AZ EN RU

Zəfər bayramı Türkiyə xalqının qəhrəmanlıq tarixidir

    Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur. 
    Zəngin dövlətçilik ənənələrinə malik olan Türkiyə Cümhuriyyəti ötən əsrin əvvəllərində gərgin siyasi və hərbi münaqişələrin mərkəzinə çevrilmişdi. Osmanlı imperiyasının süqutu türk xalqını öz dövlətçiliyini qoruyub saxlamaq və vətəni işğaldan azad etmək uğrunda mübarizəyə sövq etdi. 1920-ci il aprelin 23-də Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi və xalqı təmsil edən hökumət quruldu. Bütün cəbhələrdə uğurlu hərbi əməliyyatlara başlandı, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər bayramı kimi daxil oldu. Türkiyənin müstəqillik uğrunda apardığı mübarizədə Azərbaycan xalqı da iştirak etmiş, qardaş Türkiyə xalqına dəstək olmuş, onunla birgə döyüşlərdə iştirak edərək şəhidlər vermişdir.

    Ümummilli lider Heydər Əliyev demişdir: “Zəfər bayramı türk xalqının… tarixində çox əlamətdar və tarixi gündür. Birinci Dünya müharibəsindən sonra…Türkiyəni hər tərəfdən dağıtmağa, parçalamağa çalışdılar. Ancaq türk xalqı bunların hamısına sinə gərdi, öz qəhrəmanlığını göstərdi və türk əsgəri nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi”. Hər iki dövlətin qurucularının – ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Qarşılıqlı dostluq və inam xalqlarımızın rifahına, ölkələrimizin gələcək inkişafına xidmət edir. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Eyni zamanda ölkələrimiz beynəlxalq və regional təşkilatlarda həmrəylik nümayiş etdirirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər böyük layihələr həm ölkələrimizin beynəlxalq miqyasda nüfuzunu artırır, həm də xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
    Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə isə qardaşlıq münasibətləri daha da genişləndirilmiş, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirilmişdir.
    Bu gün Azərbaycan və Türkiyə prezident­lərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz yeni mərhələyə qədəm qoymuşdur. 2020-ci il fevralın 25-də Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmir yolu nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər, bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
    44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə eyni dil, din və tarixi köklərə malik olan qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”. 
    2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də Bəyannamədə qeyd olunmuşdur. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
    Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da ölkələrimiz və xalqlarımız arasındakı strateji tərəfdaşlığa öz töhfəsini verməkdədir. Ordu quruculuğu, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Xüsusilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu qurucu­luğu sahəsindəki əməkdaşlıq ilbəil genişləndirilir. Ənənə halını almış birgə hərbi təlimlər uğurlu əməkdaşlığın nəticəsidir. 
    Naxçıvan Muxtar Respublikası Ali           Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanla Türkiyə əlaqələrinin sarsılmaz olduğunu bildirərək demişdir: “İndi dünya birliyində Türkiyə-Azərbaycan əlaqələrini bir-birindən ayırmaq qeyri-mümkündür. Artıq beynəlxalq təşkilatlarda da bilirlər ki, Türkiyənin mənafeyi olan məsələdə Azərbaycanın, Azərbaycanın mənafeyi olan məsələdə isə Türkiyənin səsi vardır. Türkiyə ilə Azərbaycan dünyada yeganə ölkələrdirlər ki, onları iqtisadi və siyasi maraqlardan daha çox soykök, milli və ortaq dəyərlər birləşdirir”. 
    Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaqlar. 

“Şərq qapısı”

Nəşr edilib : 29.08.2022 18:41