AZ EN RU

Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova: “Naxçıvanlı iştirakçılar təlimlərdə böyük maraqla iştirak edirdilər”

Məlum olduğu kimi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə muxtar respublikada təlimlərə başlayıb. Artıq təlimlərdə iştirak edən polis, prokurorluq və ədliyyə (məhkəmə, icra və probasiya) işçilərinə, Ombudsman aparatının əməkdaşlarına və vəkillərə sertifikatlar verilib. Təlimlərdə iştirak edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova “Şərq qapısı” qəzetinə müsahibəsində dedi:

“Təlimlərin təşkilində əsas məqsəd uşaq məsələləri sahəsində çalışan əməkdaşların uşaq müdafiə sistemi, uşaqyönümlü yanaşma və yuvenal ədliyyə proqramı barədə məlumatlılığının artırılmasıdır. Təlimlərimiz də maraqla keçir və burada Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvləri yaxından iştirak edirlər. Bu təlimlərdə indiyədək rayon icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyalarının nümayəndələri, məktəb psixoloqları, hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər iştirak ediblər. Düşünürəm ki, bu təlimlər uşaq problemləri ilə məşğul olan əməkdaşların yeni məlumatlar əldə etməsi, qarşılıqlı təcrübi biliklərin bölüşdürülməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bunu da əlavə edim ki, naxçıvanlı iştirakçılar təlimlərdə böyük maraqla iştirak etdilər. Eyni zamanda təlimi bitirmiş iştirakçılara UNICEF-in sertifikatları təqdim olunur”.

Yuvenal Ədliyyə Mərkəzinin psixoloqu, təlimçi Gülşən Axundova keçirilən tədbirlərlə bağlı fikirlərini belə ifadə etdi: “Bildiyiniz kimi, bu gün Azərbaycanda uşaqlara böyük qayğı göstərilir, yetkinlik yaşına çatmayanlarla iş sahəsi, eyni zamanda riskli davranışa meyilli uşaqlarla iş sahəsi daim inkişaf etdirilir. Bizim tərəfimizdən də keçirilən təlimlərdə uşaq psixologiyasına həssas yanaşma, uşaqlarla həssas yanaşmaya əsaslanan ünsiyyət və onlarla ətraf mühitin daha peşəkar şəkildə qurulması əsas mövzulardandır. Məqsədimiz bu sahədə çalışan insanların bilik və bacarıqlarının artırılmasında yaxından iştirak etməkdir. Təbii ki, söhbət bu əməkdaşların hüquqi sahədə bilik və bacarıqlarından deyil, məhz psixoloji yanaşmaya əsaslanan işdən gedir. Biz uzun illərdir ki, Azərbaycanda bu fəaliyyətlə məşğuluq və sevindiricidir ki, artıq Naxçıvan Muxtar Respublikasında da bizim uşaq müdafiəsi sistemində fəaliyyət göstərən əməkdaşlarla görüşümüz oldu. Naxçıvanda onu da hiss etdim ki, buradakı iştirakçılar təlimlərə daha böyük maraqla qatılmışdılar. Xüsusilə hüquq-mühafizə orqanlarında çalışan əməkdaşlar baxmayaraq ki, onların öz işlərində böyük təcrübələri var, amma yenə də həvəslə bizim təlimlərdə iştirak etdilər. Düşünürük ki, gələcəkdə də Naxçıvanda butipli təlimlər olacaq,  çünki artıq bir neçə gündür, buradayıq və gələn təkliflərdən də görünür ki, daha böyük kateqoriyaya müraciət edə bilməmişik. Buna görə də növbəti dəfələrlə digər iştirakçılarla da görüşlərimizin olacağını düşünürəm”.

Qeyd edək ki, müvafiq tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na uyğun olaraq keçirilir. Uşaq hüquqlarının müvafiq aspektlərində təlimlərin keçirilməsində məqsəd qazanılan təcrübənin bölüşdürülməsi ilə aidiyyəti qurumların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.03.2024 17:41