AZ EN RU

Zəhmət dolu yaz ayları

və ya torpaq ona qayğı göstərənə borclu qalmaz…

   İki fəslin kəsişdiyi – qışın şaxta-boranının tədricən başa çatdığı, yazın ilıq nəfəsinin duyulduğu bu günlərdə insanın da ürəyində kök salmış arzulara, istəklərə çatmaq həvəsi çaylar kimi coşur, sellər kimi daşır. Rayihəsini yaz mehinin qanadlarıyla ətrafa yayan çiçəklərin şəhərimizi al-əlvan rənglərə boyamasına saylı günlər qalır. Baharın müjdəçiləri olan quşların cəh-cəhi təbiətin nazlı gəlini olan yazın cilvəli gəlişindən xəbər verir. Təbəssümlə boylanan Günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. 

    Qəlbi riqqətə gətirən, insana yaşama sevinci bəxş edən yaz fəslini bineyi-qədimdən  bolluq, bərəkət, firavanlıq simvolu kimi qarşılayaraq əzizləyiblər. Elimizin müqəddəs bayramı sayılan Novruza qədər olan İlaxır çərşənbələr də elə el arasında “əziz günlər” kimi dəyərləndirilir. Novruzaqədərki günlər həm də evdə, həyətdə-bacada təmizlik işlərinin aparıldığı dövr hesab olunur. Həyətyanı sahələrdə torpaq yumşaldılır, gülkarlıqlar yenilənir, ağaclarda budama işləri aparılır. Sanki hər şey fəslin yenilənməsinə hazırlaşır. 
    Ruzi-bərəkətin bünövrəsi qoyulan yaz fəsli, eyni zamanda nemətlər bolluğu yaradan, torpağa bağlı, əkinçi, biçinçi, heyvandar insanların  zəhmət qayğılı günlərinin başlandığından xəbər verir. Türk dünyasının ulu ozanı Dədə Qorqud vəsiyyət etdiyi kimi, qoruduğun torpağı mütləq əkib-becərməlisən, yaxud da əkib-becərdiyin torpağı mütləq qorumalısan. Torpağı sevmək, qorumaqla yanaşı, həm də onun nazını çəkmək ulularımızdan bizə miras qalıb. İnsanlar ta qədimdən torpağa ruzi-bərəkət yeri kimi baxıb, ona baş əyib, alın təri axıdıb. Bu qiymətli sərvətdən lazımınca  bəhrələnən, onu özünə iş yeri hesab edən insanları da torpaq yanıltmayıb. Onlara sağlam can, bol ruzi-bərəkət verib. Atalarımız əbəs yerə torpağı misal gətirərək deməyiblər: – “Sən mənə tər ver, mən sənə zər verim!” Əlbəttə ki, əziyyət çəkən bəhrəsini də görür. Əkinçi zəhməti bəhrə verir, torpaq ona baş əyənə səxavətini əsirgəmir, bərəkətini birə-min edir. 
    Tarixən aqrar diyar kimi tanınan muxtar respublikamızda torpağa mehr-ülfət salan insanlar bu qiymətli sərvətin qədrini bilsələr də, sovet dönəmində torpağa bağlanan  insanlar onun səxavətindən lazımınca bəhrələnmək imkanlarından məhrum ediliblər.
   Qədim diyarımızda ötən əsrin 90-cı illərinin sonlarında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə torpaq islahatlarına başlanılması, kənd adamlarının öz torpaqlarına sahiblənməsi bu qiymətli sərvətdən daha səmərəli istifadəyə, məhsul bolluğu yaratmağa, bununla da, insanların öz gün-güzəranlarını daha yaxşı qurmağa, nəticə etibarilə, diyarımızın iqtisadi gücünün, daxili bazarda yerli istehsalın çəkisinin artmasına stimul oldu. Sonrakı dövrlərdə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə bir sıra hüquqi-normativ aktların qəbul edilməsi, müxtəlif istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatının elmi əsaslarla inkişafına imkan verdi, güclü sahibkarlar dəstəsi yetişdi. Yeri gəlmişkən sahibkarlıq fəaliyyətinə yaşıl  işıq yandırılması da bu sahədəki çətinlikləri aradan qaldırdı. Bunun da müqabilində kənd adamları gün-güzəranını yaxşılaşdırıb, taxıl bolluğu yaratdılar. Bu gün isə bol məhsul götürmək üçün imkanlar daha da genişlənib. Çünki dövlətimiz kənd təsərrüfatına, aqrar bölməyə hərtərəfli diqqət, qayğı göstərir. Muxtar diyarımızda aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən Dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilib. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur. Aqrar sahədə ailə təsərrüfatlarının formalaşdırılması, belə ailə təsərrüfatların tələbatına və sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi və səmərəli metodlardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması, rayon İcra hakimiyyətləri və İqtisadiyyat Nazirliyi tərəfindən ailə təsərrüfatlarının müraciətlərinin araşdırılması və kreditlərin verilməsi davam etdirilir. 
    İndi diyarımızda “kəndimiz”, “ocağımız” ifadələri tez-tez səslənir. Dövlət kəndlərimizi müasirləşdirir, qayğımıza qalır, mühüm infrastruktur layihələri həyata keçirilir, kəndlərimizə şəhər mədəniyyəti gətirilir, qəsəbə görkəmi verilir. Bu kəndin ocaqlarını isə kəndin zəhmətkeş insanları, zəhmətkeş torpaq adamları yandırır, şöləsini gur edir və beləliklə də, elimizin, obamızın ruzi-bərəkəti bol, canı sağ, əhvali-ruhiyyəsi yüksək, kəndi kənd, ocağı ocaq olur. Bu gün hər bir kəndli muxtar respublikamızda gedən prosesləri ürəkdən dəstəkləyir. İnsan amilinə qayğı onları muxtar diyarımızın daha da çiçəklənməsinə töhfələrini verməyə ruhlandırır. Qayğı olan yerdə zəhmətə qatlaşıb yaxşı yaşamaq, firavan həyat sürmək bu gün onların keçmiş arzularını xoş reallığa çevirib. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.02.2022 22:30