AZ EN RU

Zəfərli, inamlı seçki yolunda xoş sabahlara doğru

    Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərinin gedişatını izləmək üçün  3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsinə üz tutduq. Dairədən verilən məlumatda aydın oldu ki, ümumilikdə,   dairədə 65 məntəqəsi yaradılıb. Dairə üzrə seçici sayı 47617 nəfərdir. İlk dəfə səs verənlərin sayı 2664 nəfərdir ki, bunlardan da 83 nəfəri 18 yaşı tamam olanlardır. 6 nəfər seçici isə 96 yaşlıdır. Dairə üzrə seçki məntəqələrində 7 müşahidə kamerası quraşdırılmışdı. Seçki prosesini Babək rayonunda izlədik. Məlumat üçün bildirək ki, bu bölgədə 24847 seçicinin səs verməsi üçün 29 məntəqə yaradılmışdı. 1384 nəfər seçkilərə ilk dəfə qatılmışdı ki, bunlardan da 49 nəfəri 18 yaşı tamam olmuşlardır. Rayon məntəqələrində     5 müşahidə kamerası quraşdırılmışdı. Babək Rayon Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqəsində 1403 seçici qeydə alınmışdı ki, onlardan da 80 nəfəri ilk dəfə səs verənlərdən idi. 
    Məntəqə seçki komissiyasının üzvləri seçiciləri təmkinlə qarşılayır, onların rahat səs vermələrinə şərait yaradırlar. Bu məntəqədə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Ümid Novruzlunun atası Bahadur Novruzovla həmsöhbət olduq. Şəhid atası bildirdi ki, bu seçkidə iştirak etməkdən, istədiyi namizədə səs verməkdən qürur duyur. Bu gün kim bayrağı Şuşada, Xankəndidə dalğalandırıbsa, ərazi bütövlüyümüzü, suverenliyimizi kim təmin edibsə, səsimiz onun səsidir.
    Üz tutduğumuz növbəti ünvan Babək şəhərindəki 1 nömrəli tam orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsi oldu. Bu məntəqədə 1200 seçici öz hüquqlarından istifadə edirdi ki, onlardan da 65 nəfəri ilk dəfə səsverənlər idi. Qazi, baş leytenant Abbasəli Tarverdiyev də hərbi formada əzəmətli və qürurlu, alnı­açıq, üzüağ bu məntəqədə səsvermədə iştirak edirdi. Onun sözləri: “Bu günün növbədənkənar prezident seçkiləri tam və bütöv Azərbaycan ərazisində keçirilir. Buna görə də biz bu xoş günləri yaşayırıq. Cənab Prezidentimizin özü də Xankəndi şəhərində səsvermədə iştirak etdi. Biz də döyüşlərdə iştirak etmiş hərbi qulluqçu, qazi olaraq Vətənimizin, dövlətimizin yanındayıq”. 
    Növbəti üz tutduğumuz ünvan isə Cəhri qəsəbə xəstəxanasının binasında yerləşən 23 saylı seçki məntəqəsi oldu. Məntəqədə 1111 seçicinin səs verməsi nəzərdə tutulmuşdu. Onlardan 44 nəfəri seçkidə ilk dəfə olaraq iştirak edirdi. Xəstəxananın baş həkimi Qulam Abdullayev bizə yaxınlaşaraq öz təəssüratlarını bölüşdü: “Bu gün keçirilən seçkilərdə vətəndaşlar çox fəallıq göstərirlər. Mən də öz ailəmlə səhər saatlarında seçkidə iştirak etmək üçün evdən çıxdıq və düşündük ki, ilk seçicilər olaraq səs verək. Lakin məntəqənin qarşısına çatanda gördük ki, onlarla kənd sakini səs vermək üçün növbə gözləyir. Biz də öz səsimizi layiqli namizədimiz üçün istifadə etdik”.
    Bundan əlavə, Cəhri qəsəbəsindəki 20, Kərimbəyli kəndindəki 5, Kültəpə kəndindəki 6 və Yuxarı Uzunoba kəndindəki 16 saylı seçki məntəqələrində də seçicilərdə yüksək əhvali-ruhiyyə müşahidə etdik. Burada da izdiham müşahidə olunur, səsverməyə gələnlərin sayı anbaan artırdı. Seçki prosesi şəffaf, demokratik və qanunvericiliyə uyğun aparılırdı.  Səsverməni beynəlxalq və yerli müşahidəçilər izləyirdilər. 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 07.02.2024 23:29