AZ EN RU

Zəfər seçkiləri xalqımızın arzularının təminatçısıdır

    Növbədənkənar prezident seçkilərində Ordubad rayonundakı seçki məntəqələrində də fəallıq müşahidə etdik. Öyrəndik ki, 6 saylı Ordubad-Culfa Seçki Dairəsi  üzrə, ümumilikdə, seçki keçirilməsi üçün 65 məntəqə ayrılıb. 
    Ordubad şəhərindəki 3 saylı seçki məntəqəsində 1448 seçici qeydə alınmışdı. Onların 3 nəfəri ilk dəfə seçkidə iştirak etmək hüququ qazanan 18 yaşını tamamlamış vətəndaş idi. Bununla yanaşı, məntəqə üzrə 7 daşınan seçki qutusu üçün müraciət edilmişdi. 
    Məntəqədə həmsöhbət olduğumuz seçicilərdən yaşı 60-ı ötmüş Hüseyn Məmmədov dedi: “Ölkəmizdə keçirilən prezident seçkilərində mütəmadi olaraq iştirak etmişəm. Bu dəfə daha böyük sevinclə, həvəslə seçkiyə qatıldım. Seçimimdə isə ölkəmizin, Vətənimizin mənafeyini, xalqımızın istəklərini nəzərə alıb istədiyim namizədə səs verdim”.
    Rayon mərkəzindəki 2 saylı seçki məntəqəsində 1473 seçici qeydə alınmışdı ki, onlar arasında 18 yaşını tamam edərək ilk dəfə iştirak edən şəxslər də var idi. 4 saylı seçki məntəqəsində isə 1335 nəfər seçicinin səs verməsi nəzərdə tutulmuşdu. Həmin seçicilərdən də    4 nəfəri seçkilərə ilk dəfə qatılmışdı. 
    Adıçəkilən məntəqələrdə müşahidə kameraları quraşdırılmış, təhlükəsiz və şəffaf seçki prosesi təmin edilmişdi. 
    Rayon üzrə ən çox seçicinin qeydə alındığı ünvanlar rayonun Dəstə kəndində yerləşən 17 və 18 saylı seçki məntəqələri idi. 17 saylı seçki məntəqəsində 1488, 18 saylı seçki məntəqəsində isə 1491 nəfərin adı seçici siyahılarına daxil edilmişdi. Məntəqə sədrlərinin verdiyi məlumata əsasən hər iki məntəqə üzrə 134 nəfərin ilk dəfə səsvermə  hüququndan istifadə etməsi nəzərdə tutulmuşdu. 10 nəfər üçün isə daşınan seçki qutusu müəyyən edilmişdi. 17 saylı seçki məntəqəsində isə 18 yaşı tamam olmuş 9 seçici seçkilərdə ilk dəfə iştirak edib. 
    Sonuncu müşahidə apardığımız məntəqə isə rayonun Nüsnüs kəndində yerləşən 10 saylı seçki məntəqəsi oldu. 1478 nəfər seçicinin qeydə alındığı məntəqədə 2 nəfər üçün daşınan seçki qutusu nəzərdə tutulmuşdu. Məntəqə üzrə 3 nəfər isə 18 yaşını tamamlamış və seçki hüququ qazanmış vətəndaş idi. 
    Onu da deyək ki, seçki mərhələsində ­aşkarlığın və şəffaflığın təmin olunması ilə yanaşı, prosesin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılması da diqqətdə saxlanılmışdı.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 07.02.2024 23:32