AZ EN RU

Yusif Yusifov: “Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək”

Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən müşavirənin gündəliyindəki məsələ təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsi olub. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov müzakirə olunan məsələ ilə bağlı fikirlərini “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb:

-Bu gün biz təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair müşavirə keçirdik. Müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması ilə bağlı ətraflı məlumatlar verildi. Düşünürük ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Həmçinin kənd təsərrüfatı, eləcə də şəhər yerləri üzrə həm əhali statistikası, həm də digər sahələrlə bağlı daha müfəssəl məlumatların  əldə edilməsinə şərait yaradacaq. Müşavirədə zəruri tövsiyə və tapşırıqlar verildi. Qısa müddət ərzində tərəfimizdən də metodoloji dəstək göstəriləcək və bu məlumatların elektron informasiya sisteminə daxil edilməsi, onların emalı ilə bağlı məsələlər öz həllini tapacaq. Əsas məsələ təsərrüfatbaşına uçot sənədlərinin bütün bölmələrinin faktiki gəzişlər əsasında həyata keçirilməsi və onların tərtib edilməsidir.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.01.2023 12:04