AZ EN RU

Yüzyaşlı tamaşa Babək rayonunda nümayiş olunub

    Şahbuz Rayon Xalq Teatrının kollektivi Süleyman Rüstəmin eyniadlı komediyası əsasında hazırlanmış “Çimnaz xanım yuxudadır” tamaşasını Babək Rayon Mədəniyyət Sarayında nümayiş etdirib. Əsas ideya və məzmununda ailədə sədaqət və düzgünlüyün təbliğ olunduğu səhnə əsərinin quruluşçu rejissoru Elbəyi Qəhrəmanovdur.
    Qafar rolunda Elbəyi Qəhrəmanov, Çimnaz rolunda Səadət Abdinova,  Əli  rolunda Amil Əsgərov, Nabat rolunda İlahə Səfiyevanın izləyici qarşısına çıxdığı tamaşada teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evdə qurduğu oyundan bəhs edilir.
    Qeyd edək ki, Xalq şairi Süleyman Rüstəmin ilk qələm təcrübələrindən biri olan “Çimnaz xanım yuxudadır” adlı birpərdəli komediya ilk dəfə 1922-ci ildə məşhur aktyor Mirzağa Əliyevin köməyi ilə “Tənqid-təbliğ” teatrında tamaşaya qoyulub. Artıq bir əsrdir ki, müxtəlif teatrların repertuarında yer alan və Şahbuz Rayon Xalq Teatrında uğurla səhnəyə qoyulan tamaşa Babək rayonunun teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.12.2022 18:46