AZ EN RU

Zəhmət Əbülfət oğlu Şahverdiyev

    Azərbaycan Respublikasının Əməkdar müəllimi, AMEA-nın müxbir üzvü, professor Şahverdiyev Zəhmət Əbülfət oğlu 2022-ci il martın 5-də, ömrünün 80-ci ilində vəfat etmişdir.
    Zəhmət Şahverdiyev 1942-ci il noyabrın 11-də əzəli Azərbaycan torpağı olan Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirmiş və 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Tarix ixtisası üzrə ali təhsil almışdır. 1970-ci ildə ali təhsilini bitirdikdən sonra göndəriş əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına müəllim təyin olunmuşdur. 1975-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun aspirantı olan Zəhmət Şahverdiyev 1984-cü ildə namizədlik, 2011-ci ildə isə doktorluq müdafiəsini etmişdir. 
    O, 1970-1998-ci illərdə Naxçıvan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmış, 1998-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, 2006-cı ildən ömrünün sonuna qədər həmin fakültədə Azərbaycan tarixi kafedrasının müdiri,  2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuşdur.
    12 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olan Zəhmət Şahverdiyevin təhsil sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmiş, 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 
    Ömrünü elmin və təhsilin inkişafına həsr edən Zəhmət Şahverdiyevin xatirəsi unudulmayacaqdır.
    Allah rəhmət eləsin!

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
    Naxçıvan Dövlət Universiteti

Nəşr edilib : 09.03.2022 20:42