AZ EN RU

Zəfərə gedən müqəddəs yol

    Artıq ikinci ildir, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində canlarından keçmiş qəhrəman əsgər və zabitlərimizə böyük ehtiramın ifadəsi olmaqla yanaşı, həm də xalqımız üçün Böyük Zəfərə aparan müqəddəs yolun başlanğıcıdır. O yol ki iki il bundan əvvəl bu günü 30 il səbirsizliklə gözləmişdik. Bir müharibəni səbirsizliklə gözləmək, bunu arzulamaq nə qədər absurd səslənsə də, ancaq bu savaş bizim üçün haqq-ədaləti bərpa etmək, minlərlə şəhidimizin ruhunu əsarətdən qurtarmaq qədər müqəddəs vəzifə idi. Böyük güclərin faktiki olaraq haqsızın və yalanın yanında olduğu dünyamızda, elə bundan gözəl və ali arzu da ola bilməzdi. Və Azərbaycan Ordusu növbəti, həm də genişhəcmli düşmən hücumlarının qarşısını almaq üçün bu dəfə müdafiə yox, Ali Baş Komandanın “İrəli!” əmrini icra etməyə başladı.

      Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə səhər saatlarında başladı və bunun üçün səbəbi də elə düşmən özü yaratdı. Belə ki, erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərimizdən müdafiə postlarımızı, eləcə də dinc yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması nəticəsində hərbi qulluqçularımızla bərabər, ikisi uşaq olmaqla, 11 dinc sakin də həlak oldu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatlarının qarşısını almaq, illərdir, davam edən bu təcavüzkar siyasətə son qoymaq üçün bütün cəbhəboyu əks-hücum əmrini verdi. Bununla da 44 gün sürən müharibə ərzində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi.

    Bu qısa müharibə dövründə erməni ordusu Azərbaycana qarşı ən qəddar hərbi cinayətlərə əl atdı. Döyüş zonasından onlarla kilometr uzaqda yerləşən Bərdə, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ və digər rayonların yaşayış məntəqələrini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla hədəfə aldı. Nəticədə, yüzə yaxın mülki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak oldular. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı, zədələndi. Beləliklə, erməni faşistliyi bir daha özünün gerçək simasını dünyaya göstərdi. Azərbaycan Ordusu isə bunun tam əksi olaraq düşmənin cavabını döyüş meydanında verdi. “Yenilməz və hər zaman qalib” erməni ordusunun başına “Dəmir yumruq” endirməklə onlara heç zaman almadıqları zərbəni vurdu. 44 gün ərzində bir addım da olsun geri çəkilməyən Silahlı Qüvvələrimiz Qarabağın incisi sayılan Şuşanı azad etməklə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Və bu qələbə xəbərini Ali Baş Komandan xalqımıza Şəhidlər xiyabanından çatdırdı və müraciətində, həm də Şuşaya müraciət etdi: 

    “Əziz Şuşa, sən azadsan!
    Əziz Şuşa, biz qayıtmışıq!
    Əziz Şuşa, biz səni dirçəldəcəyik”!

    Bir gün sonra ukraynalı hərbi ekspert Aleksey Arestoviç ordumuzun Şuşanı işğaldan azadetmə əməliyyatını belə şərh edəcəkdi: “Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-sız, tanksız, artilleriyasız şəhər aldılar”. Rusiya mediası isə həmin döyüşləri belə təsvir etmişdi: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan Ordusu dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”
    Bu müharibədə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ən inkişaf etmiş ölkələrin hərbi elm və araşdırma mərkəzləri Azərbaycanın müharibədə tətbiq etdiyi möhtəşəm taktiki gedişləri dərindən öyrənərək malik olduqları orduların təkmilləşdirilməsinə və ən müasir silahlarla komplektləşdirilməsinə böyük ehtiyacın olduğunu etiraf etdilər. 

    Vətən müharibəsindən iki il ötməsinə baxmayaraq, ordumuzun döyüşlərdə tətbiq etdiyi taktiki gedişlər hələ də mühüm hərbi-siyasi mərkəzlərdə müzakirə olunur, öyrənilir. Vətən müharibəsi həm də ordumuzun texniki imkanlarını, əsgər və zabitlərimizin necə qorxmaz, döyüşkən olduğunu ortaya qoydu. Ötən dövrdə bir güllə belə atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının nəzarətə götürülməsi, bölgədə mühüm kommunikasiya xətlərinin, hava limanlarının, “ağıllı” şəhər və kəndlərin tikintisi, mədəniyyət beşiyimiz sayılan Şuşanın dünya səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi sahədə də mühüm potensiala malik olduğunu göstərdi.  
    Qələbənin qazanılmasında muxtar respublikamızın hərbi təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun müvafiq hərbi biləşmələri də böyük rol oynadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
    Təbii ki, heç bir müharibə itkisiz olmur. Bu savaşda da Azərbaycanımızın mərd, igid oğulları Vətən torpaqlarının azad olunması yolunda şəhidlik zirvəsinə yüksəldi, kimisi ömürlük qazi adını qazandı. Müharibə başlayandan bir neçə gün sonra daha dəqiqi oktyabrın 1-də Naxçıvan ilk şəhidlərini qarşıladı. Muxtar respublikanın hava limanında minlərlə naxçıvanlı ilə bərabər Ali Məclis Sədrinin də şəhidləri şəxsən qarşılaması, onların ailələrinə göstərilən ehtiram əsl vətənpərvərliyin, dövlət-ordu-xalq birliyinin sarsılmaz nümunəsi idi. Eləcə də şəhidlərin dəfn və yas mərasimlərinin müvafiq dövlət qurumları nümayəndələrinin və əhali tərəfindən mütəşəkkilliklə həyata keçirilməsi bu həmrəyliyi daha da möhtəşəm edirdi. Digər tərəfdən ötən dövrdə müharibə şəhidlərinin ailələrinə, qazilərə, hərtərəfli dövlət dəstəyi göstərildi və bu dəstək hazırda da davam etdirilir. Müharibədə iştirak etmiş hərbi qulluqçuların şücaəti isə dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, onlar müxtəlif adlara layiq görüldülər, orden və medallarla təltif edildilər, mənzil və avtomobillərlə təmin olundular. Dövlət başçısının 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi dövlətimiz üçün qəhrəman oğullarımızın xatirəsinin hər şeydən üstün olduğunu bir daha göstərdi. Bu gün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Vətən müharibəsi iştirakçılarının şərəfinə salınan və ümumi sahəsi 6400 kvadratmetr olan Zəfər Parkı da bunun gerçək sübutudur. 
    Vətən müharibəsinin başlamasından tam iki il keçir. Bu müddət ərzində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hər üç ölkənin liderləri tərəfindən imzalanmış bəyannamənin bəzi maddələrinin tələbləri hələ də öz həllini gözləyir. Ermənistanın məsələlərə destruktiv yanaşmasının nəticəsidir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərdi. Azərbaycan Ordusu bölmələrinin bu təxribatın qarşısını almaq məqsədilə keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Sentyabrın 12-14-də isə tərəflər arasında növbəti hərbi eskalasiya yaşandı. Bu qarşıdurmada şəhid və yaralılarımız olsa da, Azərbaycan Ordusu növbəti dəfə “Dəmir yumruq”la düşmənin başını əzdi, qarşı tərəfin xeyli canlı qüvvəsi məhv edildi, əsir götürüldü, erməni hərbi birləşmələrinin dislokasiya mövqeləri yerləyeksan edildi. Bu təxribatdan sonra Azərbaycan Ordusu daha çox ərazini nəzarətə götürərək öz gücünü bir daha göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il sentyabrın 21-də Laçında Dövlət Bayrağını ucaltdıqdan sonra bu məsələyə xüsusi toxunaraq dedi: “Nəticə etibarilə, sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət, bu onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”.
    Bu qarşıdurmadan sonra erməni rəhbərliyi baş verənlərə görə Azərbaycanı ittiham etsə də, xaricdəki səfirliklərimizə qarşı çirkin hücumlar təşkil olunsa da, bütün dünya Azərbaycanın gücünü, bu məsələnin həllində haqlı və qətiyyətli mövqeyini bir daha gördü. Və Ali Baş Komandan cənab İlham Əliyevin Laçındakı çıxışı bu qətiyyəti, ordumuzla, şəhidlərimizlə bağlı fikirləri bizi bir daha qürurlandırdı: “Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”.

 Səbuhi HƏSƏNOV
 

 

Nəşr edilib : 26.09.2022 20:33