AZ EN RU

Zəfər Ordusu

Prezident İlham Əliyev: "Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir".

106 il bundan öncə, 1918-ci ilin 26 iyun tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının verdiyi qərarla general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında Əlahiddə Azərbaycan korpusu yaradılıb. İlk ordu hissəsi sayılan bu korpusun yaradılması ilə Azərbaycanda rəsmi ordunun qurulmasına başlanılıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə bu tarixi gün Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub. 
Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Əgər Ulu Öndər Azərbaycana rəhbərliyinin birinci dövründə milli ordumuzun təməl prinsiplərini – hərbi təhsil infrastrukturu, kadr hazırlığı kimi məsələləri böyük uzaqgörənliklə həyata keçirmişdisə, müstəqilliyimizin bərpasından sonrakı (1993-2003-cü illər) dövrdə nizami milli ordunun qurulmasında əvəzolunmaz rol oynamışdır. Ulu Öndərin rəhbərliyi ilə peşəkar milli ordunun yaradılması isə ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. 
Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib. Həmin dövrdə muxtar respublikanın təhlükəsizliyi, sərhədlərinin müdafiəsi məhz dahi şəxsiyyətin rəhbərliyi ilə təmin olunub. 
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə başlanılıb. Böyük strateq çox gözəl bilirdi ki, həmin dövrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə müqavimət göstərmək mümkün deyil. Ona görə 1994-cü ildə bağlanmış atəşkəs sazişi ölkəmizdə ordu quruculuğuna və iqtisadi inkişafa şərait yaratdı. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırıldı, müxtəlif istiqamətlər üzrə hərbi birləşmələr yaradılaraq komplektləşdirildi. Eyni zamanda görkəmli dövlət xadiminin rəhbərliyi ilə ordunun qanunvericilik bazası yaradıldı, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşuldu. Nəticədə, milli hərbi birləşmələrimiz sülhməramlı qismində dünyanın müxtəlif münaqişə zonalarında iştirak edərək fəaliyyəti yüksək qiymətləndirildi. “Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun Silahlı Qüvvələridir”, – deyən Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafına yeni mərhələ kimi daxil olub. 
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilib, dövlət başçısının müvafiq Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Bu əlamətdar hadisə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə zəmin yaradıb. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017 və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü hər kəsə nümayiş etdirib. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə Böyük Zəfərə gedən yolun başlanğıcı olub. Təsadüfi deyil ki, ölkə Prezidenti 2021-ci ildə Naxçıvana səfəri zamanı Günnüt əməliyyatının Azərbaycan Ordusuna qazandırdığı üstünlüyün 44 günlük Vətən müharibəsində mühüm rol oynadığını vurğulayıb: “...Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir... Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır”.
Ümumilikdə isə Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində başladığı işlər Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilərək ölkəmizin hərbi potensialının daha da gücləndirilməsinə səbəb olub. Nəticədə, ordumuz peşəkar kadrlarla yanaşı, ən müasir silahlarla da arsenalını gücləndirib. Amma bu illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəinki Azərbaycanın sülh çağırışlarına müsbət cavab vermədi, hətta yeni ərazi iddiaları ilə də çıxış etməyə başladı. Məhz bu zaman Ulu Öndərin “Bizim Ordumuz istənilən vaxtda Azərbaycanın torpaqlarını işğaldan azad etməyə qadirdir” bəyanatı 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində öz təsdiqini tapdı. Beləliklə, 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında dünya Azərbaycan Ordusunun gücünü gördü. 
Bu gün Zəfər savaşı ilə xalqımıza böyük qürur bəxş edən qəhrəman ordumuz 106 yaşını qeyd edir. Vətəni bütövləşdirərək hər günümüzü bayrama çevirən şanlı Ordum, hər zaman var ol! Sən var ol ki, yurdum da var olsun!

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 26.06.2024 00:01