AZ EN RU

Zəfər yolu, zəfər dili

Tarix bizi çox sınaqlara çəkib. Bu xalq məğlubedilməz xalqdır və öz qəhrəman oğulları sayəsində bu sınaqlardan həmişə üzüağ çıxıb. Bizim tariximizdə çox şanlı səhifələr vardır ki, onlar, əslində, düşmənə ibrət dərsidir. Yəqin ki, onlardan ən parlağı yaxın tarixi zaman kəsiyində yaşadığımız, hamımızın gözləri önündə cərəyan edən Vətən müharibəsi dövrüdür. 2020-cil il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın bir dövr ərzində xalqımızın maddi-mənəvi istismarına son qoyan şanlı Ordumuz Azərbaycanın üçrəngli bayrağını yenidən Qarabağ səmasında dalğalandırdı. 

Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini şərtləndirən bir sıra amillər var idi. Burada, hər şeydən əvvəl, seçilmiş düzgün strategiya, müharibədə istifadə olunan müasir texnika, ölkəmizin beynəlxalq münasibətlər istiqamətində yürütdüyü uğurlu siyasət, xalq ruhu və vətənpərvərlik kimi amilləri xüsusi qeyd etmək lazımdır. Lakin bir şeyi də unutmaq olmaz ki, Azərbaycan öz torpaqları uğrunda mübarizə aparmaqla yanaşı, hələ bu gün də davam edən çox mürəkkəb informasiya müharibəsinə cəlb olunmuşdu. Bu informasiya müharibəsində qələbə qazanmağın əsas yolu öz məqsədimizi dünya ictimaiyyətinə düzgün çatdırmaqdan keçirdi. Bu sahədə Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də mühüm rol oynadı. Bununla yanaşı, İlham Əliyev həm də baş verən hadisələrlə bağlı öz xalqını tez-tez məlumatlandırırdı. 
    İkinci Qarabağ müharibəsi dövründə İlham Əliyev xalqa 6 dəfə müraciət etdi. Sonrakı dönəmlərdə də işğaldan azad olunmuş ayrı-ayrı rayonlardan Prezident xalqa mütəmadi səslənirdi. Nəhayət, 2023-cü ilin sentyabrında Qarabağ ərazisində keçirilən antiterror əməliyyatından sonra isə növbəti dəfə xalq Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması xəbərini Prezidentin dilindən eşitdi. Baş verən bütün bu tarixi hadisələrdən bir qədər də əvvələ qayıtsaq, fikrimizcə, ölkə başçısının zəfər üslubunun təməlində məşhur bir nida işarəsi dayanır. Çünki hələ 2019-cu ildə Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına İlham Əliyev çox böyük səbir və təmkinlə belə cavab verdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu nida işarəsi sanki bütün Azərbaycanı mübarizəyə səsləyən bir şüara çevrildi. Ölkədə hər kəsin dilində bu cümlə səslənməyə başladı. Xalqın 30 il ərzində qaysaq bağlamamış Qarabağ yarasını qanatdı və bu yaranı sağaltmağın artıq vaxtının yetişdiyi mesajını verdi. 
    Ümumiyyətlə, cənab İlham Əliyev həmişə öz nitqinin aydınlığı, məntiqiliyi, ardıcıllığı, qətiyyəti, inandırıcılığı ilə dinləyənləri cəlb edib və edir. Vətən müharibəsi dövründə xalqa müraciətləri də bu barədə istisna deyil. Müxtəlif mənbələrdən doğru, yaxud yanlış informasiya axınının insanları çaşbaş salmağa çalışdığı həmin dövrdə insanlar öz prezidentlərini ən etibarlı mənbə seçdilər. Ona inandılar, ona güvəndilər və ən doğru məlumatları ondan aldılar. 2020-ci il sentyabrın 27-də, hadisələrin başlanğıcında Prezident xalqa müraciət edərək sanki baş verəcək hadisələrin planını cızdı, səbəbini, məqsədini, məramını aydın şəkildə izah etdi: “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var? Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”  
    Bundan sonrakı müraciətlərinin hər birində Ali Baş Komandan xalqa qələbə xəbərləri verir. Bu çıxışları zamanı o Azərbaycan dilinin geniş ifadə imkanlarından məharətlə istifadə edir, yeri gəldikcə xalq dilinə məxsus ifadələrdən də istifadə edərək qələbənin qazanılmasında Azərbaycan əsgərinin rolunu qabardır, insanları qələbəyə ruhlandırır və inandırır. Prezident çıxışları ilə bir növ öz xalqı ilə “dərdləşir”, xalqla daha da yaxınlaşır. Xalq onun dilində ilk dəfə öz gündəlik danışığında işlətdiyi tanış ifadələr eşidir. Lakin Prezidentimiz hər dəfə xüsusi qeyd edir ki, bizim məramımız sülhdür. Biz müharibə istəmirik. Mülki əhaliyə ziyan vurmuruq. Hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə və hərbi şərtlər daxilində getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir.
    Ali Baş Komandanın xalqa müraciətlərində tez-tez biz mənfur qonşumuzun baş nazirinə yönəldilmiş ritorik suallarla qarşılaşırıq: Bəs nə oldu, Paşinyan? Niyə qaçırsan Moskvaya? Niyə zəng vurursan, dünya liderlərinin beynini xarab edirsən? Bəs hanı sənin hikkən? Hanı sənin təkəbbürün? Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə belə cəsarətli idin? Cəbrayıla yol çəkirdin? Kimə arxalanırdın? 
    Özü isə haqq mübarizəsi aparan, ədaləti bərpa edən, nə istədiyini bilən bir lider kimi deyir: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
    Nəhayət, Prezident 8 noyabr 2020-ci ildə həssas notlara köklənmiş müraciəti ilə insanların uzun illərdir, gözlədiyi tarixi xəbəri verdi və bu çıxış Azərbaycan xalqının yaddaşına ömürlük həkk olundu: “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
    Ölkə Prezidentinin xalqa müraciətlərində tez-tez eşitdiyimiz bu cür “Qarabağa həyat yenidən qayıdacaq”, “Orada körpə səsləri eşidiləcək”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik” kimi gələcək zamandakı cümlələr artıq Vətən müharibəsindən çox az bir zaman keçməyinə baxmayaraq, bu gün indiki zamanın reallığına çevrilir. Doğrudan da, bu gün Qarabağa həyat qayıdıb, düşmən terrorunun dağıdıcı təsirinə məruz qalmış ərazilər dirçəlir, abadlaşır və öz daimi sakinlərini qarşılayır. 

Nuray ƏLİYEVA
filologiya elmləri doktoru

Nəşr edilib : 29.12.2023 17:04