotusu və soğanı, Çalxanqala kəndində istehsal edilən müxtəlif araq və çaxır növləri,  Xok və Şahtaxtı kəndindən innab, iydə, tut qurusu, doşab və digər məhsullar var idi. Ailə təsərrüfatçısı Vüsal Məmmədovla söhbətimiz zamanı dedi: –  Festivala 50 litr çaxır və 40 litr araq gətirmişəm. Bunlar üzüm və gilənar çaxırları, ərik, alça, gilənar araqlarıdır. 2017-ci ildən bu işlə məşğuluq. Muxtar respublikada ailə təsərrüfatlarına göstərilən diqqət və qayğı bizi işimizə daha çox bağlayır. İstehsal etdiyimiz məhsullarla gündəlik yaşayışımızı təmin edə bilirik.
    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində məşğulluğu təmin edilən ailə təsərrüfatçılarının istehsal etdikləri məhsullar da festivalda nümayiş olunurdu. Həmin təsərrüfatçılardan  Səltənət İbrahimova qeyd etdi ki, iki ildir, bu proqrama qoşulub. Nəsibə Baxşəliyeva ilə birgə 30 çeşiddə məhsulla festivalda iştirak edir. Müxtəlif dərman bitkiləri, şirniyyatlar, kompotlar, turşular belə məhsullardandır. Səltənət xanım festivalların əhəmiyyətindən də danışdı: – Belə tədbirlər məşğulluğumuzun təmin edilməsində, hazırladığımız məhsulların satışında əhəmiyyətli rol oynayır. Beləliklə, həm gəlir əldə edir, həm də fəaliyyətimizi genişləndirmək üçün stimul yaranır. Dövlətimizin bu qayğısından yararlanaraq ailə təsərrüfatımızı genişləndirməyə, məhsul çeşidini artırmağa çalışacağıq. 
    Festivala məhsul çıxaran digər təsərrüfatçı Şərur rayonunun Sərxanlı kənd sakini Elşad Nəcəfovdur. O, 2017-ci ildən ailə təsərrüfatı məhsulları festivalının iştirakçıları sırasındadır. 30 ildən çoxdur, bu sahədə fəaliyyət göstərən təsərrüfatçı, bu il festivalda 18 adda məhsulla iştirak edirdi. Təsərrüfatçıların fəaliyyətini stimullaşdıran güzəştli kreditlərdən o da yararlanıb və öz təsərrüfat sahəsini genişləndirib. Müsahibimiz dedi ki, keçirilən festivallarda iştirak etməklə məhsullarına xeyli alıcı toplayıb. İstehsal etdiyi doşablar, müxtəlif turşular və bitki qurularına xüsusi tələbat vardır. 
    Culfa rayonunun Teyvaz kənd sakini Qızılgün Hacıyeva da illərdir, festivalda iştirak edən təsərrüfatçılardandır. Ailə təsərrüfatlarının inkişafına dövlət dəstəyindən ağızdolusu danışan müsahibimiz dedi: – Muxtar respublikada sadə zəhmət adamlarının öz təsərrüfatını genişləndirməsi, öz halal qazancını əldə etməsi üçün bütün imkanlar var. Bu gün iştirak etdiyimiz bu festival, bu sahəyə göstərilən dəstək bunu bir daha təsdiq edir. İstehsal etdiyimiz məhsulları asanlıqla festivallarda satışa çıxarırıq. Beləliklə, həm öz qazancımızı təmin edir, həm də alıcılara ekoloji sağlam məhsul təqdim edirik. İstehsal olunan məhsullarımızın qablaşdırılması onlara olan tələbatı daha da artırıb. Bu da bizim daha çox həvəslənməyimizə kömək olur, daha çox məhsul istehsal edirik.
    Ailə təsərrüfatçısı Hüsniyyə Bağırova Şahbuz rayon Şahbuzkənddən festivala qatılıb. Bildirdi ki, dədə-babadan qalan bu sənəti 40 ildir ki, davam etdirirəm. Hər il keçirilən festivallarda yaxından iştirak edərək hazırladığım təbii yerli məhsulları satışa çıxararaq ailə büdcəsinə kömək edirəm. Müxtəlif çeşiddə məhsullar hazırlayıram. Bunların arasında əriştə, meyvə quruları, müxtəlif çeşiddə turşulara tələbat çoxdur. Keçirilən festivallarda aldıqları məhsullardan razı qaldığı üçün alıcılar sonradan bizimlə əlaqə yaradıb, yenidən məhsul əldə edirlər. Bu festivalın keçirilməsi hazırladığımız məhsulların satışında bizə böyük dəstəkdir. 
    Babək rayonunun Qahab kənd sakini, təsərrüfatçı Hünər Qasımovla söhbət edərkən öyrəndik ki, artıq 25 ildir, təsərrüfatla məşğul olur. Məhsulları keyfiyyətli və münasib qiymətə olduğundan alıcıların rəğbətini qazanır. Bu il keçirilən festivala qovurma, ağartı məhsulları, meyvə quruları, dərman bitkiləri kimi məhsullar çıxarıb. Bu festivalın keçirilməsi hazırladıqları məhsulları tanıtmağa kömək edir. Bir neçə gün bundan əvvəl keçirilən “Arıçılıq məhsulları-bal” festivalının da qalibi olub. Ümidvardır ki, bu festivalda da birinci yerə layiq görüləcək. Təsərrüfatçılara göstərilən diqqət və qayğıya görə onlara bu şəraiti yaradanlara minnətdarlığını bildirdi.
    Festivalda iştirak edən fəxri qonaqlardan Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narine təəssüratlarını qəzetimizlə bölüşdü: – Naxçıvan qədim tarixi və müasir görünüşü ilə cəlbedicidir. Festival möhtəşəm təşkil olunub. Buranın havası, ifa edilən musiqilər, rəqslər, çox çeşiddə məhsullar, qadınların sərgilədiyi əl işləri – bütün bunlar məni təsirləndirdi. Festivalda kişi və qadın ailə təsərrüfatçılarının istehsal etdikləri məhsullar olan ayrı-ayrı pavilyonlarla tanış oldum. Orijinal və keyfiyyətli məhsullar nümayiş edilirdi. Mən də özüm üçün kişmiş və tut qurusu aldım. Əlbəttə ki, belə festivalların muxtar respublikada təşkili təqdirəlayiqdir.
    Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Kosar Yousefi festivala maraq göstərənlərdəndir. Dedi ki, Naxçıvanda təhsil almağa başladığı ilk gündən etibarən əhalinin mədəni istirahətinin təmin edilməsi üçün həyata keçirilən bütün konsertlərdə, festivallarda iştirak etməyə çalışır. Naxçıvanımızın təbiətinə məxsus müxtəlif növdə bitkilər, təsərrüfatçıların hazırladığı məhsullar onda xeyli maraq doğurur. Eyni zamanda buradan aldıqları məhsulların keyfiyyətindən də razıdırlar. 
    Bəli, torpaq onu əzizlədikdə, uşaq kimi nazını çəkdikdə, bərəkətə gəlib sənə öz nemətlərini bəxş edəcək. Ömründə bir daşa külüng vurmayan adamın torpaqdan bəhər ummağa gərək üzü olmasın. Necə deyərlər, torpaq kənd adamlarının, zəhmətkeşlərin çörək ağacıdır. Ona tər axıdan çörəksiz qalmaz. Bu gün muxtar diyarımızın zəhmətkeş insanları da ailə birliyinin nəticəsində bərəkətli torpaqlarımızdan əldə etdiyi bəhri-barının qazancıyla gün-güzəranlarını yaxşılaşdırır, bununla yanaşı, muxtar respublikanın iqtisadiyyatına da öz töhfələrini verirlər. Növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı isə həm də halal zəhmət adamlarını fərqləndirərək ənənəvi olaraq “Ən yaxşı ailə təsərrüfatçısı” nominasiyasının qalibləri kimi də sevindirəcək.

 Gülcamal TAHİROVA
Güntac ŞAHMƏMMƏDLİ
 Bülbül QULİYEVA
Aysel YUSİFZADƏ

Nəşr edilib : 04.11.2022 22:48