AZ EN RU

Zəfər seçkisi milli birliyimizin təntənəsidir!

2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində olarkən şəhid ailələrinin bayram əhvali-ruhiyyəsi ilə Zəfər seçkilərində iştirak etdiyinin şahidi olduq. İtkin şəhid İbrahim Vəlizadənin valideynləri təəssüratlarını “Şərq qapısı” qəzetilə bölüşdü.

Atası, Səməd Vəlizadə: 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında ali amal uğrunda “dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, xalq-Prezident-ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. O möhtəşəm Zəfərlə xalqımızın şərəf və ləyaqəti bərpa olundu. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi. Haqq savaşımızda mənim oğlum da Vətəninə sinəsini sipər edən qəhrəmanlardandır.  Azərbaycanı canından çox sevən İbrahim digər Vətən aşiqləri kimi Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqlarımız uğrunda şücaətlə vuruşdu. Torpaqlarımız bütövləşdi. Qalib ata kimi tarixi gündə seçimim Qalib xalqın qalib Lideridir. Qürurlu olduğum qədər də sevincliyəm ki, bu gün bütöv Azərbaycanın daha da inkişafı, çiçəklənməsi naminə Zəfər seçkilərində iştirak edirəm, aydın sabahlarımız naminə səs verirəm. Çünki bu seçki milli birliyimizin təntənəsidir!

Nəşr edilib : 07.02.2024 15:36