AZ EN RU

“Zəfər tarixi” və ya o tarix məktəbli qələmi ilə

    İki il əvvələ qədər övladından ayrı düşən anatək nisgilli olan Vətənin dərdi hər birimizin köksünü dağlayırdı. İllərdir, həsrətində olduğumuz, ürəyimizdə qubara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşayırdıq. Bu nisgili, hər kəs bir cür ifadə edirdi. Kimisi kədərini sətirlərlə, misralarla paylaşır, kimisi bayatılarla ovunur, kimisi Vətən haraylı mahnılarla təskinlik tapırdı. 30 il davam edən işğalın gətirdiyi qəm, kədər, nisgil iki il əvvəldən – 27 sentyabr 2020-ci ildən başlayaraq sevinc, qürur, fəxarət hissi ilə əvəz olundu. Həmin gündən başlayaraq milli iftixarımız olan qələbələrimiz sonsuz qürur və fərəhlə yazıldı tarixə. O günlərdə itirdiyimiz şəhidlik zirvəsinə yüksələn igidlərimiz isə hər bir azərbaycanlının qəlbində yaşayır və Azərbaycan durduqca da yaşayacaqlar. Ən yüksək məqama yüksələn şəhidlərimiz öz doğma yurdumuzun ərazi bütövlüyünü təmin etməklə hər birimizə 30 illik həsrətin sevincini yaşatdılar. Bu sevinci, fərəhi hər kəs özünəməxsus şəkildə ifadə etdi. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin doqquzuncu sinif şagirdi Əmir İmanov da öz sevincini qələmə aldığı “Zəfər tarixi” kitab ilə oxucularla paylaşdı. Əmir bu kitabda 44 günlük savaşın xronikasını günbəgün qələmə alaraq həmin tarixdə baş verən hadisələri oxuculara təqdim edib. 
    Kitabın təqdimatından əvvəl Əmirin bu addımını alqışlayır və muxtar respublikamızda belə vətənpərvər gəncliyin yetişdiyinə görə qürur hissi keçirirəm. Düşünürəm ki, müharibə başlananda vur-tut 11 yaşı olan Əmirin azadlıq mücadiləmizi konkret faktlar əsasında qələmə alması olduqca təqdirəlayiqdir. 44 gündə baş verən hadisələri həm öz yaş səviyyəsinə uyğun, həm də tam mahiyyəti ilə təqdim etməyi Əmirin gələcəkdə yaxşı qələm sahibi, tarixçi, politoloq olacağına əminlik yaradır. 
    Faktlara gəldikdə isə gəlin kitabda qeyd olunan müharibənin 7-ci gününün kiçik məlumatına nəzər salaq: “Azərbaycan Ordusunun zəfər yolu davam edir. Prezident cənab İlham Əliyev “Twitter” səhifəsindən Madagizin azad olunduğunu bildirir. Ardınca isə Madagizin tarixi adının bərpa edilməsi ilə bağlı fərman imzalayır”. Müəllifin sözü: “Artıq Madagiz yox, Suqovuşan var!”
    Yaxşı hal kimi onu da vurğulayaq ki, Əmirin müharibənin hər bir günündə gəldiyi öz qənaəti həqiqətdir və uğurludur. Məsələn, “70 yaşlı Hikmət baba öz 180 manat təqaüdünü orduya yardım üçün göndərir. Bizim Azərbaycan xalqı belə bir xalqdır. Elə bir xalq ki həmişə bir olub. Müharibə də bunu göstərdi”. Həmçinin kitabda hər bir gün üçün seçilmiş şəkillər həmin günün hadisəsi ilə həmahənglik yaratmaq baxımından uğurludur. Üstəgəl, Əmir müharibənin hər bir günü öldürülmüş yüksəkrütbəli erməni hərbçilərinin adını çəkir. Bununla o, barbarların gec-tez bu taleyi yaşayacaqlarını deyir. Xarici ölkələrdən gəlmiş jurnalistlərə müsahibələrində ölkə başçısının siyasi, milli, ədalətli mövqeyini ortaya qoymaq istəyir. Kitabın sonunda 44 gün ərzində işğaldan azad olunmuş yaşayış məskənlərimizin, yüksəkliklərimizin, erməni vandallarından təmizlənmiş digər ünvanlarımızın siyahısının verilməsi “Zəfər tarixi” kitabını tam tamamlayır.
    Əziz oxucu! Bu kitab rastına çıxsa, əminəm ki, mənim qədər sən də təqdir edəcəksən. Çünki bu kitab bu xalqımızın kiçikdən-böyüyə ürəyi Vətən eşqiylə döyünən, vətənpərvər xalq olduğunu bir daha sübut edir. 14 yaşlı Əmir İmanov isə bunun bariz nümunəsidir. 
    Arzu edirəm ki, Əmir İmanov Zəngəzurun, doğma Qarabağımızın görmək istədiyimiz mənzərəsini qələmə alsın. Ümidvaram ki, o günə qədər Əmir orta məktəbi də bitirəcək, ali məktəbə daxil olacaq. Ona arzuladıqlarıma çatmaq istəyilə. 

 Gülcamal TAHİROVA

Nəşr edilib : 03.11.2022 21:01