AZ EN RU

Zəfər sevinci

    44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, xalq olaraq birlik və həmrəyliyimizi bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı sağlam ruhda böyümüş, milli dəyərlərinə bağlı qəhrəmanlar sayəsində azad etdik. Əsrlər ötsə də, bu şanlı Qələbə milli tariximizin ən yaddaqalan səhifələrində yer alacaq. Bu gün Tarixi Zəfər Günündən 3 il ötməsinə baxmayaraq, böyükdən-kiçiyə hər kəs şəhidlərimizi ziyarət edib, Zəfər abidəsinin önünə gül dəstələri qoyur. Biz də bu bayram günündə şəhərimizin sakinləri ilə həmsöhbət olub, onların təəssüratlarını öyrəndik:
    Cəlal Quliyev: – 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kros qaçışında III yeri tutmuşam. Bizim də öhdəmizə düşən tariximizə əbədi olaraq qəhrəman Vətən övladları tərəfindən qızıl hərflərlə yazılan bu günü qeyd etmək, onların əbədiyyət qazanmış ruhlarını yad etməkdir. Bu gün münasibətilə mən də Azərbaycan xalqını təbrik edirəm.
    Digər həmsöhbətimiz isə Miryaqub Seyidovdur. Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edən qazimiz Miryaqub da bizimlə hiss və düşüncələrini paylaşaraq deyir ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Çünki həmin müharibə bizim dünyaya gücümüzü, nəyə qadir olduğumuzu göstərdi. Bu abidənin qarşısında dayanan hər kəs artıq 3 ildir ki, bu qələbənin sevinci ilə yaşayır. 
    Mahir İbrahimov: – Zəfər Gününə həsr olunmuş bu yarışda iştirak etdim və 7-ci yerə layiq görüldüm. Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunan marafonun təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Bu bir yarış olsa da, bizim əsas məqsədimiz xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır. Ölkəmizə böyük zəfərlər arzu edirəm.
    Ülviyyə Cəfərova: – Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimiyəm. 3 il öncə, noyabrın 8-də cənab Prezidentin və rəşadətli Ordumuzun sayəsində 30 illik həsrətimiz sona çatdı. Biz də qalib xalqın nümayəndəsi kimi bu möhtəşəm qələbəni qeyd edirik. Bu gün rəhbərlik etdiyim 1“b” sinfinin şagirdləri ilə Zəfər parkına layihə reallaşdırmaq məqsədilə gəlmişik. Ölkəmizə daha böyük qələbələr arzu edirəm. Bir müəllim kimi gələcəyimiz olan uşaqları bu barədə məlumatlandırmaq və onların vətənpərvər ruhda formalaşmasını təmin etmək hər bir müəllimin vətəndaşlıq borcuna çevrilib. Bu Qələbədə canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə sağlam ömür yolu arzu edirik. 

 Bülbül Quliyeva
 Aysel YUSİFZADƏ
 Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 07.11.2023 22:32