AZ EN RU

Zəfərə gedən yolun cığırı, yeni tarixi mərhələyə keçidin başlanğıcı

27 sentyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.

          Yaxşı yadımızdadır ki, Azərbaycan Prezidenti 2003-cü ildən başlayaraq hər zaman deyirdi ki, Dağlıq Qarabağ (keçmiş) münaqişəsi sülh yolu ilə həll olunmasa, biz onu hərbi yolla həll edəcəyik. Ölkə başçısının bu fikirləri, demək olar ki, həmin 17 il ərzində mütəmadi olaraq bütün yüksək tribunalardan səslənirdi. Amma hər zaman da istər ayrı-ayrı dövlət rəhbərləri, istərsə də beynəlxalq təşkilatların nümayəndələri problemin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini dilə gətirir, müharibə variantının mümkün olmadığını bildirirdilər. Prezident cənab İlham Əliyevin müharibədən sonrakı çıxışlarında bu fikir xüsusi olaraq qeyd olunurdu: “Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət”.

Bəli, biz məsələnin həlli üçün 30 il səbir edərək gözləmişdik. Bir müharibəni səbirsizliklə gözləmək, bunu arzulamaq nə qədər absurd səslənsə də, amma bu belə idi. Çünki bu savaş, əslində, bizim üçün haqq-ədaləti bərpa etmək, minlərlə şəhidimizin ruhunu əsarətdən qurtarmaq qədər müqəddəs vəzifə idi. Böyük güclərin faktiki olaraq haqsızın və yalanın yanında olduğu müasir dünyada, elə bundan gözəl arzu da ola bilməzdi. Və bu arzu 2020-ci il sentyabrın 27-də reallaşdı. Məhz Vətən müharibəsinin başlandığı həmin gün düşmən döyüş postlarımızla yanaşı, öz xislətinə uyğun olaraq dinc yaşayış məntəqələrimizi də ağır artilleriya atəşinə tutmuşdu və elə ilk gündə hərbi qulluqçularımızla bərabər, ikisi uşaq olmaqla, 11 dinc sakin də həlak olmuşdu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, illərdir, davam edən bu təcavüzkar siyasətə son qoymaq üçün bütün cəbhəboyu əks-hücum əmrini verdi. Bununla da, 44 gün sürən müharibə ərzində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi.

Bu qısa müharibə dövründə  erməni ordusu Azərbaycana qarşı ən qəddar hərbi cinayətlərə əl atdı. Döyüş zonasından onlarla kilometr uzaqda yerləşən Bərdə, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ və digər rayonların yaşayış məntəqələrini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla hədəfə aldı. Nəticədə, yüzə yaxın mülki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı, zədələndi. Beləliklə, erməni faşistliyi bir daha özünün gerçək simasını dünyaya göstərdi. Azərbaycan Ordusu isə bunun tam əksi olaraq düşmənin cavabını döyüş meydanında verdi. “Yenilməz və hər zaman qalib” erməni ordusunun başına  “Dəmir yumruq” endirməklə onlara heç zaman almadıqları zərbəni vurdu. 44 gün ərzində bir addım da olsun, geri çəkilməyən Silahlı Qüvvələrimiz Qarabağın incisi sayılan Şuşanı azad etməklə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Və bu qələbə xəbərini Ali Baş Komandan xalqımıza Şəhidlər xiyabanından çatdırdı. 

Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Dünyanın tanınmış hərbi araşdırma mərkəzləri, ekspertləri ordumuzun Qarabağ müharibəsində tətbiq etdiyi yenilikləri, hərbi taktiki gedişləri təhlil edərək bunu XXI əsrin döyüş vərdişləri kimi dəyərləndirdilər. Bununla yanaşı, müharibənin taleyini həll edən möhtəşəm Şuşa əməliyyatı, sözün həqiqi mənasında, erməni ordusunun və havadarlarının belini qırdı, Azərbaycan əsgərinin isə yenilməz gücünü bütün dünyaya göstərdi. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun müharibə bacarıqları bu gün də hərbi-siyasi mərkəzlərdə müzakirə olunur, öyrənilir.   

Qələbənin qazanılmasında muxtar respublikamızdakı Əlahiddə Ümumqoşun Ordunun müvafiq hərbi birləşmələri də böyük rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər…”

Beləliklə, 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkə­nin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Amma təəssüflər olsun ki, birgə imzalanmış bu bəyannamədəki bəzi şərtlər Ermənistan tərəfindən bu günədək yerinə yetirilmədi. Azərbaycanın son 3 il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etmədi, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırdı. Xüsusilə bu il sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla, 6 Azərbaycan vətəndaşının həlak olması ordumuzun yenidən hərəkətə keçməsinə səbəb oldu. Məhz elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başlayaraq qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi və düşmən layiqincə cəzalandırıldı. Ordumuz bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Bu antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin 90-dan çox döyüş mövqeyini ələ keçirdi. Cəmi 24 saata yaxın davam edən bu antiterror əməliyyatı suverenliyimizin bərpası ilə nəticələndi. Hazır­da əməliyyat zonasında silah-sursatların təhvil verilməsi, bölgəyə humanitar yardımların çatdırılması, minaların təmizlənməsi və sair bu kimi işlər görülür. Ölkə başçısı dəfələrlə çıxışlarında qeyd etmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti onların hüquq və təhlükəsizliyini təmin edəcəkdir. Lokal antiterror əməliyyatlarının aparılmasında da əsas məqsəd oradakı yerli erməni əhalisinin separatçıların girovluğundan xilas olunması, beynəlxalq hüquq tərəfindən tanınmış bütün ərazilərimizdə suverenliyimizi bərpa etmək idi. Bu əməliyyata qədər Azərbaycan bir çox istiqamətlərdə uğurlu mübarizə aparmış və lazımi nəticələrə nail olmuşdur. Əvvəlcə ekoloji aksiya, sonra Laçında sərhəd-buraxılış məntəqəsinin qoyulması, ermənipərəst qüvvələrin “humanitar” şousunun qarşısının alınması və sair antiterror əməliyyatının başlamasınadək həyata keçirilən mühüm işlər idi. Ordumuzun lokaltipli antiterror əməliyyatını çox qısa müddətdə peşəkar səviyyədə həyata keçirməsi də xüsusi vurğulanmalıdır. 24 saat ərzində tamamlanan bu əməliyyat zamanı orada olan mülki obyekt və əhali heç bir ziyan görmədi. Əlavə olaraq Azərbaycan tərəfi Qarabağda yaşamaq istəməyənlər üçün humanitar dəhliz də tətbiq etmişdi və hazırda da bu öz qüvvəsindədir. Təkcə onu demək kifayətdir ki, əməliyyat başlayan gün Fransanın təkidi ilə BMT Təhlükəsizlik Şurasında bu məsələ müzakirəyə çıxarılsa da, heç bir nəticəsi olmadı (Təxminən, bir ay bundan əvvəl Fransa Laçın yolu ilə bağlı da BMT-yə müraciət etmişdi). Müzakirədən bir gün əvvəl Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışında Azərbaycanın haqq işini bir daha dilə gətirməsi erməni lobbisini və bu lobbinin dəstəkçilərinin xəyallarını puç etdi. Yeri gəlmişkən, indiyədək Azərbaycana qarşı ən sərt mövqe tutan, erməni lobbisinin əsirinə çevrilmiş amerikalı senator Bob Menendez haqqındakı külli miqdarda rüşvət qalmaqalına görə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsini tərk etdi. Mediada yayılan məlumatlara görə, ermənidən daha çox erməni olan bu riyakar senatorun haqqında artıq cinayət işi də başlanılıb. Azərbaycana qarşı “səlib yürüşü”ndə Fransa ilə yanaşı, Almaniyanın da ədalətsiz davranışı bu proseslərdə öz xristian təəssübkeşliyini göstərdi. Xüsusilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycana qarşı əsassız bəyanatları bu kontekstdə daha aydın görünürdü. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan lokal antiterror tədbirləri ilə yarımçıq qalan işlərini tamamladı. Ermənistan ordusunun bölgədəki qalıqları tərk-silah ediləndən sonra bölgədə reinteqrasiya prosesi başlayacaq. Yevlax prosesi,  Xankəndiyə elektrik enerjisinin verilməsi və digər bu kimi addımlar artıq prosesin sürətlə irəliləməsindən xəbər verir.

Bütün bu proseslərin gedişində diqqətçəkən mühüm məqamlardan biri də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 25-də Naxçıvanda görüşməsi idi. Səfər çərçivəsində hər iki dövlət başçısı muxtar respublikada müxtəlif növ döyüş və mühəndis texnikalarının, atıcı silahların, artilleriya qurğu və sistemlərinin, rabitə avadanlıqlarının təmirini və modernləşdirilməsini həyata keçirmək imkanına malik Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Həmin gün bütün dünya Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsini həm də iki ölkəni birləşdirən Naxçıvanda gördülər. Görüşlərdə Naxçıvanın bu əlaqələrdə mühüm rolu vurğulanaraq Ermənistana növbəti dəfə sülh naminə bütün imkanlardan istifadə üçün tövsiyələr səsləndirildi.

Son bir neçə ildə ölkəmizdə baş verən hərbi, siyasi, iqtisadi proseslərin xronologiyasına nəzər salsaq, həqiqətən, mühüm tarixi mərhələdən keçdiyimizi görə bilərik. Prezident cənab İlham Əliyevin Naxçıvanda Türkiyə lideri ilə mətbuata bəyanatında dediyi kimi: “Biz Azərbaycanda, həqiqətən, tarixi anlar, günlər, illər yaşayırıq. İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq”. 

 Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 26.09.2023 20:45