AZ EN RU

Zəfərin Aprel Zirvəsi

Xalqımızın böyük Zəfərə gedən yolunun başlanğıcı 8 il bundan əvvəl Aprel döyüşləri ilə qoyulub. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutması ilə başlayan döyüşlər zamanı ordumuz qısa müddət ərzində Ermənistan silahlı bölmələrinə layiqli cavab verdi. Təxribat nəticəsində şəhidlər verdik, yaralılarımız oldu, mülki şəxslər arasında azyaşlı uşaqlar da var idi. Ordumuzun şücaəti və cəsarəti hesabına aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər azad edildi. Aprelin 4-ü Ermənistan silahlı qüvvələri itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv atəşə tutdu. Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılaşmaya əsasən aprelin 5-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Buna baxmayaraq, həmin gün Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə tutuldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən qarşı tərəf dəqiq cavab atəşi ilə susduruldu. 

    Döyüşlər nəticəsində

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində üçrəngli bayrağımız dalğalandırıldı. Dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı müvafiq Sərəncamla Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayış bərpa edildi, məcburi köçkünlər öz ata-baba yurdlarına qovuşdular. Yeni salınan qəsəbənin açılışında iştirak edən ölkə başçısı demişdir: “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”. 
2016-cı il aprelin 19-da dövlət başçısı cənab İlham ­Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adı, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə təltif edilib. 

    Aprel döyüşləri onu sübut etdi

Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu güclü, qüdrətli, yenilməz ordudur, xalqımız qəhrəman, əzmkar xalqdır. Bir daha onu göstərdi ki, biz işğalla heç vaxt barışmayacağıq. Xalq-iqtidar birliyinin möhkəmliyini, Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet məsələ olduğunu ortaya qoydu. Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı miflər, əfsanələr darmadağın edildi, güclü ordunun Azərbaycan Ordusu olduğunu göstərdi. Bu döyüşlər Ermənistanın torpaqlarımızı işğal altında saxlaya bilməyəcəyini bir daha təsdiq etdi. 

    Aprel döyüşlərindən böyük Zəfərə

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə demişdir: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”. Belə də oldu. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları ölkə başçısının qətiyyətli siyasi iradəsi, Ordumuzun şücaəti, qəhrəmanlığı hesabına işğaldan tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfərlə bitdi. Torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalandırıldı. Bu gün də Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. 
Biz bu böyük, qürurverici Zəfəri şəhid və qazilərimizə borcluyuq. İstər Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş mayor Rasim Məmmədov, leytenant Qabil Orucəliyev, eləcə də digər şəhidlərimiz, Vətən müharibəsində, topaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu daim yaşadacağıq.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 07.04.2024 10:04