AZ EN RU

Zəfər seçkisi ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir

    7 fevral 2024-cü il! Xalqın Zəfər seçkisinin keçirildiyi bu gün Azərbaycanın dövlətçilik tarixində olduqca əlamətdar bir gün kimi yaddaşımıza yazıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Prezident seçkiləri gününü xalqımız böyük ruh yüksəkliyi ilə qarşılayaraq öz konstitusiya hüququndan istifadə etdi. Şərur rayonunda da səhər saatlarından yüzlərlə seçicinin axışaraq seçki məntəqələrinə gəlməsi Oğuz elinin müasir inkişafının təntənəsi idi. Əsl bayram əhvali-ruhiyyəsi yaşanan rayonda səhər saat 8-də bütün məntəqələr qapılarını seçicilərin üzünə açmışdı. 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur-Kəngərli Dairə Seçki komissiyalarının əhatə etdiyi məntəqələrdə seçkilər bütün prosedur qaydalara uyğun olaraq aparılırdı. Məntəqələrdə seçicilərin öz namizədlərinə səs vermələri üçün zəruri olan bütün şərait yaradılmışdı. Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq edilən və seçki məntəqələrindən kənarda insanlara internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də tətbiq olunmuşdu. Seçkilərin gedişini müşahidə edən istər beynəlxalq, istərsə də yerli müşahidəçilər üçün də geniş imkanlar yaradılmışdı. Rayon mərkəzində yerləşən 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermənin yeni başlanmasına baxmayaraq, seçicilərin sayı sürətlə artırdı. Məntəqə seçki komissiyasının sədri Qulu Quliyev dedi: “Əslində, səhər tezdən bu qədər seçicinin məntəqəyə gəlməsi gözlənilən idi, çünki şərurlular ölkəmiz üçün taleyüklü məsələlərə həmişə həssaslıqla yanaşıblar”.
    Məntəqədən çıxan seçicilərlə də söhbət edərək onların fikirlərini öyrəndik. İsmət Məmmədova bildirdi ki, burada proses tam şəffaf təşkil olunub. Yaşadığım ünvana bildiriş göndəriblər. Seçki mədəniyyətinin hər seçkidə daha da yüksəlməsi məni olduqca məmnun edir. Azad şəkildə seçimimi edərək ən layiqli namizədə səs verdim.
    Çərçiboğan kənd tam orta məktəbində yerləşən 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi qarşısında da qələbəlik idi. Səhər saatlarından seçici fəallığı müşahidə olunurdu. Məntəqə seçki komissiyasının sədri Vasif Nəcəfli bildirdi ki, aparılan hazırlıq işləri nəticəsində seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüquqlarından tam istifadə edə bilirlər. Burada olarkən ilk dəfə prezident seçkilərində iştirak edən Əfsanə Məmmədova da fikirlərini bizimlə bölüşdü. O dedi: “Birinci dəfədir, səsvermə prosesinin necə olduğunu görürəm. Çox qürurvericidir. Ölkəmizin gələcəyini düşünən layiqli namizədə səs vermək mənim üçün böyük şərəfdir”.
    2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 23 saylı məntəqəsində Vətən müharibəsi şəhidi Elməddin Meydanovun qardaşı İsmayıl Meydanov “Şərq qapısı” qəzetilə fikirlərini belə bölüşdü: “Xalqın prezidenti adını Azərbaycan tarixinin səhifələrinə əbədi yazan qalib xalqın qalib sərkərdəsidir. Qalib xalqımıza qalib prezident yaraşır. Bu gün seçkilərdə iştirak etməyi özümə borc bildim. Ailəmlə birlikdə seçkilərdə iştirak etdik, bu seçki digər seçkilərə bənzəmirdi. Bu seçkidə başıuca, alnıaçığıq. Vətənimizi bütövləşdirən şəhidlərin ruhu şad olsun”.
    Qeyd edək ki, 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin 57 seçki məntəqəsində, ümumilikdə, 48024 seçici qeydə alınmışdı ki, həmin seçicilərin 2925 nəfəri ilk dəfə prezident seçkilərində iştirak edirdi. Seçkilərdə şəffaflığın təmin olunması, yerli və xarici müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün seçki məntəqələrində, ümumilikdə, 7 veb-kamera quraşdırılmışdı. 
    Zəfər seçkisi Qarabağ qələbəmizin siyasi, məntiqi davamıdır. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.02.2024 23:28