AZ EN RU

Zəfər seçkisinin qalib SƏRKƏRDƏSİ

O, ilk dəfə bayrağın önündə diz çökərək onu öpüb Vətənə şərəf və ləyaqətlə xidmət edəcəyinə söz verib, and içəndə cəmi 42 yaşı vardı. Atasının, böyük öndərin bütün bəlalardan xilas edib ayağa qaldırdığı və ona əmanət etdiyi Azərbaycanı qorumalı və ağır bir yük olan Qarabağ problemini həll etməli idi. Qarşısında uzun və çətin bir yol olsa da, xalqına söykənən lider tarixin axışını dəyişdi. 30 ildir, həllini gözləyən bir dərdi cəmi 44 gündə həll edib Müzəffər Komandan oldu. Onun “dəmir yumruğ”u düşmənin başında ildırım kimi çaxıb onu pərən-pərən saldı. Tarix bu xalqın necə qəhrəman bir xalq olduğuna şahid olanda, bütün dünya Azərbaycan əsgərinin cəsarəti qarşısında heyrətə gələndə, Şuşada, Xankəndidə zəfər himni səslənəndə, şəhid anası “oğlumun bəy paltarı uğrunda canından keçdiyi bayrağıdır”, – deyəndə bir daha əmin olduq seçimimizin nə qədər düzgün olduğuna. Sağ əlini Vətən torpağının bir qarışı uğrunda itirən qazi sol əli ilə “Daim arxandayıq, əmrinə müntəzirik” yazanda şahid olduq bu xalqın əbədi liderinin əmanətinə nə qədər sədaqətli olduğuna. Bu seçki bir daha sübut etdi ki, bu xalqın ən düzgün yolu Heydər Əliyev yoludur. Bir vaxtlar Naxçıvandan başlayan və Şuşaya, Xankəndiyə qədər uzanan yol bizi zəfərdən-zəfərə aparacaq.

 Azərbaycan müstəqillik qazandığı gündən bu günə ilk dəfə bütün ərazilərimizdə keçirilən seçkilərdə bütöv Azərbaycan yumruq olaraq iştirak etdi. Zəngilandan, Füzulidən, Laçından olan seçicilər artıq məcburi köçkün qəsəbələrindən yox, öz yurdlarından səsimizə səs verdilər. Azərbaycan müstəqillik qazanandan sonra müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti olmaq şərəfini qazanan cənab İlham Əliyev, bütöv və suveren Azərbaycanın ilk Prezidenti ünvanını da qazanaraq xalqın ürəyində əbədi taxt qurduğunu bütün dünyaya sübut etdi. Siyasətçilər bu seçkidən sonrakı dövrü yeni eranın başlanğıcı adlandırırlar. Bəli, Azərbaycan yeni eraya qədəm qoyur. Tarixin heç bir dövründə olmadığı kimi bir eraya. Müstəqil, azad, suveren, qəhrəman bir dövlət olaraq. Başıuca, üzüağ olaraq.

Şəhid məzarı qarşısında qürurla dayanıb, min oğlum olsa, minini də Vətənə qurban verərəm deyən atalardan, Vətən müharibəsində atasını itirsə də, hərbi papağını başına geyib davam edən, həyatınam deyən oğullardan, ömür-gün yoldaşının tabutunu çiynində əbədiyyətə yola salan gəlinlərdən, öz həyatını təhlükəyə atıb Azərbaycanı yox olmaqdan, parçalanmaqdan qurtaran Ulu Öndərindən, sözü ilə əməli bir olan Ali Baş Komandanından güc alaraq.

                                                   Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 14.02.2024 15:31