AZ EN RU

“Zəfər dastanı”mızın yazıldığı gün

    Təqvim 8 noyabrı göstərir. Bu tarix bütün gəlib keçmiş zamanların ən gözəli, ən füsunkarıdır... Birliyin, birgəliyin, qürurun, mərdliyin, mübarizliyin, azadlığın və 30 illik həsrətin sonunda vüsala qovuşmağın günüdür bu tarix. Fəsillərdən payız olsa da, nə ağacların, nə otların, nə də ki çiçəklərin rəngi solmur. Çünki ümidin, arzuların baharı başlayıb Azərbaycanda, mövsüm aydınlığın mövsümüdür. İllərdir, qəlbimizdə daşıdığımız bütün ağrıları və dərdləri ümidsizliyin sonsuz qışına dəfn etdik bu tarixdə. Artıq hər saniyə ciyərlərimizə dolu-dolu aldığımız havadan azadlığın əvəzsiz qoxusu duyulur. 
     İl 2020, təqvim 8 noyabrı göstərir. Bu tarixdə xalqımın qəhrəmanlığının, şücaətinin, fədakarlığının milli və mənəvi dəyərləri ilə bütünləşdiyi bir dastan yazıldı – “Zəfər dastanı”. Bu dastan keçirilən tədbirdə millətimin şəxsiyyət və iradəsinin dərin izlərini sonsuzluğa daşıyan qəhrəmanlıqlarla doludur. Gələcək nəsillərə millət olmaq və öz müqəddəratına sahib çıxmaq  şüurunu qazandıran “Zəfər dastanı”mız qürurlu bir xalqın kimliyini, qüdrətini və yenilməzliyini də dünyaya göstərdi. Bu dastanın əsas qəhrəmanları bütün arzularını, duyğularını və həyatlarını Vətən-Millət-Bayraq kimi uca qayələr ətrafında heç bir qarşılıq gözləmədən qurban verən igidlərdir. Onların cənnət qoxan qanlarıyla yazıldı “Zəfər dastanı”mız. 
       İl 2020, təqvim 8 noyabrı göstərir. Bu tarix haqqın batilə, birliyin ayrılığa, mərdin namərdə, xeyirin şərə qalib gəldiyi gündür. Bu tarixdə Şuşamızın azadlığı ilə zəfərimiz taclandı, xalqımız yeni bir diriliş ruhuyla dimdik ayağa qalxdı. Dövlət-Ordu-Xalq birliyinin yaratdığı “Dəmir yumruğ”un gücündən doğan qələbənin sevinci ilə qanadlandı. 
       İl 2020, təqvim 8 noyabrı göstərir. Üç minə yaxın Vətən sevdalısının cənnət qoxan ruhuyla Kəbəyə salam verdiyi gündür bu gün. Övladını itirən anaların, ataların  alınan qisasın təsəllisi ilə rahatlıq tapdığı gündür. Qanı ilə torpağa can qatan, ölümü belə öldürərək ölümsüzlük qazanan  igidlərin tarixə yazdığı azadlıq nəğməsinin bəstələndiyi gündür. Bu nəğmə bəstələnərkən şəhadətə qucaq açan minlərlə oğullarımız bizlərə tarixi torpaqlarımızın azadlığını miras qoydular. Bu tarix əzmimizin düşmən canına  qorxu saldığı gündür. Elə bir gündür ki, yenilməzliyimiz qarşısında bütün dünya heyran qaldı. 

İlahə ALLAHVERDİYEVA 
   Naxçıvan Dövlət Universitetinin 
   Jurnalistika ixtisas üzrə IV kurs tələbəsi 

Nəşr edilib : 04.11.2022 21:56