AZ EN RU

Zəfər rəmzi, qürur mənbəyimiz üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi dalğalanır!

9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

    Ümummilli Liderimiz Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Üçrəngli bayrağımız xalqımızın milli mövcudluq nişanəsi sayılır, dövlətimizin gücünü, qüdrətini, xalqımızın milli birlik və həmrəyliyini nümayiş etdirir. 
    Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Dövlət statusuna malik bu bayraq sovet Rusiyası qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Azərbaycan parlamentinin binası üzərindən endirilib. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. Bu sessiya həm də müstəqilliyə gedən yolda tarixi qərarların – “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarların qəbul edilməsi ilə əlamətdar olub. Bunların içərisində “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərar mühüm əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar Ümummilli Lider Heydər Əliyevin imzaladığı Ali Məclisin qərarında deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 
    1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
    2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və Gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
    3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
    1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 
    Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunub, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilib. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyıb. 
    Ulu Öndər yolunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvandan başlanan həmin tarixi hadisəni yüksək qiymətləndirərək demişdir: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi. Eyni zamanda ovaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilsin... Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Dövlətimizin başçısı Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, bununla da hər il noyabr ayının 9-u “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
    2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının, 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasiminin keçirilməsi üçrəngli bayrağımız, qədim tariximiz haqqında hərtərəfli məlumat əldə etməyə imkan verir. Naxçıvan şəhərindəki Bayraq Meydanında yaradılmış unikal quruluşa malik Bayraq Muzeyində Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi öyrənməyə geniş imkanlar yaradır, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işində mühüm rol oynayır.  Onu da qeyd edək ki, bu gün muxtar respublikanın bütün rayonlarında Bayraq meydanları istifadəyə verilib. 
    Ölkə Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Dövlətimizin başçısı verdiyi  vədlərə, sözünə sadiq qaldı. Bu gün Azərbaycanın Dövlət Bayrağı Qarabağda, Xankəndidə, Şuşada, bir sözlə, ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı torpaqlarımızı 30 illik əsarətdən, işğaldan qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində Şuşanın işğaldan azad olunması isə böyük Zəfərin əsası olmaqla xalqımıza möhtəşəm qürur və sevinc yaşatdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşü zamanı dedi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan Bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan Bayrağı dalğalanır”. Bu il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması isə növbəti dəfə dövlətimizin, Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Dövlətimizin başçısı Xankəndidə çıxışı zamanı dedi: “Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”. Bu şanlı səhifələr Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. 
    Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, and yerimiz bayrağımız bu gün ən yüksək zirvələrdə dalğalanır. Üçrəngli bayrağımız həm də onu yüksəklərə ucaldan, doğma Vətəni uğrunda gözünü qırpmadan canını fəda edən şəhidlərimizin ruhunun daşıyıcısıdır. Bu gün hər bir azərbaycanlı Zəfərimizin nişanəsi, qürur mənbəyimiz bayrağımıza hörmət və sevgi göstərir, onu qorumağı və həmişə uca tutmağı müqəddəs borcu bilir, bir bayrağın altında sıx birləşərək onu daha uca zirvələrə qaldırır. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 08.11.2023 20:12