AZ EN RU

Zəfərimiz Milli qürurumuzun təntənəsidir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 noyabr tarixi Azərbaycanda “Zəfər Günü” kimi qeyd olunur.
    Zəfər Günü Azərbaycanın ən yeni dövrünə parlaq bir tarixi gün kimi yazılmışdır. Məhz həmin gün Qarabağın tacı, qeyrət qalamız Şuşanın azad edilməsi ilə Azərbaycan Böyük Qələbəni qazanaraq illərdir, işğal altında qalan torpaqlarına qovuşmuşdur. 

    2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusuna qarşı güclü əks-hücum əməliyyatları aparan Azərbaycan Silahlı Qüvvələri öz şücaəti ilə XXI əsrdə müasir müharibə aparmağın parlaq örnəyini ortaya qoymuşdur. 30 il ərzində münaqişənin sülh yolu ilə həllinə sadiq qalan Azərbaycan sonunda bu problemi özü həll etmiş, illərdir, nəticəsiz qalan məlum BMT qətnamələrini uğurla icra edərək ədaləti bərpa etmişdir. Dövlət başçısı ötən il Şuşada qeyd edilən Zəfər Günündə çıxışında demişdir: “Biz 44 gün ərzində yalnız irəli gedirdik. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın qəhrəmanlığıdır və onu göstərir ki, elə gözəl gənc nəsil yetişdi ki, onların bir çoxları Qarabağı, Zəngəzuru heç vaxt görməmişdilər, televiziyalarda, fotoşəkillərdə, valideynlərin, böyüklərin söhbətlərində bu müqəddəs torpağa yaxınlaşırdılar. Ancaq onlar gəldilər və xalqımızın tarixi missiyasını şərəflə yerinə yetirdilər”.

    44 gün ərzində Azərbaycanda elə bir Prezident-xalq-ordu birliyi yarandı ki, artıq qarşımızı nə bir ölkə, nə bir bəyanat, nə də ermənilərin illərcə qurduğu qat-qat beton istehkamlar ala bildi. Vətən müharibəsi adlandırdığımız bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini bütün aydınlığı ilə ortaya qoydu. İllərdir, havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına barmaqarası baxan ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində məhv edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların, illərlə yalan təbliğatının nəticəsi idi ki, müharibədən aylarla sonra belə düşmən ölkənin əhalisi reallıqda nə baş verdiyini dərk edə bilmədilər.  
    Vətən müharibəsi, sadəcə, Azərbaycan Ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlıqların real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı, eyni zamanda Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətəninə, bayrağına, torpağına olan sevgisini ortaya qoydu. Məhz bu Vətən sevgisi nəticəsində düşmən ordumuzla qarşılaşmada öz silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu. Acizliyin ən son həddi idi ki, hər gün dayanmadan irəli gedən ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən bu dəfə bütün beynəlxalq konvensiyalara zidd olaraq böyük dağıdıcı gücə malik olan raketlərlə Azərbaycanın döyüş zonasından aralıda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Qəbələ, Yevlax və digər dinc yaşayış məntəqələrini atəşə tutdu. Bunun nəticəsində yüzə yaxın mülki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak oldu. Amma Azərbaycan rəhbəri böyük səbir göstərərək bu vəziyyətdə belə müharibə qanunlarını pozmadı, düşməndən bu namərdliyin əvəzini döyüş meydanında aldı. 
    Vətən müharibəsinin ən yaddaqalan tərəflərindən biri də o idi ki, Ali Baş Komandan yalnız döyüş əməliyyatlarının aparılmasına nəzarət etmirdi, eyni zamanda ölkəmizin haqq işinin dünya mediası tərəfindən düzgün, obyektiv işıqlandırılmasını təmin edirdi. Savaş müddətində Azərbaycanın haqq mübarizəsi ilə bağlı dünyanın ən məşhur media orqanlarına müsahibələr verən dövlət başçısı bununla həm də erməni lobisinin yalan təbliğatını alt-üst edirdi. Təsadüfi deyil ki, illərdir, bu lobbi hesabına yanlış təbliğatla məşğul olan bir sıra məşhur media orqanları əməkdaşlarının hadisələrə qərəzli yanaşmaları cənab İlham Əliyevin obyektiv, sərrast, dəmir məntiqə əsaslanan cavabları ilə anındaca yerində susdurulurdu. Ölkə başçısının savaş müddətində dünyanın 30-dan çox məşhur media orqanlarına ətraflı müsahibələr verməsi, hərbi-siyasi vəziyyəti yüksək peşəkarlıqla təhlil etməsi illərdir, dünya ictimai rəyində formalaşmış erməni yalanını darmadağın edirdi. 
    44 gün ərzində bir addım belə geriyə çəkilməyən ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Dövlət başçımız Şuşanın azad olunması xəbərini xalqımıza Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə, ruhu qarşısında baş əyməklə, ata vəsiyyətini yerinə yetirməklə çatdırdı. Məhz həmin günədək Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etmişdi. Bundan sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu  Azərbaycana təhvil verildi.
    Amma, təəssüflər olsun ki, birgə imzalanmış bu bəyannamədəki bəzi şərtlər Ermənistan tərəfindən yerinə yetirilmədi. Xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı Azərbaycanın dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etmədi, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyi bir qədər də artdı. Bu il sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla, 6 Azərbaycan vətəndaşının həlak olması ordumuzun yenidən hərəkətə keçməsinə səbəb oldu. Məhz elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başlayaraq qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirərək düşməni layiqincə cəzalandırdı. Ordumuz bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Bu antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi. Məhz bu əməliyyatla suverenliyimizin bərpası təmin olundu. Nəhayət,  Xankəndidəki xunta rəhbərləri keçirilən əməliyyat nəticəsində tutularaq Bakıya gətirildi və həbs olundu. Azərbaycan Prezidenti oktyabrın 15-i Xankəndidə, Xocalıda, Əsgəranda bayrağımızı ucaltdı. 
    Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri görülür, yeni obyektlər istifadəyə verilir, 30 illik həsrətdən sonra əhali öz doğma yurd-yuvasına qayıdır. 44 günlük müharibədə daim yanımızda olan qardaş Türkiyə bu gün də 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq bizimlə həmrəylik nümayiş etdirir, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında yaxından iştirak edir. Vətən müharibəsindən ötən üç il ərzində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bir daha ölkəmizin gücünü, nüfuzunu ortaya qoyur. Bu gün artıq dünya azərbaycanlıları Zəfər Gününü böyük qürurla qeyd edir. Çünki ölkəmizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə həm də milli qürurumuzun təntənəsidir! 

 Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 07.11.2023 20:18