AZ EN RU

Yüz yaşlı səhiyyənin 83 yaşlı həkimi

Naxçıvan Muxtar Respublikasında onu və ailəsini – neçə-neçə ailələrə körpə sevinci bəxş edən həyat yoldaşını, anasının yolunu davam etdirən qızını tanımayan, bəlkə də, yoxdur. Sabir Novruzovun 83 yaşı olsa da onu yenə də işinin başında, xəstələrinin yanında görürük. Onunla həmsöhbət olur, həkimin maraqlı söhbətini dinlədikcə bu sənətin müqəddəsliyinə bir daha şahidlik edirik. Söhbətimizə onun Tibb İnsitutunu bitirdiyi illərdən başlayırıq. Deyir ki, 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Culfa şəhərində fəaliyyət göstərən  xəstəxanada həkimlik fəaliyyətinə başlayıb, sonrakı illərdə öz istəyi ilə rayonun Qazançı kəndindəki həkim ambulatoriyasında baş həkim işləyib.

Gənc və istedadlı həkim kimi təkmilləşdirmə kursuna göndərilərək cərrahlığın sirlərinə bələd olub yenidən Naxçıvana qayıdır. Qazandığı nailiyyətlər ona həmin dövrün səhiyyədə ən yüksək titulu olan “SSRİ-nin səhiyyə əlaçısı”, “Ali cərrah” adını qazandırır. 1981-ci ildə muxtar respublika səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunan  Sabir Novruzov bir müddət bu vəzifəni icra edir. Həkim-cərrah kimi fəaliyyəti dövründə Naxçıvan Dövlət Pedaqoji İnsitutunda dərs deyir. Həmin illərdə Ulu Öndər Heydər Əliyevlə dəfələrlə görüşdüyünü və onun Naxçıvan səhiyyəsinin inkişafına göstərdiyi diqqəti qürurla xatırlayır: – Dahi rəhbər hər dəfə Naxçıvana səfər edəndə səhiyyənin vəziyyəti ilə maraqlanır, göstərişlər verirdi.

Naxçıvan şəhərindəki mərkəzi xəstəxana binasının inşası məhz Heydər Əliyevin səyləri nəticəsində mümkün olub. Sovet rəhbərlərinin bir çoxu belə bir xəstəxananın Naxçıvan üçün çox böyük olduğunu deyir, inşa edilməsinə razılıq vermirdi. Amma dahi rəhbərin səyləri nəticəsində bu məsələ öz həllini tapdı. Tibbi avadanlıqların hamısı Moskvadan gətirilib xəstəxananın istifadəsinə verildi. Həkimlik etdiyi 60 ilin çox hissəsini Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi keçirən  Sabir həkimlə söhbət zamanı onu da xüsusilə qeyd etdi ki, sovet dövründə Naxçıvanda qadın həkimlərin sayı barmaqla sayılacaq qədər, qadın cərrah isə, demək olar ki, yox idi. Xəstəxanaya keysəriyyə əməliyyatına ciddi ehtiyac duyulan xəstə gətirildikdə vəziyyət çıxılmaz olurdu. Sabir Novruzov həyat yoldaşı, həkim-ginekoloq işləyən Nüşabə həkimə cərrahiyyənin sirlərini öyrətməyə başlayır və onu əməliyyat prosesinə köməkçi həkim kimi daxil edərək ən incə məqamları öyrənməsinə, təkmilləşməsinə kömək olub. İlk addımlar atıldıqdan sonra qadın həkimlərin peşəkarlıq səviyyəsi həkim heyəti tərəfindən yoxlanılıb və həmin həkimlər bir sıra əməliyyatlar aparmağa başlayıblar. Naxçıvan səhiyyəsində ilk dəfə həmin ildə qadın həkim-ginekoloqlar keysəriyyə edib.

Müsahibim onu da qeyd edir ki, üç övladı var, onların hamısı həkimlik kimi müqəddəs peşənin yiyəsidirlər. Qızı Bəhriyyə həkim hazırda Naxçıvan Perinatal Mərkəzdə, digər iki övladı isə Bakı şəhərində fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi adının da sahibi olan həmsöhbətim hazırda Onkoloji Mərkəzdə çalışır, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində gələcəyin həkimlərinin yetişdirilməsinə öz töhfəsini verir. Sabir Novruzov ömrünün 60 ilini Tanrının onun əllərinə verdiyi təpərlə insanlara sağlamlıq bəxş etməyə sərf edib. O bu gün dönüb keçmişə baxanda nigaran baxışlara verdiyi rahatlığı, xəstə bədənlərə verdiyi sağlamlığı görür. Həkim adının da, ağ xələtin də məsuliyyətini qürurla daşıyır.     

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.01.2024 11:09