AZ EN RU

Yüz ilin təhsil ocağı: Kükü kənd məktəbi

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının təhsil ictimaiyyəti üçün əlamətdar günlər yaşanmaqdadır. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 20 illik və Şahbuz rayon Kükü kənd tam orta məktəbinin 100 illik yubileylərinin qeyd olunması istər muxtar respublikanın, istərsə də ölkəmizin ictimai-mədəni həyatında mühüm hadisədir. 
Naxçıvan Muxtar Respublikasında özünün tarixi və təhsilin inkişafına verdiyi töhfələrə görə seçilən xeyli sayda məktəblərimiz var. Şübhəsiz, Şahbuzun ucqar dağ kəndi Kükü məktəbi kimi yaşı bir əsrə çatan təhsil ocaqlarımız haqqında söhbət düşəndə ancaq keçmiş gözəl xatirələr, ömrünü təmənnasız olaraq gənclərin yetişməsinə həsr etmiş qocaman müəllimlər və onların əməyinə dəyər verməyi bacaran yetirmələr yada düşür. Ona görə də 1924-cü ildə fəaliyyətə başlamış Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin 100 illik yubileyinin keçirilməsi haqqında verilmiş qərar təkcə bu məktəbdə fəaliyyət göstərən pedaqoqların, yaxud burada ömür qoymuş müəllimlərin, onların övladlarının deyil, ümumilikdə, bütün kükülülərin və təhsil ictimaiyyətinin böyük sevincinə səbəb olmuş, minnətdarlıqla qarşılanmışdır. 
Kükü məktəbi haqqındakı yazı, ümumiyyətlə, bu kəndin dünəni, bu günü, onun müasir sosial-mədəni həyatı, ziyalıları və hazırda burada təhsil alan gənclərin gələcək arzularını ifadə edən ən yaxşı kompozisiya olardı. Odur ki, 100 yaşlı doğma məktəbimiz haqqındakı düşüncələri bu məktəbin yaranması, keçdiyi maraqlı tarixi və müasir inkişaf səviyyəsi ilə bağlı faktlarla zənginləşdirən məlumatlar mənim üçün olduqca dəyərli olub, bunları mənimlə paylaşan bütün ziyalı həmkəndlilərimə bəri başdan dərin minnətdarlığımı da ifadə edirəm. 
Kükü kənd məktəbinin tarixi ölkəmizin və Naxçıvanın  keşməkeşli dövrünə, 1924-cü ilə gedib çıxır. Naxçıvan Muxtar Respublikasının da yaradılması ilə tarixə düşmüş həmin ildə Naxçıvan şəhərindən 52 kilometr məsafədə yerləşən Küküdə ilk məktəbin açılması o dövrün şərtlərinə görə olduqca mühüm hadisə olmuşdur. Şahbuz kimi ucqar və dağlıq bir bölgədə 1923-1924-cü tədris ilində fəaliyyətə başlamış məktəbimizin yaradılması ilə bağlı 103 yaşlı “Şərq qapısı” qəzetinin səhifələrində qiymətli yazılar, eləcə də kənd camaatının şəxsi arxivlərində sənədlər və yaşlı kənd sakinlərinin yaddaşlarında xatirələr vardır. Qəzetimizin 1 may 1954-cü il sayında o zaman məktəbin ilk 6 nəfər məzunundan biri olmuş Xudayar Quliyevin imzası ilə dərc olunmuş “Kükülülərin minnətdarlığı” başlıqlı yazıda həmin il məktəbdə 219 nəfər şagirdin təhsil alması qeyd olunur. Şübhəsiz, ölkənin müharibədən təzə çıxdığı bir dövrdə və həm də bu müharibədə 78 sakinini itirən ucqar bir kənd üçün bu çox diqqətəlayiq nəticə idi. 
Məktəbimizdə 40 ildən artıq tarix müəllimi işləmiş atam Xeybər Cabbarovun, eləcə də digər dəyərli kənd ziyalılarımızın xatirələrində o zaman Kükü məktəbinin keçmişi haqqında qiymətli məlumatlar vardır. Belə ki, ilk direktor Xudayar Quliyevin xatirələrinə görə hələ 1924-cü ildə ozamankı Kükü kənd məktəbi kəndin tanınmış adamlarından olmuş Əlimərdan bəyin evinin bir hissəsində təşkil olunmuşdur. O zaman təhsilə də ciddi önəm verən Əlimərdan bəy könüllü olaraq kənddəki malikanəsindəki otaqlarından bir neçəsini məktəb üçün ayıraraq burada “Bir dərəcəli, 5 sinifli oğlan məktəbi” açmaq üçün qəza rəhbərliyi ilə razılaşır və bütün təşkilati məsələləri də öz üzərinə götürür. 
Bundan sonra Kükü məktəbi qısa müddətdə inkişaf edir. İlk dövrlərdə məktəbdə dərs demək üçün Cəhridən Mirzə Sadiq və Mirzə Həbib, Şahbuzkənddən Əli müəllim, Nehrəmdən Mirzə Cəfər, Naxçıvan şəhərindən Tələt müəllim kimi o dövrün pedaqoqları dəvət olunsalar da, artıq sonrakı illərdə əsas yük yerli kadrların üzərinə düşmüşdür. Belə ki, 1928-1929-cu dərs ilindəki ilk 6 nəfər məzundan olmuş və məktəbi əla qiymətlərlə qurtaran Xudayar, Sərvər və İbrahim təhsillərin davam etdirmək üçün Naxçıvan şəhərindəki Pedaqoji Texnikuma daxil olurlar. Və burada da onlar Əlimərdan bəyin daim dəstəyini görürlər. Əlimizdə olan həmin məqaləyə əsasən deyə bilərik ki, İkinci Dünya müharibəsi illərində çətin dövrlər keçirmiş Kükü məktəbi fəaliyyətini bir gün də dayandırmadan yoluna davam etmiş və 1951-52-ci tədris ilindən orta məktəb adı almışdır. 1954-cü ildə artıq 12 nəfər yerli kadrın çalışdığı məktəbdən 213 nəfər məzun olmuş, onlardan 40 nəfəri müəllim, 2 nəfəri həkim olmuş, 1 nəfəri isə Moskva Sənaye İnstitutunda Mühəndis ixtisasına yiyələnmişdir. 
Bir məktəb üçün ən ali göstərici burada çalışan müəllim kollektivinin mənəvi bütövlüyü və yetirmələrinin yüksək yerlərdən gələn səs-sədasıdır. Kükü məktəbi də hər iki keyfiyyət göstəricisinə görə bu gün yubilyar adını şərəflə daşıyır. Məktəbin “Yüz ilin məktəbi” guşəsində sərgilənən və kənd əhalisinin şəxsi arxivindəki mövcud fotolar, məzunların xatirələri hələ 50-60 il əvvəl burada fəaliyyət göstərmiş el ağsaqqaları pedaqoqların nə qədər əlbir fəaliyyət göstərdiyini sübut edir. Müxtəlif illərdə məktəbə rəhbərlik etmiş Azərbaycan Respublikasının Əməkdar müəllimi Xudayar Quliyev (1952-1962), Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Allahqulu Quliyev (1962-1981), Əfsər İbrahimov (1981-1988), “Tərəqqi” medallı Mirnəqim Seyidov (1988-2011), Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Araz Məmmədov (2011-2016) bu məktəbin uğurları üçün çalışmış, hazırda gənc direktor, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mayis Məmmədov da burada çalışan pedaqoqların dəstəyi ilə bu ənənəni layqincə davam etdirir. Artıq dünyalarını dəyişsələr də, bir zamanlar bu məktəbdə on illər boyu, sözün əsl mənasında, can qoyaraq və yetirmələrinin əməkdarına çevrilmiş Xeybər Cabbarov, Xudayar Quliyev, Allahqulu Quliyev, Səfəralı İsmayılov, Adil Seyidov, Əfsər İbrahimov, Abbas Cabbarov, Quşdan Qəhrəmanov, Yelmar Bağırov, Müzəffər Hüseynov, Əkrəm Hüseynov, Əvəz Hüseynov, Çölü Məmmədov, Sərhəd Səfərov, İman Salahov, Tofiq Seyidov, Sabir Quliyev, Valeh Salahov, Əbdüləli Nəbiyev, Mirabdulla Seyidov, Fətulla Kürdov, Məmmədhüseyn Hüseynov, Qadir Məmmədov, Əzim Əliyev, Qadir Quliyev, Mircəfər Seyidov, Yaqubəli Hüseynov, Əli Məmmədov, Səməd Hüseynov, Əli Səfərov, İsmayıl Salahov, Süleyman İbrahimov, Əfsər Ələsov, Həsən Eylazov, İsa Rəcəbov, Etibar Səfərov, Mirhüseyn Seyidov, Rasim Quliyev bu gün yetirmələri tərəfindən minnətdarlıqla xatırlanırlar. 
Kükü məktəbinin yüzillik tarixinə baxdıqda yetirmələr arasında mühüm dövlət xadimləri, elm və təhsil işçiləri, həkimlər, mühəndislər, aqronom-zootexniklər və sadə əmək adamları olduğunu görürük. Birinci və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış kükülülərdən Novruzəli Quliyevin, Müşfiq Həsənovun və Kamran Hüseynovun şərəfli həyat yolları bu gün məktəbdə təhsil alan gənclər üçün ən böyük örnəkdir. Hələ İkinci Dünya müharibəsi illərində Bakıda Dilçilik İnstitutunda böyük elmi işçi kimi çalışmış Nəcəf Muradov, 1950-ci illərdə Naxçıvanın kənd təsərrüfatı naziri olmuş  Hidayət Axundov, həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifə tutmuş Nurməmməd Axundov, 1997-2015-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru olmuş AMEA-nın müxbir üzvü Əyyub Quliyev, 1989-1996-cı illərdə Naxçıvan Dövlət Universitetinin rektoru olmuş professor Qasım Hüseynov, Tibb Universiteinin dekanı olmuş Əkbər Quliyev, ADPU-nun professoru olmuş Quşdan Bağırov, AMEA-nın əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ceyhun Bağırov, tibb üzrə fəlsəfə doktoru Şəmsi Axundov, Əlcəzair və Misir universitetlərində mühazirələr oxumuş BDU-nun dosenti Rəhim Muradov, şəhid atası, Moskva Kənd Təsərrüfatı Akademiyasının məzunu Bəhman Hüseynov, bütün Şahbuzda hörmət sahibi olmuş məşhur həkim Mötəbər Hüseynov, hazırda Bakı şəhərində yaşayan tanınmış həkim İsfəndiyar Ələkbərov, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri olmuş Famil Seyidov, Azərbaycan Neft-Kimya İnstitutunun professoru Vaqif Seyidov, kimya üzrə fəlsəfə doktoru Qəşəm Səfərov Kükü məktəbinin yetirmələrindəndir. Hazırda isə təkcə Naxçıvandakı ali məktəblərdə 10-dan artıq Kükü məktəbinin məzunu olmuş müxtəlif elmi dərəcəli kadrlar fəaliyyət göstərir. Ümumilikdə isə Kükü məktəbini bitirənlər arasında bir akademik, yeddi nəfər elmlər doktoru, 32 nəfər fəlsəfə doktoru, yeddi nəfər “Əməkdar müəllim”, bir nəfər “Əməkdar jurnalist”, altı nəfər “Tərəqqi” medalı və digər fəxri adlara layiq görülmüş şəxslər vardır. Bütün bunlar yaxın keçmişdə, 1970-80-ci illərdə bir ildə 600 nəfərə yaxın şagirdin təhsil aldığı və hər il ortalama 40-50 nəfərin məzun olduğu Kükü kənd məktəbinin ölkəmizə qazandırdığı ziyalıların, sadəcə, bir hissəsidir. 
Müasir dövr Kükü məktəbi üçün uğurlarla doludur. Ötən əsrin 90-cı illərinin əvvəlindəki çətin dövrlərin sınaqlarından uğurla çıxmış Kükü məktəbi böyüklərdən miras qalan elmə, təhsilə bağlılığını indi də səylə davam etdirir. Hazırda 41 şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 19 müəllimin çalışdığı Kükü məktəbi bütün Şahbuz rayonu üzrə təhsil göstərcilərindəki keyfiyyət faizinə ən çox töhfə verən tədris ocağıdır. 2009-cu ildə 695 balla I qrup üzrə ölkə birincisi olaraq Prezident təqaüdü almış Aygül Salahlı, 2023-cü ildə 668 balla “Qızıl” medala və Prezident təqaüdünə layiq görülmüş Əli Məmmədli, “Qızıl” medallılar Səfa Rzayeva və Haldun İsgəndərov  məhz Kükü məktəbinin yetirmələridirlər. Ümumilikdə, 2016-cı ildən məktəbin məzunları arasında qəbul faizi hər il 90 faizdən yuxarı olmuş, şagirdlər müxtəlif bilik yarışlarında uğurlu nəticələr göstərmişlər. Bu il məktəbi bitirəcək       9 məzundan isə gözləntilər daha böyükdür. 
Hazırda 198 yerlik Kükü kənd məktəbi yeni tədris avadanlıqları, sinif və laboratoriya otaqları ilə təchiz olunub, müasir tədris şəraiti yaradılıb. Bu gün Kükü kənd məktəbi tam suveren ölkəmizin layiqli vətəndaşlarını yetişdirmək üçün üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlir, gələcəyin xoşbəxt gənclərini yetişdirir. Və beləcə, bütün kükülülər kimi təhsil illərində saç ağartmış Mirnəqim Seyidov, Məmməd İsmayılov, Qönçə Məmmədova, Heydər İsgəndərov, Afət Hüseynov, Əhliman Məmmədov, Yunis Quliyev və digər təqaüdçü qocaman müəllimlər də bu məktəb yollarında uğur qazanmış yetirmələrinə baxıb sevinərək bu yüz ildən növbəti yüz ilə yaşaya bilməyin də xoşbəxtliyini bir-biri ilə bölüşürlər. 
Yüz ilin mübarək, doğma Kükü məktəbimiz! 

Əli CABBAROV

Nəşr edilib : 08.06.2024 09:44