AZ EN RU

Yüz yaşlı nəğməkar şair ömrünün töhfələri

    Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi vardır. Bu ədəbiyyat XX əsrdə Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun kimi görkəmli söz ustaları yetirmişdir. Belə sənətkarlardan biri də qədim Naxçıvanın yetirməsi nəğməkar şair və qüdrətli dramaturq İslam Səfərlidir. Azərbaycan poeziyası tarixində özünməxsus yer tutan nəğməkar şair, həmyerlimiz İslam Səfərlinin fevral ayında anadan olmasının 100 illiyi tamam olur.
    İslam Səfərli 12 fevral 1923-cü il tarixdə indiki Babək rayonunun Şəkərabad kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əhməd xan, anası Hökümə xanım əsil-nəcabətli ailədən çıxmışdır. O, yeddiillik kənd məktəbini bitirdikdən sonra ailəsi ilə Naxçıvan şəhərinin, Sarvanlar məhəlləsinə köçür. Burada gələcək şair indiki 1 nömrəli məktəbdə təhsilini davam etdirir, məktəbdəki dram dərnəyinə gedir, poeziyaya maraq göstərir.
    Şair 17 yaşından ədəbi yaradıcılığa başlamışdır. Onu da qeyd edək ki, İslam Səfərli Ulu Öndər Heydər Əliyevlə eyni məktəbdə oxumuş və bir-birlərinə həmişə hörmətlə yanaşmışlar. Məktəbdə fəal şagirdlərdən biri kimi seçilən, əla qiymətlərlə oxuyan şair 1941-ci ildə təhsilini başa vurmuş, amma qəflətən müharibənin başlanması onun oxumaq arzusunu gözündə qoymuş, elə müharibənin ilk ilində məhəllədəki 13 gənclə birlikdə könüllü şəkildə cəbhəyə getmişdir. İslam Səfərli 416-cı Taqanroq diviziyasında Berlinə qədər şanlı döyüş yolu keçmiş, kəşfiyyatçı olmuş, döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, eyni zamanda bir-birindən maraqlı poeziya nümunələri yazmışdır.
    Ona görə şairin Vətən müharibəsindən danışan kiçik şeirlərində konkret lövhələr görürük:

        Boş vaxtlarda şeir yazan,
        Əldə qaşıq, dizdə qazan,
        İştahayla xörək yeyən,
        Tüfəng silən, nəğmə deyən,
        Evlərindən məktub alan,
        Saz götürən, qarmon çalan
        Kimdir? Soruşsanız əgər,
        Onüçlərdir, – deyərdilər.

    Adıçəkilən 13-lərdən biri olan uşaqlıq dostunun cəbhədə həlak olması şairi sarsıdır. O, əziz dostuna həsr etdiyi “Qoşa söyüd” şeirində duyğularını bu sözlərlə ifadə edir:

        Nakam getmiş bu cavanın
        Nə şöhrəti, nə adı var.
        Nə kiçik bir əsəri,
        Nə də ki bir övladı var.
        Onun doğma kəndimizdə
        Təkcə ayaq izi vardır.
                Bir də ki bu göy söyüdlər
                Ondan bizə yadigardır.
                Doğma kəndim, bunları sən
                Əziz saxla öz sinəndə.
                O gəlsə də, gəlməsə də,
                Yadigarı durur səndə.

    Ümumiyyətlə, İslam Səfərlinin “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata”, “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” kimi şeirləri müharibənin onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır.
    Müharibə başa çatdıqdan sonra şair doğma Naxçıvana qayıtmış, bir müddət “Şərq qapısı” qəzetinin redaksiyasında və Naxçıvan Radio Komitəsində çalışmış, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin bölgə müxbiri vəzifəsini yerinə yetirmişdir.
    Qüdrətli bəstəkarımız Ü.Hacıbəylinin məsləhəti ilə 1946-cı ildə Bakıya gəlmiş, BDU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olmuşdur. Bu illərdə bədii yaradıcılığını davam etdirən şair Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Osman Sarıvəlli kimi ustad sənətkarların diqqət və qayğısını hiss etmişdir.
    Şairin ilk şeirlər kitabı 1950-ci ildə işıq üzü görmüşdür: “Mingəçevir mahnısı”. Onun tələbəlik illərini vəsf edən “Darülfünun şeirləri” kitabı da 1951-ci ildə nəşr olunmuşdur. Bu kitaba şairin “Darülfünun pillələrində”, “Yataqxana”, “Xidmətçi qadın”, “Təhsil illəri”, “Yasəmən”, “Məktəbdən həyata”, “Təzə müdir” kimi şeirləri daxil edilmişdir.
    Bu kitabdakı tələbəlik həyatına aid silsilə şeirlər gənc oxucuların qəlbinə yol tapmış, onların stolüstü kitabına çevrilmiş, dillərdə əzbər olmuşdur. Şeirlərdəki nəcib duyğular şairin müşahidələrinin, tələbə dostları ilə birlikdə keçirdiyi mənalı yataqxana həyatının rəngarəng hadisələrinin təsirindən yaranmışdır:

    Pilətəylə isindikcə de, yataqxana,
    Qazan asıb tanış qızdan duz almısanmı?
    Evinizdən gətirdiyin güllü çaydana
    Lənkəranın tünd çayından heç salmısanmı?
    Yaxud hərdən soyuq payız gecələrindəki
    Mübahisə saatınız çəkibmi üçə?
    Döyüşlərdən qalib çıxmış qəhrəman təki
    Rahat olub yatmısanmı, söylə o gecə?

    O, tələbə dostu Əlfi Qasımova həsr etdiyi “Təhsil illəri” şeirində tələbəlik dövründə keçirdiyi hissləri çox həssaslıqla vermiş, təhsil almaq üçün Bakıya – paytaxta gələn dostuyla keçirdikləri acılı-şirinli tələbə həyatını gənclik çağının xoş bir xatirəsi kimi qələmə almışdır:

    Naxçıvan çayının göy vadisində,
    Şəkərabad kəndində doğulmuşam mən.
    Gözəl Qarabağın bir guşəsində
    Ey dostum, həyata göz açmısan sən.
    Lakin öz qəlbimiz, öz əməlimiz
    Bizi bir məsləkə bağlamış artıq,
    Elmə doğru uçan quş xəyalımız
    Nə gecə, nə gündüz bilmir rahatlıq.

    İslam Səfərli Bakı Dövlət Universitetini bitirdikdən sonra 1951-52-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində İncəsənət şöbəsinin müdiri, 1953-59-cu illərdə Azərbaycan Radio İdarəsinin müxbiri, sonra ədəbi-dram şöbəsinin müdiri işləmişdir.
    1959-cu ildən etibarən Azərbaycan Yazıçılar İttifaqında işə qəbul olunmuş və ömrünün sonuna qədər Poeziya və dramaturgiya şöbəsinin müdiri olmuşdur.
    1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə şair İslam Səfərli “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
    Görkəmli qələm ustası 51 illik qısa ömründə qiymətli sənət inciləri yaratmışdır.
    Qeyd etmək lazımdır ki, müharibə mövzusu İslam Səfərlinin sonrakı dövr yaradıcılığında xüsusi yer tutur. Dinc quruculuq illərində qələmə aldığı “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Qarlı bir gündə”, “Çex qızının məhəbbəti” kimi poemaları bu baxımdan diqqəti cəlb edir. Bu poemalarda müharibə cəbhələrində qəhrəmanlıqla vuruşan və zəfərlər qazanan oğullarımızın igidliklərindən bəhs edilir. Bu poemalar şair təxəyyülünün deyil, mübariz və qəhrəman şairin özünün keçdiyi döyüş yolunun qanlı-qadalı günlərinin, aylarının, illərinin acı xatirələridir.
    Bunların içərisində sonuncu poema xüsusilə seçilir. “Çex qızının məhəbbəti” adlı lirik poemasında şair İkinci Dünya müharibəsində görmə qabiliyyətini itirmiş dostu, məktəb yoldaşı Əhəd Əliyev və onunla birlikdə Azərbaycana gələn çex qızı Erikanın həyatından bəhs edir.
    Bu poemanın qəribə bir yaranma tarixçəsi vardır. Şair yay mövsümündə Böyük bağda dostları ilə gəzişərkən Əhəd Əliyevlə uzun illərin ayrılığından sonra görüşür, dostu cəbhə həyatını, başına gələn fəlakətləri, çex qızı Erikanın ona dayaq olmasını, ona könül verməsini ətraflı şəkildə İslam müəllimə nağıl edir. Müharibə qəhrəmanının başına gələn faciələr, çex qızı Erikanın məhəbbətinə sədaqəti nəğməkar şairi çox mütəəssir edir və beləliklə, “Çex qızının məhəbbəti” adlı səmimi hisslərdən yoğrulmuş mükəmməl bir bədii əsər meydana çıxır:

        Yaralılar içində
        Çex də var, alban da var.
        Əhədin böyründəsə,
        Yatır yaralı bolqar.
        Lakin Erika sanki
        Görməyir bir kimsəni,
        Qəlbi Əhədi deyir:
        “Səni sevirəm, səni”.
            Keçdi beş il, on beş il,
            Unudulan şey deyil –
            Nə düz ilqar, nə peyman,
            Gözəl keçdi güzəran!

    İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyası bitkin bir vətənpərvərlik nümunəsidir. Bu baxımdan Naxçıvan mövzusunun şairin yaradıcılığında özünəməxsus yer tutması təsadüfi deyildir. Azərbaycanın ən qədim və ayrılmaz parçası olan Naxçıvan şairin doğulub boya-başa çatdığı, həyatı qədər sevdiyi bir diyardır. Məhz buna görə də şair yaradıcılığı boyu bu torpağı məhəbbətlə tərənnüm etmiş, neçə-neçə gözəl şeirlər ərsəyə gətirmişdir. Şairin “Naxçıvan”, “Payız meşəsi”, “Naxçıvanım”, “Naxçıvan yadigarı”, “İki küçə, iki ad”, “Gəlin daş”, “Batabat bulağı”, “Qızlar bulağı”, “Ordubad”, “Kalba Musa çeşməsi”, “Xalxal meşəsi”, “Gəlmişəm” və sair şeirləri bu torpağa məhəbbətdən yaranmışdır. Şair “Batabat bulağı” şeirində yazır:

    Bulaqların bir səmtədir axarı,
    Salvartının xoş görünür baxarı,
    Biçənəkdən at səyirdib yuxarı,
    Yalmanına yata-yata gəlmişəm,
    Mərcan gözlü Batabata gəlmişəm.

        “Qonaqgörməz” düşmənidir təkliyin,
        Ayaqları xınalıdır kəkliyin,
        Göl üstəki güllüyün, çiçəkliyin
        Xoş ətrinə bata-bata gəlmişəm,
        Mərcan gözlü Batabata gəlmişəm.

    Və ya “Xalxal meşəsi” şeirində:

        Vayxır çeşməsinin suları bumbuz,
        Buluddan ay çıxdı, taladan ulduz,
        Bir az da aşağı düşdü yolumuz,
        Gəldi qulağıma quşların səsi,
        A Xalxal meşəsi, Xalxal meşəsi.

    Demirəm uca bir dağ belindəsən,
    “Aran meşəsi”sən el dilində sən,
    Naxçıvan çayinin sahilində sən,
    Boy at, qoy İslamın gülsün nəğməsi,
    A Xalxal meşəsi, Xalxal meşəsi.

    Bu sətirləri ancaq bu torpaqda dünyaya gələn və torpaq qeyrəti çəkən İslam Səfərli kimi bir adam yaza bilərdi.
    Nəğməkar şairimiz 200-dən artıq mahnı mətni yazmışdır: “Bakı, sabahın xeyir”, “Ana”, “Bir könül sındırmışam”, “Batabat bulağı”, “Pıçıldaşın, ləpələr”, “Dalğalar” və sair.
    Doğma yurdu qarış-qarış gəzdikcə şair bu xalqın, zəhmətsevərliyinə, mübarizliyinə heyran qalır, onu tərənnüm edir: 

        Günlər keçir birəm-birəm,
        Bir uğurlu yol gedirəm,
        Yurdumuzu vəsf edirəm
        Əldə qələm, dizdə varaq,
        Mənə qalan bu olacaq.

    İslam Səfərli az yaşadı, amma mənalı bir şair həyatı yaşadı. Xalqın sevimlisinə çevrilmiş nəğməkar şair həyatının son aylarında həmişə deyərdi: “Mən canım qədər sevdiyim bu torpağın vurğunuyam”. Naxçıvan torpağının, ədəbi mühitinin layiqli nümayəndəsi və yetirməsi olan bu görkəmli söz ustası qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat 
İnstitutunun baş direktoru

Nəşr edilib : 10.02.2023 20:44